Çox təəssüf ki, hazırda Azərbaycan futbol hakimliyi tarixinin bəlkə də ən pis idarəetmə dövrünü yaşayırıq.
Əvvəla, onu qeyd edim ki, ötən il AFFA-da iqtidarda olan “Sabah”ın oyununda buraxılan bir səhvə görə Rauf Allahverdiyev ömürlük hakimlikdən uzaqlaşdırıldı. Təbii ki, bu hadisə hakimlər üzərində ciddi təzyiq yaratdı.
Ardınca Rəhim Həsənov Hakimlər Komitəsinin sədri vəzifəsinə gətirildi və ona görəv verildi. Rəvanın, Kamranbəyin və Əlinin sayəsində mövsümlük görəvin öhdəsindən uğurla gəldi…
Mənim müşahidəmə görə, 15 elit hakimdən yalnız yuxarıda adlarını çəkdiyim şəxslər Komitənin fəaliyyətindən razı qala bilər…
Son turda vəziyyət o həddə çatdı ki, Əliyar Ağayev də daxil olmaqla, üç FIFA dərəcəli referimiz 4-cü hakim (ehtiyat hakim) kimi təyinat aldı.
Son beş mövsümdə Əliyar Ağayevin 4-cü hakim kimi təyinat aldığını xatırlamıram.
Bu arada, Əliyar Ağayev cari mövsümdə 7 dəfə beynəlxalq oyunlarda baş hakim kimi fəaliyyət göstərib. Azərbaycan çempionatında isə cəmi 5 oyunu idarə edib. Yəni beynəlxalq arenada aldığı baş hakim təyinatlarının sayı yerli çempionatdakı göstəricisini üstələyir.
Deməli, problem hakimlərin özündə deyil, idarəetmə və menecmentdədir.
Məncə, problemin əsas səbəblərindən bəziləri bunlardır:
1. Hakimlər Komitəsinin iclasları kifayət qədər tez-tez keçirilmir.
2. Oxşar epizodlara klublardan asılı olaraq fərqli standartlar tətbiq olunur.
3. Hakim səhvlərinə görə verilən cəzalar ədalətli və obyektiv olmur.
4. Briqada üzvlərinin tez-tez dəyişdirilməsi hakimlər arasında sabitliyə mənfi təsir göstərir.
Bütün bu amillər və digər idarəetmə problemləri Azərbaycan futbol hakimliyində mövcud vəziyyətin yaranmasına gətirib çıxarır.
Elsevər MURADZADƏ




Fikirlərini bizimlə bölüş!