Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ağla, futbolum, ağla!

AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını başa çatdırırıq.

Azərbaycanda futbol yeni-yeni inkişaf etməyə başladığı dövrlərdə, 30-40-cı illərdə top oyununun əsas mərkəzi paytaxt Bakı hesab olunurdu. Paytaxtı təmsil edən komandaların heyətində isə azərbaycanlı futbolçular azlıq təşkil edirdi. Həmin dövrdə keçirilən ölkə çempionatlarının da qalibi daim Bakı klubları olurdu. Ölkədə futbolun kütləviləşməsi üçün rayonlarda top oyununa maraq yaradılması o vaxtın əsas məqsədlərindən biri idi. Bu çatışmazlığı aradan qaldırmaq çətin olsa da, mümkün oldu. Ötən əsrin 50-ci illərindən etibarən bölgə komandaları paytaxt təmsilçiləriylə başabaş mübarizə aparmaq səviyyəsinə qalxmağı bacardılar. Bu cəhətdən tilsimi ilk qıran rayon isə Tovuz oldu. Belə ki, 1957-ci ildə bu rayonun “Məhsul” komandası Azərbaycan kubokunu qazanan ilk bölgə klubu kimi ilkə imza atdı.

70-ci illərdən etibarən bölgələrdə klubların sayı sürətlə artmağa başladı. 80-ci illərdə isə bölgələrdə komandaların sayı daha da artdı. Həmin dövrdə ölkədə fəaliyyət göstərən zavod, kolxoz və sovxozlar komandaların yaradılması istiqamətində sanki bir-biri ilə bəhsə girmişdi. Elə ilk ölkə çempionatında çıxış edən 26 komandadan böyük əksəriyyətinin bölgə klubları olması buna əyani sübutdu.

Lakin təəssüf ki, müstəqillik illərində bu tendensiya əks istiqamətdə irəliləməyə başladı. Artıq vəziyyət o həddə çatıb ki, ölkə çempionatlarında çıxış edən bölgə klubları barmaqla sayılacaq qədər azalıb. Azərbaycanın bölgələrini ayrı-ayrılıqda təhlil etdikdə isə bu çatışmazlıq daha qabarıq şəkildə görünür.

Bakı şəhəri və Abşeron iqtsadi rayonu (Abşeron, Xızı, Sumqayıt, Xırdalan)

Bakı demək olar heç vaxt futbol cəhətdən əziyyət çəkməyib. Həmişə ölkə çempionatlarında iştirak edən komandaların böyük hissəsi məhz paytaxtı təmsil edib. Sumqayıt da daim ölkənin əsas futbol mərkəzlərindən hesab edilib. Şəhər bir ara futbolsuz qalsa da, artıq bir neçə ildi Sumqayıt eyniadlı komandası ilə ölkə futbol elitasında təmsil olunur.

Əvvəlki illərdə olduğu kimi, növbəti mövsümdə də Azərbaycan Premyer Liqasında çıxış edəcək klubların yarıdan çoxu məhz bu bölgəni təmsil edir (“Neftçi”, “İnter”, “Sumqayıt”, “Səbail”, “Zirə”). Növbəti mövsümdən son bir neçə ildə həvəskarlar liqasında çıxış edən “Binə” komandası da birinci divizionda iştirak edəcək. Bundan əlavə, Azərbaycan Premyer Liqasının son mövsümünün nəticələrinə əsasən aşağı liqaya düşən AZAL (komanda bundan sonra “Şüvəlan” adlanacaq), həmçinin, birinci divizionun son mövsümünün iştirakçıları – “Bakılı”, “Qaradağ Lökbatan”, MOİK də növbəti mövsümdə ölkənin ikinci dərəcəli liqasında mübarizə aparacaq.

Düzdü, Bakı ətrafı bəzi kənd və qəsəbələr, Xırdalan şəhəri, Xızı rayonu böyük futbola, komandaya həsrətdi. Buna baxmayaraq, bu bölgədə futbolun vəziyyətinin regionalarla müqayisədə bir xeyli yaxşı olduğunu deyə bilərik. Ən azı komanda sayının bolluğu belə deməyə əsas verir.

Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Şəmkir, Tovuz)

Gəncə-Qazax iqtisadi rayonu və ya Qərb bölgəsi həmişə Azərbaycan futbolunun əsas mərkəzlərindən biri olub. Ölkə futboluna milyonlar axın etməmişdən öncəki dövrdə məhz bu bölgənin komandaları (“Kəpəz”, “Şəmkir”, “Turan”) paytaxtı təmsil edən “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparır və əksər hallarda qalib də gəlirdi. Lakin maraqlıdı ki, ölkə futboluna milyonların axını bu rayonlardan yan keçdi. Düzdü, müəyyən dövrdə “Turan”a, “Kəpəz”ə nisbətən imkanlı sponsor tapıldı, amma bu klublara xərclənən pullar “Xəzər Lənkəran”, “Karvan” kimi komandalarla müqayisə oluna bilməzdi. Hətta bir müddət regionun ən titullu klubları – “Şəmkir” və “Kəpəz” ümumiyyətlə, gözdən itdi. Ancaq son bir neçə ildi ki, bu komandalar yenidən ölkə futboluna qayıdıb. Gəncə təmsilçisi Premyer Liqanın, şəmkirlilər isə birinci divizionun ortabablarından hesab olunurlar. “Turan Tovuz” isə son mövsümdə birinci divizionda çempion olaraq Premyer Liqaya vəsiqə qazansa da, “lisenziya əngəli”nə ilişdi.

Ümumiyyətlə, bu regionun təmsilçiləri nəinki müstəqillik illərində, hələ sovet dönəmindən ölkə futbolunun ən fəal üzvləri hesab olunublar. Gəncə, (sovet dönəmində uzun müddət Kirovabad “Dinamo”su adı altında) Şəmkir və Tovuz təmsilçilərindən başqa, Qazaxın “Göyəzən”, Ağstafanın “Avey” kimi komandaları da Azərbaycan çempionatının və ya SSRİ çempionatının 2-ci divizionunun iştirakçısı olub.

Bundan əlavə, Samuxu (“Bozqurd”, “Şəfəq”, “Kür”, “Samux”), Naftalanı (Şəfa), həmçinin, Gədəbəyi (Narzan) təmsil edən komandalar da müxtəlif dönəmlərdə ölkə çempionatlarının iştirakçısı olublar.

Qərb bölgəsi Azərbaycan futboluna çoxlu futbolçu bəxş edib. Bu gün də millimizin və ölkənin iddialı klublarının heyətində bu bölgə futbolunun yetirməsi olan oyunçular çıxış edir.

Hazırda Qərb bölgəsinin Premyer Liqada yalnız 1 təmsilçisi (Kəpəz) var. Aşağı liqada isə bölgənin 3 təmsilçisi (“Turan Tovuz”, “Göyəzən”, “Şəmkir”) çıxış edir.

Beləliklə, bu iqtisadi rayonun tərkibinə daxil olan 11 inzibati rayon və ya şəhərdən yalnız 4-nün komandası var.

Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala)

Bu regionda futbol əvvəllər Zaqatala rayonunun adı ilə bağlı olub. Belə ki, rayonu təmsil edən “Daşqın” komandası hələ sovet dönəmindən Azərbaycan çempionatında və SSRİ çempionatının 2-ci divizionunda çıxış edib. Zaqatala təmsilçisi daha sonra müstəqil Azərbaycan çempionatının da iştirakçısı olub. “Daşqın” fəaliyyətini dayandırdıqdan bir neçə il sonra “Marağa” komandası birinci divizionda rayonu təmsil edib. Daha sonra isə “Simurq” əvvəlcə birinci divizionda, daha sonra isə Premyer Liqada Zaqatala adından çıxış edib. “Sarı-qaralar” hətta bir dəfə Avropa Liqasının da iştirakçısı olub. “Simurq”un fəaliyyətini dayandırmasından bir müddət sonra isə “Zaqatala” komandası fəaliyyətə başlayıb. Rayonla eyni adı daşıyan komanda hazırda birinci divizionda çıxış edir.

Qax da regionun futbol ənənəsi olan rayonlarındandı. Belə ki, vaxtilə bu rayonu təmsil edən “Kürmük” sovet və müstəqil Azərbaycan çempionatlarında çıxış edib.

Maraqlıdı ki, regionun ən böyük rayonu olan Şəki bu cəhətdən geridə qalır. Həm bu rayonun, həm də Balakənin komandaları (“Gənclik” və “Qafqaz”) qısa müddətdə birinci divizionda çıxış edib.

Böyük futbol ənənəsi olmayan Qəbələnin eyniadlı komandası isə son illərdə regionun əsas təmsilçisinə çevrilib. Premyer Liqada çempionluq uğrunda mübarizədə “Qarabağ”ın əsas rəqiblərindən birinə çevrilən “qırmızı-qaralar”, son iki ildə Avroliqanın qrup mərhələsinin iştirakçısı olub. Düzdü, bu rayonun yetirmələrinə hələ ki, əsas komandada təsadüf olunmur. Lakin rayonda yaradılmış böyük futbol akademiyası nəinki bu rayonda, həmçinin regionda istedadlı futbolçuların kəşf edilməsinə ümid yaradır.

Hazırda regiona daxil olan 6 rayondan yalnız ikisində komanda mövcuddu.

Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı)

Lənkəran iqtisadi rayonunun əsas futbol mərkəzləri Masallı və Lənkəran rayonları olub. Bu inzibati rayonları təmsil edən komandalar (“Viləş” və “Xəzər”) hələ sovet dönəmindən fəaliyyət göstəriblər. Müstəqillik illərində də bu komandalar cənub regionun əsas təmsilçiləri olublar. Bir müddət Masallının eyniadlı, həmçinin Lənkəranın “Şilavar” komandaları da ölkə çempionatlarında çıxış edib.

Bu bölgədə Astaranın “Dinamo” və “Sərhədçi”, Cəlilabadın “Ümid” və Göytəpənin eyniadlı komandaları fəaliyyət göstərib.

“Xəzər Lənkəran”ın yaradılmasıyla isə bütün cənub bölgəsinin futbol azarkeşləri bu komandanın ətrafında birləşdilər. Lənkəran təmsilçisi yaratdığı akademiyaya ətraf rayonlardan da istedadlı uşaqları cəlb edərək, qonşu rayonlarda da futbolun inkişafına kömək olurdu. Amma “Xəzər Lənkəran”ın ölkə çempionatlarında çıxışını dayandırmasıyla, region futbolu iflic vəziyyətinə düşüb.

Bu gün cənub regionunda heç bir komanda fəaliyyət göstərmir.Yalnız Masallının eyniadlı komandası həvəskarlar liqasında çıxış edir. “Xəzər Lənkəran”isə fəaliyyətini dayandırmasa da, yalnız aşağı yaş qruplarında komanda ilə təmsil olunur.

Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Xudat)

Bu iqtisadi rayonda da futbol heç də ürəkaçan vəziyyətdə deyil. Vaxtilə bu bölgə rayonlarından Quba və Qusar təmsilçiləri ölkə çempionatlarında çıxış edib. Müstəqillik dönəmində isə yalnız Qusar təmsilçisi (Şahdağ) bu mənada fərqlənib. Qubanın “Şahdağ” və “Spartak” komandaları isə çox qısa müddətdə fəaliyyət göstərib.

Bu rayonlardan başqa, Siyəzənin “Çıraqqala” və “Siyəzən Broyler”, Xaçmazın “Şərabçı”, həmçinin, Dəvəçinin (indiki Şabran) “Bərəkət” komandaları da aşağı liqada çıxış ediblər.

Bu gün isə Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan 6 inzibati rayondan yalnız birinin – Qusarın komandası (Şahdağ) birinci divizionda fəaliyyət göstərir.

Aran (Mingəçevir, Şirvan, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax, Zərdab)

Bu regionun ən böyük şəhəri Mingəçevirdi. Bu şəhərdə hələ sovet dönəmindən komanda fəaliyyət göstərib. SSRİ dövründə şəhəri “Avtomobilçi” təmsil edirdisə, müstəqillik illərində bu missiyanı “Kür” (komanda sonradan “Kür-Nur” adlandı) öz üzərinə götürdü. İki dəfə ölkə kubokunun finalında çıxış etmiş “Kür” fəaliyyətini dayandırdıqdan sonra 100 mindən artıq əhalisi olan şəhərdə futbol sanki qış yuxusuna getdi. Düzdü, 2003-cü ildə şəhərdə “Energetik” komandası yaradıldı. Şəhəri uzun müddətdi ölkə çempionatının birinci divizionunda məhz “işıqçılar” təmsil edir. Buna təmsil edir demək olarsa…

Regionun ən uğurlu komandası isə heç şübhəsiz, Yevlax “Karvan”ı olub. Yevlaxı daha öncə ölkə çempionatında “Avtomobilçi” komandası təmsil etsə də, bu şəhərin futbolundan bəhs edərkən ilk növbədə “Karvan” yada düşür. 2004-cü ildə əsası qoyulan, yaxşı imkanlara malik olan komanda bir neçə il yüksək yerlər uğrunda mübarizə apardı. “Ağ-qaralar” hətta UEFA kubokunda ilk mərhələ keçən komanda kimi Azərbaycan futbolunun tarixinə də düşdü. Lakin daha sonra ciddi maliyyə problemləri yaşayan komanda birinci diviziona yuvarlandı. 2013/14 mövsümündən sonra isə komanda tarixin yaddaşına köçdü. Artıq 3 ilə yaxındı ki, Yevlax şəhəri böyük futbola həsrətdi.

Aran bölgəsinin ən böyük şəhərlərindən olan Şirvan da (əvvəlki Əli-Bayramlı) futbola yad deyil. Belə ki, SSRİ dövründən komandası olan şəhər, ilk müstəqil ölkə çempionatlarında da komandayla (Energetik) təmsil olunub. Ancaq bu komandanın dağılmasıyla klubsuz qalan şəhər əhalisi bir də, 2000-ci illərin əvvəllərində yaradılmış və həvəskarlar liqasında çıxış edən “Şirvan”la təsəlli tapır. UEFA-nın həvəskar komandalar arasında təşkil edilən Regional kubokunda da çıxış etmiş komanda, bir müddət sonra maddi imkansızlığa görə fəaliyyətini dayandırmalı olur. Nəinki “Şirvan”, həm də, şəhərdə tikilən, müasir standartlara cavab verməsi planlaşdırılan stadionun da tikintisi dayandırlır. Bu gün Şirvanda nəinki peşəkar, heç həvəskar komanda da fəaliyyət göstərmir.

Bölgənin ən fəal futbol rayonlarından biri də İmişli olub. Əvvəllər rayon “Lokomotiv”lə ölkə çempionatının birinci və güclülər dəstəsində çıxış edib. Lakin İmişlidə futbolun məşhurlaşması “MKT-Araz”ın adıyla bağlıdı. Bir neçə il güclülər dəstəsində çıxış edən, burda iddialı klublardan hesab olunan komanda, 2008-ci ildən etibarən maliyyə çətinliyinə görə birinci divizionda çıxışını davam etdirdi. 2013-cü ildən etibarən rayonu “Mil-Muğan” komandası təmsil edir. İmişli təmsilçisi son mövsümdə də birinci divizionda çıxış edib. Rayonda “MKT-Araz”ın dövründə tikilmiş baza, stadion burda futbolun inkişaf etdirilməsi, oyunçu yetişdirmək üçün yaxşı imkanlar verir. Amma “Mil-Muğan” da digər bir çox komandalarımız kimi öz fəaliyyətini çox çətinliklə davam etdirir. Komanda birinci divizionun bir çox klubu kimi AFFA-nın ayırdığı maliyyə hesabına yaşayır.

Neftçala şəhəri də ölkə çempionatlarında komanda ilə təmsil olunub. Güclülər dəstəsində çıxış etmiş “Pambıqçı”nın dağılmasından sonra uzun müddət böyük futboldan kənarda qalan Neftçala şəhəri, bir neçə il sonra “ANŞAD-Petrol”un timsalında birinci divizionda göründü. Sonradan “Neftçala” adlanan komanda birinci divizionun liderlərindən sayılsa, hətta iki dəfə bu liqanı çempion kimi başa vursa da, hər iki halda AFFA-nın lisenziya tələbində ilişdi və Premyer Liqada çıxış edə bilmədi. Yüksək liqada çıxış etməkdə elə də maraqlı olmayan rəhbərlik isə bir müddət sonra komandanı buraxdı. Hazırda Neftçala da ölkənin futbolsuz şəhərləri sırasındadı.

Ümumiyyətlə, bu bölgənin digər rayonlarından Bərdə (“ABN-Bərdə”, “Pambıqçı”), Beyləqan (“Mil”), Göyçay (“Göyçay”, “Çinar”), Hacıqabul (“Gənclik”), Kürdəmir (“Şirvan”), Sabirabad (“İnşaatçı”, “Suqovuşan”, “Muğan”), Salyan (NBC, “Muğan”, “Plastik”), Ucar (“Aran”), Zərdab (“Pambıqçı”) da ölkə çempionatının güclülər və ya birinci dəstəsində komanda ilə təmsil olunublar.

Hazırda Aran bölgəsi Premyer Liqada heç bir klubla təmsil olunmur. Birinci divizionda bu regiondan “Energetik” (Mingəçevir) və “Mil-Muğan” (İmişli) çıxış edir. Həvəskarlar liqasında isə regionun “Ağdaş”, “AzNar” (Göyçay), “Çağırğan” (Sabirabad) və “Kürsəngi” (Salyan) komandaları fəaliyyət göstərirlər.

Yuxarı Qarabağ (Xankəndi, Ağdam, Cəbrayıl, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Horadiz, Ağdərə)

Bu iqtisadi rayona daxil olan inzibati rayonların böyük hissəsi işğal altındadı. Lakin buna baxmayaraq, regionun əhalisinin sayına görə ən böyük rayonu olan Ağdam illərdi Azərbaycan futboluna öz damğasını vurur. Bu rayonu təmsil edən “Qarabağ”ın son illərdə qazandığı uğurları vurğulmağa ehtiyac yoxdu. Amma təəssüf ki, Ağdamın böyük hissəsi işğal altında olduğundan, “Qarabağ” region klubu statusunu “de-fakto” itirib. Komanda uzun müddətdi Bakıda məskunlaşıb. Hətta Suraxanıda klubun bazası da istifadəyə verilib. “Köhlən atlar” müəyyən müddətdə ev oyunlarını Ağdam rayonunun işğal altında olmayan Quzanlı qəsəbəsində keçirsə də, sonradan yenə Bakıya üz tutdular.

Lakin bu bölgə futbolu təkcə Ağdamdan ibarət deyil. Tərtərin “Arzu” komandası iki mövsümdə (1994/95, 1995/96) birinci divizionda çıxış etsə də, sonradan yoxa çıxdı.

Eyni formada da Cəbrayılın “Mərcanlı” komandası… Hələ sovet dönəmində Azərbaycan çempionatında iştirak edən Cəbrayıl təmsilçisi müstəqil ölkə çempionatının ilk mövsümündə birinci divizionda çıxış etmək qərarı alsa da, sonradan geri çəkildi. Rayon həmin vaxtı hələ ki, işğal olunmamışdı.

Müəyyən dövrdə bu bölgəni təmsil edən “Şuşa”, “Xocavənd” kimi komandalar birinci divizionda görünüb. Ancaq bu komandaların həmin rayonlara bağlılığı yalnız adına görə olub.

Kəlbəcər-Laçın iqtisadi rayonu (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan)

Bu bölgəyə daxil olan rayonların hamısı işğal altındadı. Qubadlını təmsil edən “Həkəri” komandası 2011/12 mövsümündə ölkə çempionatının birinci dəstəsində çıxış etmək istəsə də, sonda maliyyə çatışmazlığına görə geri çəkilib.

Dağlıq Şirvan iqtisadi rayonu (Şamaxı, Ağsu, İsmayıllı, Qobustan)

Bura daxil olan rayonların heç birində peşəkar komanda yoxdu. Ancaq bu, heç vaxt olmayıb demək deyil. Şamaxının “İnşaatçı” komandası SSRİ dövründə Azərbaycan çempionatında çıxış edirdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu rayonu təmsil edən “Şirvan” müstəqil ölkə çempionatının ilk iştirakçılarından oldu. İlk mövsümdə aşağı liqaya düşən komanda iki il birinci divizionda var-gəl etdikdən sonra tarixin yaddaşına köçdü. Sonradan həvəskarlar liqasında bu rayonun eyniadlı komandası da çıxış etdi. Lakin bu komandanın da ömrü uzun çəkmədi. Bu gün Şamaxı rayonunda heç bir komanda fəaliyyət göstərmir.

Ağsu isə hazırda bölgədə böyük futbolun yaşadığı yeganə rayondu. Rayonun eyniadlı komandası 2012/13 mövsümündən etibarən hər il birinci divizionda çıxış edir. Komanda hətta ilk mövsümünü çempion kimi də başa vurmuşdu. Amma lisenziya tələblərinə cavab vermədiyindən, Premyer Liqadan kənarda qalıb. “Ağsu” birinci divizionun son iki mövsümünü 3-cü pillədə başa vurub.

Qobustan isə yalnız bir mövsümdə, 1995/96-da ikinci dəstədə çıxış edib. Hazırda eyniadlı komanda həvəskarlar liqasında çıxış edir.

Beləliklə, bu bölgənin 4 rayonundan ikisində komanda fəaliyyət göstərir ki, bu komandalardan da biri həvəskarlar liqasında çıxış edir.

Naxçıvan MR (Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur)

Burda futbol daha çox Naxçıvan şəhərinin “Araz” komandasının adı ilə bağlıdı. Bu komanda hələ sovet dönəmində ölkə çempionatının və SSRİ çempionatının 2-ci dəstəsinin iştirakçısı olub. “Araz” müstəqillik dönəmində də müəyyən fasilələrlə ölkə çempionatlarında çıxış edib. Bu gün isə “Araz” 10 komandanın yarışdığı Muxtar Respublika çempionatına qatılır. Çempionatda Naxçıvan şəhərini təmsil edən “Araz”dan başqa, Şahbuz (“Batabat”), Şərur (“Arpaçay”), Kəngərli, Sədərək və Babək rayonlarının da komandaları çıxış edir.

Beləliklə, Muxtar Respublikaya daxil olan 8 rayondan 6-da komanda var. Lakin bu komandaların hamısı həvəskar şəkildə fəaliyyət göstərir.

70-80 il öncəyə qayıdan bölgə futbolu

Bu gün Azərbaycanda futbol ənənəsi olan onlarla rayon böyük futbola həsrətdi. Bu rayonlarda futbolu idman məktəblərində fəaliyyət göstərən futbol üzrə aşağı yaş qrupları yaşadır. Bəzən isə veteran futbolçular böyük çətinliklə bir neçə yaş qrupu yaradaraq, top oyununun rayonlarda tamamilə ölməsinin qarşısını alırlar.

Futbolsuz qalan rayonların əksəriyyətində aşağı yaş qrupları fəaliyyət göstərsə də, komandanın olmaması həmin uşaqların inkişafı üçün əsas əngəldi. Komandanın olmaması həmin rayonların futbol infrastrukturuna da böyük miqyasda təsir edir. Hazırda vaxtilə minlərlə azarkeşə qucaq açan bölgə stadionları da get-gedə xarabalığa çevrilməkdədi.

Komandası olan futbol şəhərlərinin böyük hissəsi də gələcək üçün ümid vəd etmir. Qazaxda, Mingəçevirdə, Qusarda komandalar hələ də fəaliyyət göstərir, ancaq ciddi maliyyə çətinliyi çəkən bu komandaların təmsil etdikləri rayonlarda futbolun inkişafına nə qədər kömək olduğu sual doğurur.

Bu gün Azərbaycanın bölgə futbolu ötən əsrin 30-40-cı illərinə qayıdır. Həmin dövrdə paytaxtdan bölgələrə yayılmağa başlayan futbol, yenidən mərkəzə doğru geri çəkilməkdədi…

Reşad ERGÜN

Fikirlərini bizimlə bölüş!