“Gəncəbasar” “Kəpəz”in rəqibi yox, Gəncə futbolunun dayağı ola bilər

“Gəncəbasar” “Kəpəz”in rəqibi yox, Gəncə futbolunun dayağı ola bilər — illüstrasiya

Çoxları düşünür ki, “Gəncəbasar”ın yaradılmasında məqsəd “Kəpəz”i dağıtmaq və ya zəiflətməkdir. Qətiyyən belə deyil!

Azərbaycanın ikinci ən böyük şəhərinin uzun illər cəmi bir peşəkar klubu olub. Bu isə bütün Gəncə futbolunun yükünü “Kəpəz”in çiyinlərinə qoyub. Peşəkar futboldan uşaq futboluna, akademiyadan gənc futbolçuların yetişdirilməsinə qədər bütün problemlər bir klubun üzərində cəmləşib.

“Gəncəbasar”ın yaranması isə bu yükü bölüşdürə və “Kəpəz”ə də bir çox problemlərdən müəyyən qədər uzaqlaşmaq imkanı verə bilər. İki klub – daha çox futbolçu, daha çox məşqçi və ən əsası, sağlam rəqabət deməkdir.

İllərdir Azərbaycan çempionatı Bakı çempionatı kimi xarakterizə olunur. “Sabah”, “Zirə” və digərləri nümunə göstərilir, elitada paytaxt klublarının çoxluğundan danışılır. Bəs niyə Sumqayıtda və Gəncədə iki klub olmasın? Niyə ölkəmizin futbol təsərrüfatı yalnız Bakıda cəmləşməlidir?

İki klubun olduğu belə şəhərlərdə rəqabət artar, futbolçular üçün daha çox oynamaq, təcrübə qazanmaq fürsəti yaranar, məşqçilər, eləcə də texniki heyət və inzibati kadrlar üçün yeni imkanlar açılar, uşaq və yeniyetmələrin futbola cəlb olunması və yetişdirilməsi prosesi sürətlənər.

Ən əsası isə Gəncə futbolu artıq bir klubun taleyindən asılı qalmaz.

“Kəpəz” Gəncənin tarixidir. “Gəncəbasar” isə Gəncə və region futbolunun gələcəyinə yeni nəfəs gətirə bilər.

Əsas məsələ bu iki klubu bir-birinə düşmən yox, sağlam rəqabət aparan tərəflər kimi görməkdir. Çünki rəqabət olan yerdə inkişaf var, inkişaf olan yerdə isə yeni mərhələnin, dövrün başlanğıcı.

Odur ki, Gəncə futbolunun bir yox, iki güclü nəfəsə ehtiyacı var.

“Gəncəbasar” “Kəpəz”in rəqibi yox, Gəncə futbolunun dayağı ola bilər — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!