Azərbaycan futbolu

Xəbərlər və təhlillər

SSRİ “doğdu”, müstəqillik “boğdu”

“Bölgələrin ölkədaxili yarışlardan kənarda qalması – səbəblər və həlli yolları” layihəsinin icrasına başlayırıq. Bu layihə çərçivəsində bölgələrin ölkə çempionatlarından kənarda qalmasının səbəblərini, bu problemin həlli yollarını araşdıracağıq.

Bölgə futbolu Azərbaycan futbolunun həmişə ən ağrılı yeri olub. Düzdü, müstəqilliyimizin ilk illərində bu cür problemlə raslaşmamışdıq. Sovet dövründə, əsasən, 70-80-ci illərdə rayonlarda fəaliyyət göstərən zavod və fabriklərin bir-biri ilə yarışırmış kimi komandalar yaratması bölgələrdə komandaların sayını bir xeyli artırmışdı. Ancaq bu komandaların çox az qismini peşəkar adlandırmaq olar. Klubların çoxu demək olar, həvəskar fəaliyyət göstərirdi.

Sovet dövründə zavodların, fabriklərin ayırdığı maliyyə hesabına yaşayan bu klublar, SSRİ-nin dağılması, zavod-fabriklərin bağlanması və ya fəaliyyətinin zəifləməsi ilə əsas maliyyə dayaqlarından məhrum qaldılar. Belədə, müstəqilliyimizin ilk illərində keçirilmiş çempionatlarla müqayisədə, hazırda region klublarının sayı bir xeyli azalıb.

Layihənin ilk yazısında müstəqil ölkə çempionatının ilk mövsümündən son mövsümünədək bölgə klublarının sayı barədə məlumat verəcəyik.

Bölgə klublarının “at oynatdığı” mövsüm

İlk müstəqil ölkə çempionatının güclülər dəstəsində 26 komanda çıxış edirdi ki, bu komandalardan da 22-si (!) bölgələri təmsil edirdi.

İlk ölkə çempionatının güclülər dəstəsində çıxış etmiş bölgə klubları: “Xəzər” (Sumqayıt), “Turan” (Tovuz), “Qarabağ” (Ağdam), “Kəpəz” (Gəncə), “Kür” (Mingəçevir), “İnşaatçı” (Sabirabad), “Kürmük” (Qax), “Ümid” (Cəlilabad), “Şahdağ” (Qusar), “Avey” (Ağstafa), “Viləş” (Masallı), “Xəzər” (Lənkəran), “Daşqın” (Zaqatala), “Pambıqçı” (Bərdə), “Plastik” (Salyan), “Şirvan” (Şamaxı), “Avtomobilçi” (Yevlax), “Çıraqqala” (Siyəzən), “Göyəzən” (Qazax), “Energetik” (Əli-Bayramlı), “Şirvan” (Kürdəmir), “Gənclik” (Nəvahi).

Növbəti mövsümdə güclülər dəstəsində komandaların sayı 26-dan 20-yə endirildi. Bölgə klublarının sayı isə 22-dən 15-ə gerilədi.

Güclülər dəstəsinin 1993/94 mövsümündə isə 16 komandadan 11-i bölgələrdən idi.

Sıradan çıxan Sovet klubları

Sovet dövründə zavod-fabrik-kolxozların hesabına ayaqda qalan klublar, bu müəssisələrin bağlanması və ya çox zəif fəaliyyət göstərməsi nəticəsində yavaş-yavaş sıradan çıxmaqda idi. Artıq 1994/95 mövsümündə güclülər dəstəsində cəmi 13 komanda mübarizə aparırdı. Bu komandalardan isə cəmi 4-ü (9-u bölgə təmsilçiləri idi) Bakını təmsil edirdi.

1995/96 mövsümündə ölkə çempionatının yüksək liqasında komanda sayı bir az da azaldı – 11 klub. Ümumi sayla paralel olaraq, güclülər dəstəsindəki bölgə klublarının da sayında azalma müşahidə olundu (7 komanda). Ancaq burda bir şeyi də nəzərə almaq lazımdı ki, hələ də bölgə klubu sayılan “Qarabağ” 1993-cü ildə Ağdam işğal olunduqdan sonra ev oyunlarını paytaxtda keçirir.
1996/97 mövsümündə güclülər dəstəsində komanda sayı artırıldı. Komandaların sayı 11-dən 16-ya yüksəldildi. Ancaq bu artım paytaxt klublarının hesabına olmuşdu. Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət komandası güclülər dəstəsinə buraxılmış, gənclər millisinin bazası rolunu oynayan “Fərid” çempionatda iştirak etməyə başlamışdı. Bölgə klublarının güclülər dəstəsindəki çəkisi isə 9 komanda idi. 1997/98 mövsümündə də eyni tendensiya davam etdi. Çempionatdakı komandaların sayı 16-dan 14-ə, bölgə klublarının sayı isə 9-dan 8-ə düşdü. Növbəti mövsümdə isə güclülər dəstəsinin 14 klubundan 7-si bölgə təmsilçiləri idi.

Azərbaycan futbolunda maliyyə problemi, sahibkarların klublara maraq azlığı həmişə olub. Amma 90-cı illərə kimi pis-yaxşı, bölgə klublarına dəstək olan şəxslər var idisə, 2000-ci illərin əvvəllərindən etibarən bu dəstək bir xeyli azaldı. Bu da, həmin dövrdə AFFA ilə klublar arasında olan qalmaqallarla birbaşa bağlı idi. Bundan əlavə, klublara maliyyə vəsaiti ayıran şəxslərin futbol savadının olmaması da bölgə klublarının sayının az olmasında rol oynayırdı. Komandaya müəyyən büdcə ayıran şəxs, nəticə olmadıqda dərhal “arx”ın qarşısını kəsir, komandanı öz taleyiylə baş-başa buraxırdı. İlk ölkə çempionatından 90-cı illərin sonuna kimi güclülər dəstəsində mütəmadi çıxış edən bölgə klubları – “Viləş” (Masallı), “Turan” (Tovuz), “Kəpəz” (Gəncə), “Qarabağ” (Ağdam) kimi hələ sovet dövründən futbol ənənəsi, nəticələri olan komandalar idi.

Ancaq ciddi maliyyə problemləri bu komandaların da “qapısını döyürdü”. “Turan” artıq əvvəlki kimi lider deyildi. “Kəpəz” 1998/99-cu il mövsümünü çempion kimi başa vursa da, bu mövsümdən sonra oyunçularının çoxunun yaxşı maddi imkanlara malik “Şəmkir”ə keçməsinə mane ola bilmədi. “Qarabağ” isə əvvəlki iddialı imicini itirərək, ortababa çevrilmişdi.

1999/2000-ci il mövsümündə güclülər dəstəsində 12 komanda çıxış edirdi. Bölgə klublarının yüksək liqadakı payı isə 50 faiz idi (6 komanda).

Növbəti mövsümdə güclülər dəstəsində komanda sayı 12-dən 11-ə geriləsə də, bölgə klublarının sayı 7-yə yüksəldi. Lakin bu artım yalnız kəmiyyətə hesablanmışdı. Elə mövsümün sonunda bu 7 klubdan 4-nün turnir cədvəlinin son 4 yerində qərarlaşması buna sübutdu.

Yarımçıq dayandırılmış 2001/02-ci il mövsümündə yüksək liqada çıxış edən 12 komandadan 6-sı bölgələri təmsil edirdi. Məhz bu mövsümdə yaşanmış qalmaqaldan sonra bir müddət ölkə çempionatı keçirilmədi. Mərhum Fuad Musayevin AFFA prezidenti postundan getdikdən sonra keçirilən ilk ölkə çempionatında 14 komanda yer aldı ki, bu komandalardan da tən yarısı – 7-si bölgələri təmsil edirdi.

Hamıya pay düşdü, Gəncə və Şəmkirə isə…

2004-cü ildən etibarən isə Azərbaycan futboluna güclü maliyyə axını oldu. Elə məhz bunun da nəticəsində ölkənin bir neçə rayon və şəhərlərində yaxşı maliyyə imkanlarına malik yeni komandalar yaradıldı. 2004/05 mövsümü bu cəhətdən bəlkə də, yaxşı mənada ən çox fərqlənən çempionat oldu. Güclülər dəstəsində 18 komanda çıxış edirdi ki, bu komandalardan da 10-u bölgələri təmsil edirdi. Güclülər dəstəsində çıxış edən bölgə klublarından “Xəzər Lənkəran”, “Karvan” (Yevlax), “Turan” (Tovuz), “Qarabağ” (Ağdam), “MKT-Araz” (İmişli) yaxşı maliyyə dayaqlarına malik idilər və yüksək pillələr uğrunda mübarizə aparırdılar. Maraqlıdı ki, ölkə futboluna bu maliyyə axınının ikiqat ölkə çempionu “Şəmkir”ə, ölkənin həmin vaxt üçün ən titullu klubu olan “Kəpəz”ə, həmçinin futbol ənənəsi olan Qazax, Qusar, Masallı kimi rayonlara müsbət təsiri olmadı. Əksinə, “Şəmkir” bir mövsüm öncə ölkə çempionatının gümüş medallarını qazanmışdısa, bu mövsümdə ortababa çevrildi. Mövsümün sonunda isə Azərbaycan futbolu səhnəsindən getdi. “Gəncə” adı altında çıxış edən “Kəpəz” isə adi ortababa çevrilmişdi. Amma digər klublara ayrılmış maliyyə vəsaiti bu klublara ayrılsaydı, futbolun kütləviləşdirilməsi və daha maraqlı çempionat keçirilməsi baxımından uğurlu ola bilərdi.

2004/05 mövsümü 18 komandanın Azərbaycan üçün çox olduğunu göstərdi. Belə ki, bir neçə komanda mövsüm bitən kimi tarixin yaddaşına köçdü. 2005/06 mövsümündən etibarən isə ölkə çempionatında 14 komanda çıxış etməyə başladı. Bölgə klublarının çəkisi əvvəlki illərlə müqayisədə artmışdı. Yüksək dəstənin 14 üzvündən 9-u bölgələri təmsil edirdi.

Növbəti mövsümdə yüksək liqada mübarizə aparan komandaların sayı bir ədəd azalsa da (13), bu, bölgə klublarının sayına təsir etmədi (9). Əslində, bu mövsümdə də 14 komanda çıxış etməli, bölgə klublarının sayı isə 10 olmalı idi. Ancaq maraqlıdı ki, ölkə futboluna qucaq-qucaq pulların axıdıldığı bir zamanda Azərbaycan futbolunun əsas şəhərlərindən olan Gəncəyə yiyə duran tapılmadı. Belədə, “Gəncə” komandası püşkatmadan sonra maliyyə çətinliyinə görə ölkə çempionatında iştirakdan imtina etdi.

2007/08-ci il mövsümündə Premyer Liqamızda 14 komanda çıxış etdi. Bölgə klublarının sayı isə sabit qaldı – 9 komanda. Növbəti mövsümdə isə ümumi komanda sayı sabit qalsa da, bölgə klublarının sayı 7-yə düşdü.

2009/10 mövsümündə Premyer Liqada komandaların sayı 12-yə salındı. Bölgə klublarının ölkənin əsas futbol liqasındakı sayı isə 8-ə yüksəldi.

2010/11, 2011/12 və 2012/13 mövsümlərində Premyer Liqada çıxış edən 12 klubdan 7-si bölgə təmsilçiləri oldu.

2013/14 mövsümündə isə ilk dəfə yüksək liqada 10 komanda çıxış etdi. Premyer Liqada çıxış edən 10 komandadan 5-i bölgələri təmsil edirdi. Növbəti mövsümdə bölgə klublarının yüksək liqada çəkisi bir ədəd (6 komanda) artdı. 2015/16 mövsümündə isə say yenidən 5-ə gerilədi.

Vəziyyət kritikdi!

Son iki mövsümdə isə Premyer Liqada antirekord qeydə alındı. Ölkə futbol tarixində ilk dəfə məhz son iki mövsümdə yüksək liqada cəmi 8 komanda (!) çıxış etdi. Bu komandalardan da cəmi 4-ü bölgə klubları idi. “Qarabağ”ın Bakıda məskunlaşdığını, “Sumqayıt”ın isə paytaxtın bir addımlığında olduğunu nəzərə alsaq, bu rəqəmin əslində 2 olduğunu görərik. Bu iki komandadan da biri – Gəncə “Kəpəz”i bu şəhərdə normal meydança olmadığına görə gününü paytaxtda keçirir. Belədə, hazırda ölkənin əsas futbol liqasında cəmi bir bölgə klubunun – “Qəbələ”nin adını çəkə bilərik.

Göründüyü kimi, vəziyyət kritikdi və yaxın gələcəkdə də düzələnə oxşamır. Hazırda birinci divizionda çıxış edən, Premyer Liqaya vəsiqə qazanmağa iddialı olan klubların hamısı paytaxtı təmsil edir. 2004-cü ildəki kimi olmasa da, hazırda da ölkə futboluna müəyyən pul ayrılır. Amma maraqlıdı ki, bu pulların heç biri bölgədə komandaların yaradılmasına və ya əvvəllər mövcud olmuş köklü klubların bərpasına yox, Bakıda yeni komandaların yaradılmasına sərf edilir. Məsələn, istər son 3 mövsümdə ölkənin iddialı klublarından birinə çevrilən “Zirə”, istərsə də bu il Premyer Liqada debüt edən və heç də az maliyyə dayaqlarına malik olmayan “Səbail” Bakının qəsəbəsini bölgələrdən daha üstün tutdu. Hazırda Premyer Liqaya iddialı olan birinci divizion təmsilçiləri – “Binə”, “Xəzər”, “Sabah” da eyni yolu tutublar.

Ümumiyyətlə, indiyə kimi ölkə çempionatının güclülər dəstəsində 59 klub çıxış edib ki, bu komandalardan da 39-u bölgələri təmsil edib. Bu klublardan isə 35-i ya tarixin yaddaşına köçüb, ya da hazırda heç bir peşəkar liqada mübarizə aparmır.

Bu günə kimi yüksək liqada çıxış etmiş bölgə klubları:

“Gənclik” (Nəvahi), “Şahdağ” (Quba), “Şirvan” (Kürdəmir), “Lokomotiv” (İmişli), “ABN-Bərdə”, “Bozqurd” (Samux), “Energetik” (Şirvan), “Masallı”, “Araz-Naxçıvan”, “Ümid” (Cəlilabad), “Çıraqqala” (Siyəzən), “Şirvan” (Şamaxı), “Avtomobilçi” (Yevlax), “Plastik” (Salyan), “Pambıqçı” (Neftçala), “İnşaatçı” (Sabirabad), “Avey” (Ağstafa), “Göyəzən” (Qazax), “Kürmük” (Qax), “Gənclərbirliyi” (Sumqayıt), “Daşqın” (Zaqatala), “Standard” (Sumqayıt), “Muğan” (Salyan), “Xəzər” (Lənkəran), “MKT-Araz” (İmişli), “Pambıqçı” (Bərdə), “Sumqayıt”, “Şahdağ” (Qusar), “Karvan” (Yevlax), “Kür-Nur” (Mingəçevir), “Xəzər” (Sumqayıt), “Simurq” (Zaqatala), “Viləş” (Masallı), “Şəmkir”, “Qəbələ”, “Xəzər Lənkəran”, “Turan” (Tovuz), “Kəpəz” (Gəncə), “Qarabağ” (Ağdam).

Mövsümlər üzrə bölgə klublarının yüksək liqada çəkisi (faizlə):

1992 – 22 (26)/84,6 faiz
1993 – 15 (20)/75 faiz
1993/94 – 11 (16)/68,8 faiz
1994/95 – 9 (13)/69 faiz
1995/96 – 7 (11)/63,6 faiz
1996/97 – 9 (16)/56 faiz
1997/98 – 8 (14)/57 faiz
1998/99 – 7 (14)/50 faiz
1999/00 – 6 (12)/50 faiz
2000/01 – 7 (11)/63,6 faiz
2001/02 – 6 (12)/50 faiz
2003/04 – 7 (14)/50 faiz
2004/05 – 10 (18)/55,6 faiz
2005/06 – 9 (14)/64 faiz
2006/07 – 9 (13)/69 faiz
2007/08 – 9 (14)/64 faiz
2008/09 – 7 (14)/50 faiz
2009/10 – 8 (12)/66,7 faiz
2010/11 – 7 (12)/58 faiz
2011/12 – 7 (12)/58 faiz
2012/13 – 7 (12)/58 faiz
2013/14 – 5 (10)/50 faiz
2014/15 – 6 (10)/60 faiz
2015/16 -5 (10)/50 faiz
2016/17 – 4 (8)/50 faiz
2017/18 – 4 (8)/50 faiz

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Fikirlərini bizimlə bölüş!