130 milyonluq şok:

2 minutes
130 milyonluq şok — illüstrasiya

Gəncə stadionunun büdcəsi niyə Avropa standartlarından ikiqat bahadır?

Gəncə şəhər stadionunun yenidən qurulması layihəsi bölgənin idman infrastrukturunu yeniləmək adına başladılan ən iddialı təşəbbüslərdən biridi. Ölkənini ikinci böyük şəhərinin və konkret olaraq, yerli “Kəpəz”in nəhayət bu cür müasir arenaya qovuşması bizləri sevindirməyə bilməz.

Amma 9 aprel 2024-cü ildə təməli qoyulan bu layihənin maliyyə arxitekturası və icra prosesi, ictimaiyyətdə idmanla bağlı arzulara kölgə salan ciddi suallar doğurur. Məsələ sadəcə bir stadionun tikilməsi deyil, bu stadionun hansı şəffaflıqla və hansı iqtisadi əsaslarla 130 milyon manata başa gəlməsidir.

✔️

 15 milyondan 130 milyona: büdcənin izaholunmaz artımı

Layihənin başlanğıc mərhələsi 15 milyon manatlıq tenderlə start götürmüşdü. Ancaq qısa müddət ərzində “əlavə işlər” və fasiləsiz maliyyə axınları ilə büdcə 129 233 351,90 manat həddinə çatdı. Maraqlıdır ki, stadionun ətrafında AFFA tərəfindən daha əvvəl inşa olunmuş hazır infrastruktur və klubun bazası mövcud olduğu halda, tikinti xərclərinin bu qədər kəskin artması iqtisadi baxımdan izah tələb edən bir müəmmanı xatırladır. Üstəlik, 25 minlik arenanın tamaşaçı tutumu da 15 464 yerliyə qədər azaldılıb.

Bu nəhəng layihəni icra edən “İnşaatçı 3” MMC-nin profili idarəetmədəki qeyri-şəffaflığın bariz nümunəsidir.
* 2006-cı ildə qeydiyyatdan keçməsinə baxmayaraq, şirkətin nə rəsmi internet səhifəsi, nə də fəaliyyətini təsdiqləyən hər hansı bir izi mövcuddur.
* Şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır, qanuni təmsilçisi isə Qeys Siraclı Məmməd oğludur.
* Media araşdırmalarında şirkətin mərhum keçmiş nazir Azad Rəhimovun ailəsi ilə bağlı şəxslərlə əlaqəli olması faktı, layihənin arxasında dayanan maraqlara dair şübhələri gündəmə gətirir.

✔️

 Avropa reallığı: 130 milyonla nələr etmək olardı?

Gəncə stadionu üçün ayrılan 130 milyon manatı (təxminən 76 milyon dollar) beynəlxalq standartlarla müqayisə etdikdə, ortaya çıxan mənzərə büdcənin səmərəsizliyini açıq şəkildə ortaya qoyur. İki parlaq nümunə ilə fikrimizi əsaslandıra bilərik:

1. Nagyerdei Arena (Macarıstan): 20 340 nəfərlik tutumu ilə UEFA-nın 4-cü kateqoriya standartlarına cavab verən bu stadion təxminən 83 milyon manata ərsəyə gəlib. Gəncə layihəsindən daha geniş tutuma və yüksək texniki təchizata malik olmasına baxmayaraq, xərclər bizimkilərin büdcəsindən xeyli aşağıdır.

2. Borisov Arena (Belarus): 13 126 nəfərlik tutumu ilə müasir memarlıq və funksionallıq nümunəsi olan bu arena, cəmi 74 milyon manata başa gəlib. “Kəpəz”in stadionu ilə miqyası eyni olan bu layihə, bizim stadion büdcəsinin demək olar ki, yarısıdır.

✔️

 Şəffaflıq imtahanı

Yuxarıdakı müqayisələr göstərir ki, 130 milyon manatlıq büdcə ilə Avropada çox daha böyük və möhtəşəm arenalar inşa etmək mümkündür. Gəncə stadionuna ayrılan vəsaitlərin hansı kriteriyalarla və necə xərcləndiyini izah edən rəsmi bir audit hesabatı tapa bilmədik. Yəqin ki, nəzərdən keçiriləcək.

Gənclər və İdman Nazirliyi üçün bu layihə sadəcə beton və dəmirdən ibarət tikili deyil, həm də dövlət vəsaitlərinin idarə olunmasında bir şəffaflıq imtahanıdır. Bu imtahandan çıxış yolu isə büdcənin hər qəpiyinin detallı və müstəqil şəkildə ictimaiyyətə izah edilməsindən keçir.

Dövlətimiz idmana və bununla bağlı aparılan işlərə xüsusi qayğı göstərir. Amma adıçəkilən nazirlik etimadı nə dərəcədə doğruldur? Bu qurumun yürütdüyü xətt və göstərdiyi nəticələr də birmənalı deyil.

130 milyonluq şok — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!