Fars şovinizmi üzündən “Traktor”un oyunu ləğv edildi
İran çempionatının 9-cu turu çərçivəsində oktyabrın 18-də Bəndər-Ənzəlidə yerli “Mələvan” və Təbrizin “Traktor” komandaları arasında keçirilməli olan görüş böyük qalmaqal səbəbindən baş tutmayıb. Meydan sahibləri azarkeşlərinin Təbriz futbolçularına və Azərbaycan türklərinin milli kimliyinə qarşı səsləndirdikləri təhqiramiz, irqçi və etnik məzmunlu şüarlar üzündən matç ləğv edilib.
Qarşılaşmanın bazar günü saat 17:00-da Bəndər-Ənzəlinin Sirus Qayeqran (Təxti) stadionunda başlaması nəzərdə tutulurdu. Lakin oyundan əvvəl yaranan gərginlik və qarşısıalınmaz insidentlər matçın keçirilməsinə imkan verməyib.
AZFUTBOL-un məlumatına görə, hər iki komandanın futbolçuları isinmə hərəkətləri üçün meydana çıxdıqları vaxt “Mələvan”ın fanatları qonaqların ünvanına sərt təhqirlər, nalayiq ifadələr və irqçi şüarlar yağdırıblar. Bu təxribatlarda əsasən təbrizli futbolçular Şüca Xəlilzadə və Əlirza Beyranvənd hədəfə alınıb, tədricən isə kütlə bütövlükdə Azərbaycan türklərinin milli kimliyini aşağılayan şüarlara keçib.
“Mələvan”ın baş məşqçisi Maziar Zareh bir neçə dəfə meydanın kənarına gələrək azarkeşləri təhqiramiz qışqırıqları dayandırmağa çağırsa da, onun cəhdləri nəticə verməyib.
Daha sonra “Traktor”un baş məşqçisi Cavad Nekunam, matçın baş hakimi Bijan Heydəri və təşkilatçılar vəziyyəti tənzimləmək üçün uzun müzakirələr aparıblar. Buna baxmayaraq, təxminən 30 dəqiqəlik gecikmədən sonra da təhqirlərin səngiməməsi səbəbindən oyunun start götürməsi qeyri-mümkün olub.
Nəticədə “Traktor”un futbolçuları klub rəhbərliyinin göstərişi ilə meydanı tərk edərək paltardəyişmə otağına yollanıblar.
Qərarı birbaşa klubub sahibi Məhəmmədrza Zünuzi verib. Ardınca “Mələvan” oyunçuları da meydandan çıxıblar və qarşılaşmanın ləğv olunduğu rəsmən elan edilib.
Azarkeşlər stadiondan çıxarıldıqdan sonra “Traktor”un komanda avtobusu güclü polis müşayiəti ilə Bəndər-Ənzəlini tərk edib.
Qeyd edək ki, Güney Azərbaycan türklərinin simvol komandasının cənubda bu cür irqçi hücumlarla üzləşməsi adi hal alıb. Təbriz təmsilçisi son mövsüm çempion titulunu qazanandan bəri fars şovinistlərinin təzyiqləri və qıcıqlı münasibəti daha da kəskinləşib. Yəqin ki, ölkəmizdə baş verən son hadisələr fonunda İranda komandamıza qarşı münasibət daha dözülməz həddə çatıb.
Hər şeyə rəğmən “Traktor” ölkə çempionu adını özündə saxlamaqda qərarlıdı. Komandamız 8 oyuna 17 xal toplayıb, “Persepolis” və “Sepahan”la liderliyi bölüşür.




Fikirlərini bizimlə bölüş!