Tarixdə ilk FİFA U-15 dünya çempionatı və Festivalının məhz Bakıda keçirilməsi ölkəmiz adına böyük uğur və tarixi hadisədir.
Azərbaycan dövləti bu parlaq ideyanı gerçəkləşdirmək üçün hər şeyi edib və edir.
Amma turnirə kölgə salan bəzi məqamlar var ki, həll oluna bilər.
Çünki mundial yeni başlayıb.
U-15 millimiz Andorra üzərində 1:0 hesablı qələbə qazandı.
Oyunun bitiminə 2 dəqiqə qalmış qapıçımız penalti zərbəsini dəf edərək, bəlkə də komandamızı məğlubiyyətdən xilas etdi.
CBC Sport millinin Bakıda keçirilən mundialdakı oyunlarını göstərmədiyindən azarkeşlər matçlara FİFA+ vasitəsilə internetdən baxmağa məcburdur.
AFFA-nın rəsmi səhifələri komandamızın heyəti, qol müəllifləri və s. haqda heç bir məlumat vermir.
Oyunlara azarkeşləri buraxmırlar. Ancaq AFFA-nın dost-tanışlara verdiyi dəvətnamə ilə oyunlara keçmək olur.
Mənim oğlum futbolu hədsiz sevən uşaqdır. Dünən onu açılış mərasiminə aparmaq istəyirdim. Amma təşkilat komitəsindən dedilər ki, heç bir oyuna bilet satılmır. Giriş də sərbəst deyil. Yalnız dəvətnamə ilə mümkündür.
Bundan sonra qərara aldım ki, bu mundialdakı oyunları oğlumla birgə TV-dən izləyək.
AFFA-nın baş katibi Cahangir Fərəcullayevi tənqid edən bir neçə həmkarıma akkreditasiya verməkdən imtina ediblər.
Onların arasında Vətən müharibəsi qazisi Daşqın Əzizin adını görəndə adam vicdan əzabı çəkir. Daşqının ölkə Prezidentinin imzası ilə bir neçə medalı var.
Amma bu qəhrəmana Bakıda keçirilən bir turnirə akkreditasiyadan imtina olunur.
Daşqın Əziz 6 il əvvəl bu vaxt Vətən üçün ölüm-dirim mübarizəsi aparırdı.
İndi Azərbaycan futbolunu faktiki idarə edən adam olan Cahangir Fərəcullayev həmin dövr TOPAZ-ın baş direktoru idi.
Bundan əvvəl Fərəcullayevin bir başqa Vətən müharibəsi qazisi Mehman Əşrəfovu heç bir səbəb göstərmədən AFFA-da işdən çıxartdığı haqda mediada çox yazıldı.
Nə deyim…
İstənilən halda bu mundial üçün dövlətimizin etdikləri dünya futbol tarixinə düşməkdən başqa həm də elə Azərbaycana qalacaq.
Hövsandakı möhtəşəm kompleks gələcəkdə uşaq futbolunun inkişafı üçün istifadə edilsə, orda akademiya qurulsa, bütün aşağı yaşlar və bütün rayonlar arasında bu mundiala bənzər ölkə çempionatları keçirilsə, bunun futbolumuza əvəzsiz faydası olacaq.



Fikirlərini bizimlə bölüş!