,

“Neftçi” – “Spartak”la başlayan 75 illik tarix

2 minutes

Növbəti yubileyini qeyd etdiyimiz Tofiq Bəhramov adına Respublika stadionunun təməli 1939-cu ildə qoyulmuşdur. Lakin Böyük Vətən müharibəsi stadionun tikilişinə mane olmuşdur. Tikinti bir neçə il təxirə salınmışdı.

Stadionun layihəsinin müəllifləri L.Qonsiorovski, P.İsayev və A.Sergeyev idi. Əgər stadiona hündürdən baxdıqda (işıq tablosu və geyinib-soyunma otaqları tikilməmişdən əvvəl) nəhəng qurğu kiril əlifbasında ki “S” hərfini xatırladırdı. Bu da Stalin demək idi. Yəni stadion 1951-ci il sentyabr ayının 6-da açılmalı idi.

Həmin gün “Neftyanik” Moskvanın “Lokomotiv” komandası ilə qarşılaşırdı. Lakin o zamankı idman rəhbərliyi Bakı futbolçularını bayram günündə, həm də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun iştirak etdiyi bir vaxtda Bakı futbolçularının “Lokomotiv”ə uduzmasından ehtiyat edərək açılış mərasimini on gün də ləngitmişlər.

“Neftyanik” – “Lokomotiv” görüşünün tamaşaçısı kimi deyə bilərəm ki, Bakı futbolçuları bu oyunu yüksək səviyyədə keçirərək 2:1 hesabı ilə qalib gəlmişlər.

Nəhayət, hamının səbirsizliklə gözlədikləri vaxt gəlib çatdı. 1951-ci il sentyabr ayının 16-da Stalin adına Respublika stadionunun təntənəli açılışı oldu. Azərbaycanın məşhur idmançıları – İbrahimpaşa Dadaşov, Musa Babayev, Vladlen Busalayev, Xandadaş Mədətov, Züleyxa Hacıyeva və başqaları Azərbaycan bayrağını stadiona gətirmiş və Dövlət Himninin sədaları altında bayrağı yüksəltmişlər. Sonra müxtəlif idman cəmiyyətlərini yetirmələrinin nümunəvi çıxışları olmuşdur. Bədii hissə başa çatdıqdan sonra havada təyyarə görünmüşdür. Təyyarə stadion üzərində bir dövrə vurduqdan sonra yaşıl örtüklü meydana qırmızı lentlə bağlanmış top atılmışdır. Meydana top atıldıqdan sonra stadionda futbolçular görünmüşlər. Həmin gün SSRİ çempionatında “Neftyanik”in rəqibi Vilnüsün “Spartak” komandası idi.

“Neftyanik” həmin gün aşağıdakı heyətlə meydana çıxmışdı: Vladimir Karmayev, Valentin Xlistov, Viktor Şevçenko, Aleksandr Kadakov, Qriqori Jamkocyan, İsay Abramasvili, Viktor Maqaltadze, Anatoli Terentyev, Viktor Anoksin, Ələkbər Məmmədov, Manoli Pavlidi.

Vilnüs futbolçuları əvvəlki turda Yerevanda olmuş və 1:0 hesabı ilə qələbə qazanmışlar. Onlar lider kimi Bakıya gəlmişdilər. Lakin Bakı futbolçuları stadionun açılışına layiq oyun nümayiş etdirmişdilər. 36-cı dəqiqədə Ələkbər Məmmədov spartakçıların iki müdafiəçisini aldadaraq qapıçı ilə təkbətək çıxmışdı. Belə vəziyyətdə usta futbolçu usta olduğunu sübut etmişdir. Daha sonra Viktor Maqaltadze, Ələkbər Məmmədov və Viktor Anoksin hərəyə bir top vuraraq böyük hesablı qələbə qazanmışdılar.

Stadion 1953-cü ilə qədər Stalinin adını daşımışdır. Stalin öləndən sonra stadiona Leninin adı verilmişdir. 1993-cü ildən isə stadion Azərbaycanın məşhur futbol hakimi Tofiq Bəhramovun adını daşıyır.

Abbas ƏZİMOV (Mərhum əməkdar jurnalistin 2011-cı ildə qələmə aldığı stadionun 60 illiyi ilə bağlı yazı)


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!