Azərbaycan futbolu

Xəbərlər və təhlillər

HAKİMLƏ ADAŞ STADİON

Yazıçı Artur Hopkraft Tofiq Bəhramov haqqında yazırdı: “Bəhramov bayrağını qaldıranda bütün İngiltərə onun ayaqları altında idi. Hər kəs fikirləşirdi ki, görəsən, bu rus nə istəyir? Üstündən 10 illərlə vaxt keçdikdən sonra hamı başa düşdü ki, o, rus deyil. Möcüzəli ölkənin – Azərbaycanın oğludur”.

HEYKƏLİ OLAN YEGANƏ HAKİM

Ayağından aldığı zədə onu sevimli peşəsindən uzaqlaşdıra bilmir. O, dəfələrlə oyunda bayraq qaldırsa da, həyatda mübarizə zamanı heç vaxt bayraq qaldırmır…

Onun 1966-cı ildə İngiltərədə keçirilən VIII Dünya Çempionatının finalında verdiyi qərar elə dünyanın özünü iki hissəyə parçalayır. Onun istədiyi isə yalnız və yalnız ədalətli qərar idi. Hadisələri yada salaq:

London. 30 iyul 1966-cı il. 93 min azarkeş və “Uembli” stadionu. İngiltərə və Almaniya yığması üz-üzədir – bu dəfə Dünya Çempionatının həlledici oyununda. Mundialın ən həssas, bəzilərinə görə isə dramatik qarşılaşmasında ingiltərəli futbolçu Cefri Herts oyunun 110-cu dəqiqəsində almanların qapısına qol vurur. Oyunun əsas hakimi, isveçrəli Dinst qərar vermək üçün bütün məsuliyyəti özünün köməkçisi, hakim Tofiq Bəhramovun üzərinə atır. Oyunun taleyini üzərində hiss edən Bəhramov İngiltərənin xeyrinə qərar qəbul edir.

Söz gəzir ki, T.Bəhramov almanlara qarşı II Dünya müharibəsindən qalan ədavətə görə belə qərar qəbul edib. Sonuncu müsahibələrinin birində “qol olmuşdumu” sualına “Stalinqrad” cavabını verməklə Bəhramov məşhur qol ətrafında daha bir əfsanə yaradır.

"Söz sözü çəkər", – deyirlər. Azərbaycan futbolunun 100 illiyi münasibətilə tədbir təşkil olunur. Tədbirə qalmaqalı ayağına yazan Cefri Herts də qatılır. Görüş zamanı onu, əfsanəvi Tofiq Bəhramovun oğlu Bəhram Bəhramovu və Almaniyanın o vaxtkı qapıçısı Hans Tilkovskini səhnəyə çağırırlar. Bəhram Bəhramov onları barışdırır və deyir: “50 ildir mübahisə edirsiz. Bəsdir artıq. Barışın, amma qol var idi…”

Qeyd edək ki, qalmaqallı epizod Dünya Çempionatının gedişatını dəyişmir. Çünki hesab 4:2 idi. Amma məsələ ədalətli qərar və layiq olanı düzgün qiymətləndirməkdən gedirdi. Bəhramov da bunun öhdəsindən layiqincə gələ bilmişdi. Çempionatın nəticəsi dəyişməsə də, yaşıl meydanların ədalətli hakiminin həyatı dəyişir.

Yalnız baş hakimlərə verilən “Qızıl fit” bu dəfə Bəhramova ötürülür. Böyük Britaniya kraliçası II Elizabet özü ona “Qızıl İlahə” mükafatını təqdim edir. Tofiq Bəhramov şərəfinə heykəl ucaldılan yeganə hakim kimi tarixə düşür. Dünya Çempionatının final oyununa düşmək üçün Bəhramova cəmi iki oyunda iştirak etmək kifayət edir. Bu günümüz üçünsə belə bir göstərici demək olar ki, mümkün deyil…

15 İLLİK TƏCRÜBƏ, 0 QIRMIZI KART

Onun oğlu müsahibələrindən birində demişdi ki, Bəhramov oyun başlayan kimi nəzarəti əlinə götürərdi. Simulyasiya ilə onu aldatmaq mümkün deyildi. Oyunçu yalandan yerə yıxılanda bunu həmişə gülüşlə qarşılayar və yaxınlaşıb həmin oyunçuya deyərdi: “Qalx ayağa, soyuq dəyər sənə”. Bilirdiniz ki, 15 il ərzində o, heç bir oyunçuya qırmızı vərəqə göstərməyib?!

2004-cü ildə vəfat edən ingilis yazıçısı Artur Hopkraft Azərbaycan arbitrinə özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. Azərbaycanlılar üçün Tofiq Bəhramov o zamandan bəri Dünya Çempionatının final oyununu idarə edən hakimdirsə, ingilislər üçün Metto Basbi, Alfom Remzi, Bobbi Mur, Bobbi Çarlton kimi futbol simvolları ilə bir sırada adı çəkilən futbol əfsanəsidir. Tofiq Bəhramov həm də 2006-cı il Dünya Çempionatına həsr olunan cizgi filminin qəhrəmanıdır.

Və bu gün Azərbaycanda, əfsanəvi hakimin doğma torpağında, Bakısında bir nömrəli idman arenası – Respublika Stadionu onun adını daşıyır. Stadionun girişində isə mərhum hakimə abidə ucaldılıb – yenə də dünyada ilk dəfə olaraq…

Stadion barədə yazmazdan əvvəl məlumat dəstəyi üçün Tofiq Bəhramov adına Respublika Stadionunun təsərrüfat müdiri Ramiz Zeynalova və İdman Akademiyasının baş müəllimi Kamal Şıxəliyevə dərin təşəkkürümüzü bildiririk. Qeyd edək ki, futbol aşiqi olan bu iki insanla söhbətimiz zamanı Ramiz müəllim stadionda son 10 ildə canlı şahidi olduğu dəyişikliklərdən və hadisələrdən danışdı. Kamal müəllim isə stadionun tarixini bir xeyli əvvələ vərəqlədi…

STALİNƏ PƏRƏSTİŞ STADİON MEMARLIĞINDA

50-ci illərə qədər futbol üzrə SSRİ çempionatının oyunları cəmi 2 stadionda keçirilirdi – biri “Azərbaycan” mehmanxanasının yerindəki “Dinamo”, digəri isə Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına Stadion idi.

Bəhramov adına Respublika Stadionunun təməli 1939-cu ildə qoyulur. Böyük Vətən müharibəsi başlayanda tikinti işləri dayandırılır. Bir neçə il fasilədən sonra işlər elə qaldığı yerdən davam etdirilir.

Stadionun layihəsi L.Qonsiorovski, P.İsayev və A.Sergeyevə məxsusdur. Hündürdən baxdıqda stadion kiril əlifbasındakı “S” hərfini xatırladır. Məsələ burasındadır ki, həmin arena SSRİ-nin o vaxtkı rəhbəri İosif Stalinin adını daşımalı idi. Ona görə də stadion Stalinin soyadının baş hərfi – “C” (kiril əlifbası ilə) şəklində salınır.

Tikilməsi bir cür çətinlikdən keçən stadionun açılışı da asan olmur. Plana görə, 1951-ci il, sentyabrın 6-da yeni stadionun açılışı olmalı idi. Tərslikdən həmin gün “Neftyanik” Moskvanın “Lokomotiv” komandası ilə yaşıl meydanda üz-üzə gəlir. İdman rəhbərliyi bir məsələ üzərində ciddi-ciddi fikirləşir: “Bayram günündə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da iştirak etdiyi bir oyunda Bakı futbolçuları “Lokomotiv”ə uduzsa, nə olar?”. Məhz buna görə də rəhbərlik açılış mərasimini 10 gün ləngidir.

Yeri gəlmişkən, “qorxduğun başına gələr” misalı “Neftyanik”- “Lokomotiv” görüşündə özünü doğrultmur. Oyun 2:1 hesabı ilə Bakı futbolçularının ayağına yazılır. Stadionun açılış tarixi isə sentyabrın 16-na…

Nəhayət, Mircəfər Bağırovun iştirakı ilə stadionun açılışı olur. Tədbirdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi T.Yaqubov, SSRİ bədən tərbiyəsi və idman komitəsi sədrinin müavini S.İvanov, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi N.Hacıyev, Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin üzvü, professor M.Topçubaşov çıxış edirlər. Məşhur idmançılarımız – İbrahimpaşa Dadaşov, Musa Babayev, Vladlen Busaleyev, Xandadaş Mədətov, Züleyxa Hacıyeva və digərləri Azərbaycan bayrağını stadiona gətirirlər. Dövlət Himninin sədaları altında bayrağı ucaldırlar.

Açılış mərasimindən sonra müxtəlif idman cəmiyyətlərinin yetirmələrinin çıxışı olur. Bədii hissə başa çatdıqdan sonra havada təyyarə görünür. Təyyarə stadion üzərində bir dəfə dövrə vurduqdan sonra yaşıl örtüklü meydana qırmızı lentlə bağlanmış top atılır. Topdan söz düşmüşkən, yəqin ki, stadionun girişində iki kubok heykəlini və üzərində topu hər biriniz görümüsünüz. Bu kiçik abidələr əslində SSRİ kubokunun formasıdır. Qayıdaq mövzuya…

Meydana top atıldıqdan sonra futbolçular stadiona çıxırlar. Həmin gün SSRİ çempionatında “Neftyanik”in rəqibi Vilnüsün “Spartak” komandası idi. Vilnüs futbolçuları əvvəlki turda İrəvanda olmuş və 1:0 hesabı ilə qələbə qazanmışdılar. Onlar lider kimi Bakıya gəlmişdilər. Lakin Bakı futbolçuları stadionun açılışına layiq oyun nümayiş etdirirlər. 36-cı dəqiqədə Ələkbər Məmmədov rəqibin iki müdafiəçisini aldadaraq qapıçı ilə təkbətək qalır və hesabı açır. Daha sonra Viktor Maqaltadze, Ələkbər Məmmədov və Viktor Anokşin hərəyə bir top vuraraq 4:0 hesablı qələbə qazanırlar.

FUTBOL STADİONUNDA “QEYRİ-FUTBOL” QƏLƏBƏLƏRİ

Bilməyənlər üçün deyək ki, Azərbaycan idmançıları bu stadionda təkcə futbol yarışlarında deyil, digər idman növlərində də yüksək nəticə əldə ediblər. Pəhləvanlarımız stadionun idman sarayında keçirilən bir çox çempionat və turnirlərdə uğur qazanıblar. Məşhur idmançımız Mais Şeydabəyov stolüstü tennis üzrə ilk dəfə SSRİ çempionu adına məhz bu stadionda layiq görülüb. 1957-ci ildə isə yenə də bu stadionda Bakının kişilərdən ibarət basketbol komandası Türkiyənin məşhur “Qalatasaray” komandasına 45:35 hesabı ilə qalib gəlib. Görüş zamanı basketbolçularımızdan Aleksandr Petrov və Nazim Hüseynov xüsusilə fərqləniblər.

Yüngül atletlərimizdən Xandadaş Mədətov, Yuri Konovalov, Ziba Ələsgərova, Adil Demetyev, Aleksandr Kornelyuk və başqaları ilk addımlarını bu stadionda atıblar.

Stadion 1953-cü ilə qədər Stalinin adını daşıyıb. Stalin öləndən sonra stadiona Vladimir İliç Leninin adı verilir. Dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra, 1993-cü ildən stadion onun adını daşımağa başlayır.

“BİR NÖMRƏLİ STADİON BAĞLANDI!”

2012-ci ildə isə stadion bağlanır. Bu dəfə əsaslı təmir və yenidənqurma işləri üçün. Stadionda oturacaqların sayı 29 min 870-dən 31 min 200-ə qədər artırılır. Stadionun təsərrüfat müdiri Ramiz bəylə söhbət zamanı məlum oldu ki, o vaxtlar stadionun tutumu 37500 tamaşaçı idi. Adamlar oturacaqlar arasında uzun taxtalar qoyurdular. Çünki oyunlara gələnlər çox idi, yer isə az. Beləcə süni şəkildə yerlər artırılırdı. Elə olurdu ki, camaat rayonlardan 3-4 gün əvvəldən gəlir, bilet almaq üçün növbəyə dayanırdılar.

Təmir zamanı stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulub.

Qeyd edək ki, oyunlar zamanı meydançanın işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülüb, yeni müasir işıqlandırma sistemi quraşdırılıb.

Stadionda tribunaların üstünün bağlanması üçün Koreya Respublikasından gətirilmiş xüsusi fəza konstruksiyası quraşdırılıb və 30 min kvadratmetr ölçüdə yanğına, eləcə də digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülüb. Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilib. Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulub.

Stadionun VİP binası və tribunası da əsaslı surətdə yenidən tikilib. Stadion ərazisində Türkiyə istehsalı olan mebellərlə təchiz edilmiş 205 nəfərlik restoran da yaradılıb.

Məlumat üçün deyək ki, gələcəkdə stadionda keçiriləcək beynəlxalq idman görüşləri zamanı qonaqların qalmaları üçün stadion ərazisində otel də tikilir.

Yenidənqurma işləri bunlarla bitmir. Tribunada hər biri 10 nəfərlik 16 "ailə baxış otağı" da inşa edilib. Üst hissəsində, böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulub. Tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılıb. Burada, eyni zamanda mərkəzi idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi otaqları da inşa edilib. Əlillərin tribunaya qalxmaları üçün xüsusi lift quraşdırılıb.

İLK AVROPA OYUNLARI VƏ “TOFİQ BƏHRAMOV”

Bildiyiniz kimi, iyun ayında Bakı 2015 Avropa Oyunlarının keçirilməsi planlaşdırılır. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyunda baş tutacaq Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Qeyd edək ki, oyunlar zamanı Tofiq Bəhramov adına Respublika Stadionunda kamandan oxatma yarışları keçiriləcək və həmin obyektin tamaşaçı tutumu 3 min nəfər olacaq. Bu obyektdə keçirilən yarışlarda ümumilikdə 128 idmançı (64 kişi və 64 qadın) mübarizə aparacaq.

BU MEYDAN, BU DA…

Bu meydana kimlər gəlib, kimlər getməyib ki?! – Tarkan, Şakira, əfsanəvi Elton Con, Cenifer Lopez! Bu meydanda kimlər oyun keçirməyib ki?! – 17 yaşlıların futbol üzrə qadınlar arasında Dünya Çempionatı, 1986-cı ildə gənclər arasında futbol üzrə Dünya Çempionatının final oyunu! Bu meydan nə oyunlar görməyib ki?! – “Qarabağ”-“İnter” qarşılaşmasında komandamızın hesaba alınmayan qolu və minlərlə azarkeşin etirazı!

Biz qadınların əksəriyyətinin futbolla bağlı çeynənmiş və şablona çevrilmiş “10 kişi bir topun arxasınca qaçır” şəklində təhlilimizi bilməyən yoxdur. Amma bununla yanaşı, aramızda futbolu dəli kimi sevən və futbola “sadəcə oyun deyil” deyənlər də var. Futbol tariximizi, oyunçularımızı, əfsanəvi hakimimizi, ölkənin bir nömrəli arenasının dünənini və bu gününü araşdırdıqca görürük ki, futbol, doğrudan da, sadəcə oyun deyil – o həm Tofiq Bəhrəmovdur, həm də bu möhtəşəm hakimin adını daşıyan Respublika Stadionudur. Futbol “Qarabağ”ın sayılmayan qoluna üzülən və udub-uduzmasından asılı olmayaraq, komandasının arxasında dayanan azarkeşlərdir. Bir sözlə, futbol həyatdır – gərək oynamağı bacarasan, bir az da bəxtin gətirə.

Nərmin NÖQTƏ

Fikirlərini bizimlə bölüş!