Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Heyif, onun kimisi daha yoxdu…

Mənə görə, Azərbaycan futbolunun müstəqillik dövründə ən güclü hücumçusu Vəli Qasımov olub. Oynadığı liqalar, çıxış etdiyi klublarda göstərdiyi performans, oyun zamanı verdiyi qərarlar, zərbələri və cüssəsindən düzgün istifadə edə bilməsi də bunu deyir. Əsl avropalı hücumçulardan biri olub.

Hər zaman düşünmüşəm ki, Qasımovun İspaniya və Portuqaliya futbolu ilə Azərbaycan futbolu arasında körpü rolunu oynaması futbolumuza çox fayda verə bilərdi. Menecer kimi də fəaliyyət göstərə bilərdi. Təəssüf ki, Qasımova ya bu cür təkliflər gəlmədi, ya da işsiz qalmamaq üçün istənilən təklifə "hə" dedi.

Dünən "Zirə" – "Sumqayıt" matçından sonra qonaq komandanın baş məşqçisi, vaxtilə "Vitória Setubal"da Qasımovun komanda yoldaşı olmuş Felipe Kandidoya da Qasımov haqda sual verdim və o, həmyerlimiz haqqında xoş sözlər dedi. Kandido veteran forvardımızın öz dövrünün ən yaxşı hücumçularından biri olduğunu bildirdi.

Heyif ki, indi Qasımov kimi hücumçumuz yoxdur. Baxırsan gürcülərə, vaxtı ilə hardasa 1 il oynayıb, indi menecer kimi həmin kluba futbolçu aparır. Təəssüf ki, bizdə sabiq futbolçularımız bu cür də işləyə bilmədi.

Felipe Kandido:

"Vəli Qasımov əla hücumçu idi, yaxşı da insandır. Onunla görüşməmişik hələ ki, amma telefonla danışmışıq. Karyeramda gördüyüm, öz dövrünün də ən yaxşı hücumçularından biridir. İnsan kimi onu çox istəyirəm. Bura gəldikdən sonra görüşməmişik. Amma insan və futbolçu kimi ondan çox şey öyrənmişəm. Onda 18-19 yaşım var idi, onun isə 31. Həm meydanda, meydandan kənarda ondan çox şey öyrənmişəm".

Fikirlərini bizimlə bölüş!