AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları – Səbəblərin araşdırılması” layihəsini davam etdiririk.
Hazırda Azərbaycanda fəaliyyətini davam etdirən klubların əksəriyyətinin yaranma tarixi müstəqillik dövrünə təsadüf edir. Ancaq sovet dövründə, xüsusilə, 70-80-ci illərdə ölkəmizdə kifayət qədər futbol komandası yaradılmışdı. Futbol komandası yaratmaq həmin dövrlərdə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat, zavodlar arasında sanki yarış şəklini almışdı. Demək olar, hər regionda bir neçə futbol komandası fəaliyyət göstərirdi. Bu komandalar hansısa cəmiyyətin, zavodun, evtikmə kombinatının nəzdində yaradılır, müəyyən müddət həvəskar oyunçularla fəaliyyət göstərdikdən sonra peşəkar futbolçularla yoluna davam edirdi.
Bu komandalardan bir çoxu müstəqil Azərbaycanın ilk ölkə çempionatında da göründü. O vaxt güclülər dəstəsində bu gün bizə əlçatmaz kimi görünən 26 komandanın (bunların da cəmi 4-ü Bakını təmsil edirdi) çıxış etməsi də məhz zavodların, birliklərin nəzdində yaradılmış həmin futbol komandalarının sayəsində mümkün olmuşdu.
Əvvəl “Kimyaçı”…
Sovet dövründən müstəqillik illərinə addım atmağı bacarmış, bir neçə il müstəqil Azərbaycanın ölkə çempionatlarında oynamış komandalardan biri də Salyan “Plastik”i olub.
Salyanda futbol Azərbaycanın digər rayonlarında olduğu kimi, ötən əsrin 50-60-cı illərindən mövcud olub. Bu rayonu təmsil edən müxtəlif müəssisə və təşkilatlar tərəfindən yaradılmış komandalar zona və Azərbaycan çempionatlarında çıxış edib. Hətta 1971-ci ildə rayonu təmsil edən “Kimyaçı” komandası Azərbaycan çempionu olmuşdu.
“Plastik”lə tanışlıq
Salyanlıların bu gün bəhs edəcəyimiz “Plastik”lə tanışlığı isə 1978-ci ilə təsadüf edib. Komandanın yaradılmasında rayonda fəaliyyət göstərən Plastik Kütlə Emalı zavodu rol oynayıb. Həm futbolçu, həm də məşqçi kimi komandada çalışmış Kamal Şıxəliyevin sözlərinə görə, komandanın yaradılmasında zavodun direktoru Viktor Quliyevin böyük rolu olub:
“Salyanda əvvəllər də komanda olub. O vaxt Neftçala və Salyan bir idi. 1971-ci ildə Salyanın “Kimyaçı” komandası Azərbaycan çempionu olmuşdu. Amma o vaxt heyətdəki oyunçuların demək olar, 80 faizi neftçalalı uşaqlar idi.
“Plastik”də 17 il çıxış etdim. Komanda yaranandan demək olar, dağılana kimi burda idim. Komandanın əsası 1978-ci ildə qoyuldu. Bizdə Plastik Kütlə Emalı zavodu var idi. 1400 işçimiz var idi. Zavodun direktoru Viktor Quliyev idi. Məhz onun təşəbbüsüylə Salyanda komanda yaradıldı. Komanda zavodun təyinatına uyğun olaraq “Plastik” adlandı. “Plastik” ilk olaraq zona birinciliyində yarışdı. Burda Bərdə “Pambıqçı”sından sonra ikinci olduq. Daha sonra Azərbaycan çempionatının birinci divizionunda çıxış etməyə başladıq. Burda da ikinci olduq. İlk pilləni Bakı “Toxucu”su tutmuşdu.
Daha sonra isə Azərbaycan çempionatının əsas liqasında mübarizə apardıq. Burda da zəiflərdən deyildik. Ən yaxşı nəticəmiz 7-ci yer olmuşdu. Mən o vaxt komandada oynayan məşqçi idim. 1983-cü ildən 1988-ci ilə kimi komandada məhz oynayan məşqçi kimi çıxış etdim”.
Həm zavod işçisi, həm futbolçu
Bölgənin ən böyük zavodlarından olan Plastik Kütlə Emalı zavodunun maliyyələşdirdiyi komanda maddi cəhətdən sıxıntı çəkmirdi. Oyunçulara maaşların verilməsi isə ölkədə fəaliyyət göstərən digər kombinat və zavodların nəzdində yaradılmış komandalarla eyni idi. Futbolçular zavodda işçi kimi qeyd edilir, zavodda çalışanlar kimi əməkhaqqı alırdı. Şıxəliyev deyir ki, həmin vaxt Platsik Kütlə Emalı zavodunda mindən artıq insan çalışırdı:
“Sovet dövründə komandada heç bir maliyyə problemi yox idi. Plastik Kütlə Emalı zavodu komandaya hərtərəfli yardım edirdi. Oyunçulara bütün maaşlar bu zavod tərəfindən ödənilirdi. Səfərlərə getməklə bağlı da problemimiz yox idi. Zavodda salafan torbalar hazırlayırdılar. Bundan əlavə, ildə 100-150 min kaska da hazırlanırdı. Bu kaskalar əsasən Sibirə – meşə qıranlara göndərilirdi. Zavodun Moskva ilə birbaşa əlaqələri var idi”.
İməcilik oldu, stadion tikildi
“Plastik” ev oyunlarını 3-4 min tamaşaçı tutumuna malik şəhər stadionunda keçirirdi. Salyanda ilk stadion 1967-ci ildə tikilmişdi. Şıxəliyevin sözlərinə görə, ilk stadion şəhər rəhbərliyinin göstərişiylə, iməcilik elan olunaraq tikilib. Lakin bu stadionun meydançası ot yox, torpaq idi. Salyan şəhər stadionunun ot örtüyü ilə tanışlığı isə məhz “Plastik” sayəsində olub:
“Rayonda mərkəzi stadion 1967-ci ildə tikilib. O vaxt rayonun birinci katibi stadionun tikilməsiylə bağlı iməcilik elan elədi. Əhali özü bu stadionu tikdi. Ancaq əvvəllər ot örtüyü yox idi. “Plastik” Azərbaycan çempionatında çıxış etməyə başlayandan – 1981-ci ildən stadionda ot örtüyü salındı. Ot örtüyü Lənkərandan gətirilmişdi. Stadionun qazonunu özümüz saldıq. 1982-ci ildən isə artıq tam yaşıl meydançada oynayırdıq”.
İlk mövsüm sonuncu oldu
Sovet dövründə ölkə çempionatının 3-cü dəstəsi sayılan Azərbaycan çempionatında çıxış edən “Plastik” 2-ci diviziona vəsiqə qazana bilmir. Amma 1990-cı ildə SSRİ-yə daxil olan ölkə çempionatları 2-ci divizionun zona birinciliyi sayılmağa başlandı. Bunadək SSRİ 2-ci divizionunun 9-cu zonasında, Gürcüstan və Ermənistan SSR komandalarıyla birgə çıxış edən Azərbaycan klubları artıq 1-ci dəstəyə vəsiqə uğrunda 3-cü zonada, bir-biriylə mübarizə aparmalı oldular. Belədə, “Plastik” də SSRİ 2-ci divizionunun sakininə çevrildi.
1990-cı ildə 24 komanda arasında 18-ci olan “Plastik”, 1991-ci ildə, sonuncu Azərbaycan SSR çempionatını sondan ikinci, 19-cu pillədə başa vurur.
Birinci divizionun daimi sakini
Ümumiyyətlə, ölkədə siyasi vəziyyətin pisləşməyə başlaması komandanın çıxışında özünü mənfi mənada göstərir. Azərbaycan SSR çempionatının son illərində autsayderə çevrilən “Plastik” müstəqilliyin ilk illərində də öz ampluasında olur. Komanda ilk müstəqil ölkə çempionatının 26 iştirakçısından biri olur. Amma Salyan təmsilçisinə güclülər dəstəsində bir mövsümdən artıq çıxış etmək müyəssər olmur. İlk mövsümü 26 komanda arasında 19-cu pillədə başa vuran zavod komandası aşağı liqaya yuvarlanır. Lakin komanda aşağı liqaya düşdükdən sonra da fəaliyyətini davam etdirir. Birinci divizionun 1993 və 1993/94 mövsümlərində A qrupunda müvafiq olaraq 3-cü və 4-cü olan komanda, növbəti mövsümlərdə bir az da zəifləyir. “Plastik” aşağı liqada 1995-ci ildə 15 komanda arasında 8-ci, 1996-cı ildə isə eyni sayda komandanın yarışdığı çempionatda 10-cu olur.
1996/97 mövsümü isə “Plastik” üçün sonuncu olur. B qrupunda 9 komanda arasında 7-ci olan “Plastik” ölkə futbol arenasında sonuncu dəfə görünür.
Futbol qəbiristanlığının növbəti sakini
Sovetlər birliyi dağıldıqdan sonra ölkədə fəaliyyət göstərən zavodların acı aqibəti Salyanın Plastik Kütlə Emalı zavodundan da yan keçmir. Zavod müstəqillik illərində çox yaşamır. Komandanın yaradılmasında müstəsna xidmətləri olmş Viktor Quliyev də dünyasını dəyişir. Əsas maliyyə dayağından məhrum olan “Plastik” şəhər icra hakimiyyətinin ayırdığı qəpik-quruşla çox davam gətirə bilmir və Azərbaycan futbol qəbiristanlığının sakininə çevrilir.
“Plastik”in son illərinə kimi komandada qalmış Kamal Şıxəliyevin dediyinə görə, komandanın son illərində şəhər icra hakimiyyətinin kiçik köməkliyi olsa da, bu, Salyan təmsilçisinin yaşamasına kifayət etmir:
“Müstəqillik dövründə komandada maliyyə vəziyyəti pisləşdi. Zavodun bağlanmasıyla komandada da ciddi maliyyə problemi yarandı. Mən daha sonra komandadan ayrıldım, Bakıya gəldim. Əvvəlcə OİK-də, daha sonra Azərbaycanın U-16 millisində, “Şəfa”nın aşağı yaş qruplarında məşqçi kimi çalışdım. Daha sonra isə ilyarım “Karat”da işlədim. Bu komanda dağıldıqdan sonra “Bakı”da çalışmağa başladım. Hazırda həm “Bakı”da, həm də İdman akademiyasında müəllim kimi çalışıram.
Sovet dövründə komandaya rəhbərlik edən Plastik Kütlə Emalı zavodu Moskva ilə birbaşa əlaqəli idi. Hətta komandaya forma, buts, top kimi idman ləvazimatları da Moskvadan göndərilirdi. Ancaq sovetlərin dağılmasıyla zavodun maliyyə vəziyyəti pisləşdi.
Bir müddət sonra Viktor müəllim rəhmətə getdi. Daha sonra zavod da dağıldı. Zavodun dağılmasıyla komanda da fəaliyyətini dayandırdı. Komandaya icra hakimiyyəti də kömək edirdi. Lakin bu, kifayət deyildi. Əsasən, səfərlərə yollanmaqda kömək edirdilər. Ancaq daha sonra bu kömək də olmadı və komanda fəaliyyətini dayandırmalı oldu”.
Ortabab olsalar da…
70-80-ci illərdə kütləvi şəkildə futbol komandalarının yaradılması, rayonlarda bu idman növünə olan marağı bir xeyli artırmışdı. Digər rayonlarda olduğu kimi, Salyanda da yerli əhali doğma rayonlarını təmsil edən komandanın oyunlarına getməyi vərdiş halına gətirmişdilər. Sovet dövründə “Plastik” Azərbaycan çempionatının ortabablarından olsa da, komandanın hər oyununda izdiham olurdu. Şıxəliyevin sözlərinə görə, “Plastik”in hər oyununa ən azı 2-3 min azarkeş gəlirdi:
“Yerli əhalinin futbola çox böyük marağı var idi. Hər oyunumuzda 2-3, bəzən hətta 4 min tamaşaçı olurdu. Əvvəllər ev oyunlarımızı mərkəzi stadionda keçirirdik. Amma daha sonra stadionu dağıtlar. Sonra isə yerində olimpiya kompleksi tikdilər. Sonradan Salyanda yaradılmış “Muğan” komandası da ev oyunlarını olimpiya kompleksinin stadionunda keçirməyə başladı.
Komanda dağıldıqdan sonra yerli oyunçuların çox az qismi futbolda qaldı. Onlar futbola daha çox həvəskar formada davam etdilər”.
Kiçik bir ümid… O ümid də öldü
“Plastik”in dağılmasından sonra salyanlılar bir müddət böyük futbola həsrət qaldılar. Lakin bir neçə il sonra rayon yenidən, bu dəfə “Muğan”ın timsalında böyük futbola qovuşdu. Ancaq “Muğan”ın da taleyi “Plastik”dən fərqli olmadı…
Reşad ERGÜN




Fikirlərini bizimlə bölüş!