Sabah axşam Bakı Olimpiya Stadionunda (BOS) böyük futbol gecəsi baş tutacaq. Bizim “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində dünya futbolunun nəhəngi “Barselona”nı qəbul edir. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq görüşdə ajiotaj gözlənilir.
Matç artıq “Barselona”nın tarixinə düşüb: bu, onların 127 illik tarixində Avropa turnirləri çərçivəsində həyata keçirdiyi ən uzaq səfər olacaq (3970 km). Bəs Azərbaycan futbolunun tarixində Kataloniya əfsanəsi özünə yer edəcəkmi? “Barsa” indiyədək ölkəmizə gəlmiş ən böyük futbol klubu sayıla bilərmi?
Əvvəlcə keçmişə qayıdaraq xatırladaq ki, XX əsrdə Azərbaycan əsasən SSRİ-nin tərkibində yer aldığından və Sovet imperiyasının daxili yarışlarında təmsilçilərimizin ciddi bir uğuru olmadığından dünya futbolunun nəhənglərini məmləkətimizdə canlı izləmək istəyi şirin nağıla bənzəyib. Uzun illər görüb-götürə biləcəyimiz ən titullu klub Kiyev “Dinamo”su idi. Ukraynanın qüruru SSRİ çempionatı və kuboku çərçivəsində tez-tez “Neftçi”nin və hərdən “Kəpəz”in qonağı olub.
Azarkeşlərimiz üçün Avropa turnirləri həyəcanı yaşamaq fürsəti ancaq müstəqilliyə qovuşduqdan sonra yaranıb. Oda ki, əvvəllər maliyyə çatışmazlığı ucbatından təmsilçilərimiz avrokuboklarda rəqabətə tab gətirə bilməyib və ilk mərhələlərdəcə əli ətəyindən uzun geriyə qayıdıb. Ciddi komandalara qarşı oynamaq şansı da ortaya çıxmayıb. Yalnız 1998-ci ildə püşk “Kəpəz”i buna yaxın edib. ÇL-in təsnifat mərhələsində Polşa LKS-ni keçsəydilər (1:4, 1:3), növbəti turda əfsanəvi Aleks Ferqüsonun “Mançester Yunayted”ini Gəncəyə gətirəcəkdilər…
Ancaq 2004-cü ildə Azərbaycanda futbola dövlət dəstəyi verilməyə başlayandan sonra klublarımız avropalılarla rəqabət aparmağa başlayıb. “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin bir-birinin ardınca qrup mərhələsinə yüksəlməsindən sonra isə nəhayət “Köhnə dünya”nın nəhəngləri vətənimizdə boy göstərib. Tərəfdarlarımız onları canlı izləmək imkanı qazanıb.
Bundan başqa, 2019-cu ildə BOS-da Avropa Liqasının finalını təşkil etmişik. Futbolsevərlərimiz “Çelsi” – “Arsenal” matçına (4:1) baxmaq fürsəti əldə edib.
Ümumi götürsək, indiyədək ölkəmizdə meydana çıxan ən titullu rəqib “Seltik”di. Şotlandlar ilk dəfə 2015-ci ildə ÇL-in təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la görüş üçün paytaxtımıza gəlib (0:0, səfərdə 0:1). “Keltlər” 122 titulla Misir “Əl-Əhli”sindən (125 titul) sonra dünyanın ən titullu ikinci komandası hesab edilir. Formal olaraq belədir.
Amma heç də ən güclü çempionata malik olmayan Şotlandiyada daxili titulları silib-süpürməklə dünya nəhəngi sayıla bilməzsən. Buna görə də əsas meyar beynəlxalq arenadakı uğurlar sayılmalıdı.
Bu meyarı nəzərə salsaq, biz daha ciddi rəqiblər görmüşük. Qitə nəhənglərindən “Ayaks” (76), “Arsenal” (50), Milan “İnter”i (48) və “Çelsi”ni (34) qeyd edə bilərik.
Amma “Sabah”ın qonağı olacaq “Barselona” digər adıçəkilən nəhəngləri açıq-aşkar kölgədə qoyur. İspaniya çempionunun muzeyindəki 5 ÇL kubokunu yada salmaq yetərlidi. “Barsa” 82-si daxili, 22-si beynəlxalq olmaqla 104 titulla indiyədək Azərbaycanda meydana çıxmış ən böyük klub olacaq!
Bəlkə də “Sabah” ən nəhəng rəqibə qarşı meydana çıxmaqla kifayətlənməyəcək, bizə möcüzə yaşadacaq! Hələlik isə klublarımızın məğlub edə bildiyi ən böyük klub “Qarabağ”ın ötən mövsüm səfərdə 3:2 hesabıyla mat qoyduğu “Benfika”dı (85).




Fikirlərini bizimlə bölüş!