“Kəpəz” rəhbərliyinin absurdluğu
Bütün Azərbaycan “Kəpəz”dən danışır. Daha doğrusu, “Kəpəz” azarkeşlərindən. Yeni Gəncə stadionu və buranın bəzəyi olan yerli publika tərəfli-tərəfsiz hər kəsin böyük rəğbətini qazanıb. Gəncəli fanatlar Azərbaycan futboluna sanki yeni nəfəs gətiriblər. Bir çox halda boz, maraqsız və səs-küysüz çempionatımızın oyunları Cavad xanın məmləkətində hər dəfə gerçək bir futbol şöləninə çevrilir.
Gəncəlilərin sevimli komandasına çılğın dəstəyi, hər tur tamaşaçı sayına görə rekord vurması adi hal alıb. Əsl futbol coşqusunu yaşamaq istəyənlər bu arenaya can atır. Rəqib komandalar belə “Kəpəz”ə qarşı səfərdə oynamağın onlara ayrı bir hiss-həyəcan qatdığını etiraf edirlər. Televiziya izləyiciləri də bu oyunlardakı atmosferin aparıcı ölkə çempionatlarının yayımını xatırlatdığını söyləyirlər.
Maraqlıdı ki, “Kəpəz” klubunun rəhbərliyinin qədim şəhərdə bu futbol ajiotajının yaranmasında heç bir xidməti yoxdur. Dövlətimiz ilk paytaxtımızın sakinlərinə layiq müasir arena inşa etdirib. “Sarı-göylər” isə ölkəmizin ikinci köklü klubudur və böyük futbol ənənələrinə malikdir. Gəncədə ən populyar idman növünün bir əsrə yaxın keçmişi var; burada futbolu yaxşı bilirlər və çox sevirlər.
Baxmayaraq ki, hazırkı klub rəhbərliyinin ortaya çıxardığı kollektiv onların ambisiyalarına və arzularına qəti cavab vermir. Komanda tribunaların çılğın dəstəyinə rəğmən, doğru-düzgün oyun nümayiş etdirə bilmir. Heyət seçimi də suallar yaradır. Fanatları biletləri tükətməyə sövq edəcək, oyunu ilə zövq verən, fərdi cəhətdən usta futbolçular da düşərgədə yoxdu. Yerli uşaqlar bir yana, komandaya cəlb edilən legionerlərin səviyyəsi dibdədi.
Klubun gələcəyi ilə bağlı hər hansı bir strategiyanın olmadığı da bəllidi. Uşaq futboluna, akademiyaya biganə münasibət sözlərimizin təsdiqidi.
Nə sponsor gözə dəyir, nə marketinq var, nə piar, nə də ictimaiyyətlə iş aparılır. Gələcəklə bağlı hər hansı perspektiv görünmür.
Hər şeyə rəğmən, gəncəlilər sırf “Kəpəz” adına görə komandaya arxa dururlar. Hər oyun rəqib komandalara ciddi təzyiq göstərirlər. Bu gün “Kəpəz”in bəlkə də yeganə üstünlüyünün məhz dolu tribunaları, sadiq fanatları olduğunu bütün ölkə bilir.
Və bunların fonunda “Kəpəz”in başbilənləri nə edirlər? Komandayla nəfəs alan, gücünə güc qatan azarkeşlərə hədə-qorxu gəlirlər!
Nə qədər absurd səslənsə də, həqiqətdi. Klub bəyanat yayıb və pirotexnika yandırdığı üçün cəriməyə səbəb olan azarkeşin məsuliyyətə cəlb edildiyini elan edib. Gələn dəfə fanatları həbslə hədələyiblər…
Klubun rəsmi mesajında azarkeşlər üçün açıq xəbərdarlıq və hüquqi təzyiq elementi var.
Siz bunların azarkeşlə qurduğu ünsiyyət dilinə baxın: cəza, cərimə, polis, 15 sutka həbs və daha nələr… Hələ Azərbaycanda minnətdar olmalı olduğu azarkeşlərlə bu cür hərbə-zorba danışan ikinci klub rəsmiləri olmamışdı!
Adamlar bu cür qeyri-peşəkar fikirlərini yazdırmaq üçün hələ Bakıdan təzə mətbuat katibi də gətiriblər (sanki 400 minlik şəhərdə əli qələm tutan yoxuymuş). Heç olmasa o, bunlara başa sala bilməzdi ki, azarkeşlə bu cür danışmaq yolverilməzdi?
Xahişlə, izahla, fan-klublarla görüş keçirməklə ancaq nəyisə tərəfdara çatdırmaq olar. 3-5 min cərimə gəlib deyə, hər oyun sizə təxminən 50 min manat qazandıran fanatları qarşınıza almaqla nəyə nail olmaq niyyətindəsiniz? Bəlkə məqsədiniz bəribaşdan Gəncə azarkeşlərinin gözünün odunu almaqdı? Qarşıda uğursuz nəticələr olsa, 15 minlik publikanın sizi vəzifəni tərk etməyə məcbur edəcəyindən çəkinirsiniz?
Başqa klublar fanat qazanmaq üçün dəridən-qabıqdan çıxır, bunlar isə hazırın nəziri olduğundan tərəfdarları bu cür ucuza xərcləməyə hazırdırlar. Uzağa getməyək, “Orhus”la oyundakı davaya görə azarkeşlərini məsuliyyətdən xilas etmək üçün “Sabah” rəhbərliyinin canfəşanlığını biri bunlara danışsın.
Amma çifayda! Biz kimə nəyi izah etməyə çalışırıq? “Kəpəz”in tarixindən bixəbər, Gəncənin ruhuna yad, ümumiyyətlə, futboldan uzaq adamlara…
Belə olmasaydı, bunca diletant bir bəyanat ortaya qoymazdılar.
P.S. Azərbaycanın ən məşhur fanatlarından biri Şamil Mustafayev klubun bəyanatına sərt reaksiya verib və “Kəpəz”lilərin hiddətini ən gözəl şəkildə ifadə edib:
“Klub kimdir ki, dərhal tədbir görsün? Başınızı aşağı salın, klubu idarə edin, özünüzü biabır etməyin! Bu rəhbərlik nə qədər futboldan uzaq adamlardır, ilahi. Siz çıxıb hər kəsin kamera görüntüsünü də təhvil verərsiniz polisə. Adam utanır klubumuzun futboldan bu qədər uzaq rəhbərliyi olduğuna!
Yandırılan heç məşəl də deyildi, tüstü idi. Tüstü nə vaxtdan partlayır, ya kiməsə xəsarət yetirir?”


Fikirlərini bizimlə bölüş!