Biri var idi, biri yox idi, 1992-ci il sentyabrın 17-də dünyaya gələn Azərbaycan yığması var idi. Əslində dünyaya fiziki cəhətdən qüsurlu gəlməmişdi. Sadəcə, formalaşmağa başladığı gündən üzərində o qədər eksperiment apardılar ki, bədəninə ən müxtəlif tərkibli o qədər maye yeritdilər ki, axırda düz-əməlli yeriyə bilmədi. Arabir iki-üç addım atdı, ancaq qədəmlərini yenicə möhkəm basmağa başlayanda yenə sınaq poliqonuna döndərildi və yıxılıb qaldı, millət, məmləkət üçün utanc yerinə, üz qarasına çevrildi.
***
İndi adam yeyib-içmək məclislərində də düz-əməlli otura bilmir. Dost-tanışın başını bişirib deyirsən ki sən canın, gəl oturub yığmanın oyununa baxaq, bir dəfə də ölkənin əsas komandasını dəstəklə. Bu xahişlə üz tutduğun qalır qıraqda, hərə cibindən bir telefon çıxarır, çoxsaylı hesab saytlarından birini açırlar, sözün başı da Ermənistan olur, ayağı da. Təbii ki, imkan daxilində bu dəlilə müqavimət göstərirsən, özünü cırırsan ki, nə olsun, onların yığması var, klub səviyyəsində izimizə-tozumuza çata bilməzlər. Bunu deyirsən e, amma eyni zamanda qüssə-kədərdən ürəyin az qalır yerindən masaya tullansın, qəzəbini soyutmaq üçün vasitə axtarırsan.
Yenə ölkəni əcaib isterika dağlası bürüyüb; aman-aman, avropalılar bizi futbol meydanında asıb-kəsirlər, haqqımızı yeyirlər, vicdansızdılar, şarlatandılar və qərəzlidilər. Görün iş nə yerə çatıb ki, milyonlar xərcləyib, futbolu dizi üstə çökən ölkənin azarkeşləri AFFA-dan, yığmanın məşqçilər korpusundan hesabat tələb etmək əvəzinə Niderland Krallığının ölkəmizdəki səfirliyi önündə piket keçirmək fikrinə düşürlər. Məni xəcalət təri axıtmağa məcbur edən, ürəyimi deşən bir neçə məqam var ki, onları mütləq bölüşməliyəm.
Haqq-ədalət axtarışına çıxan istənilən bəy və xanım ilk növbədə bu sualı özünə verməlidi: doğrudanmı, Azərbaycan yığması Budapeştdə xal qazanmağa layiq idi? Rəqib önündə ayaqları əsən (artıq futbolçular da açıqlamalarında bunu gizlətmirlər), demək olar ki, bütün ilk yarını meydanın özünə aid hissəsində keçirən bir komandanın futbolçularının, azarkeşlərinin xala ümid etməsi ədalətlidimi?
2-ci sual: lap tutaq ki, Bəhlulun qolu sayılardı və bu gün ölkəmizin adının önündəki xal xanasından 1 yox, 2 rəqəmi boylanardı. Guya bu nəyi dəyişəcəkdi, qalan iki oyunda 6 xal yığıb, Uelslə yerimizi dəyişəcəkdik? Axı özümüz də yığmanın səviyyəsinə, oyununa görə nəinki bu qrupun, ümumiyyətlə, Avropanın ən zəif komandaalarından biri olduğunu, 50-55-ci yerlər arasında var-gəl etdiyini bilirik. Biliriksə, niyə yalandan gözə kül üfürürük?
3-cü sual: VAR tətbiq olunmayan ölkələrin çempionatlarında, başqa turnirlərdə hər həftə onlarla belə səhvi, belə səhvlərə qurban gedən komandaları görmürükmü? Bəli, mən də çoxillik azarkeşlik karyeramda Azərbaycanın müxtəlif yaş qrupu üzrə yığmalarının başına açılan oyunları görmüşəm. Amma eyni zamanda sentyabrın 6-da Mərdəkandan keçirilə U-21-lər arasındakı Azərbaycan – Slovakiya oyunundakı iki ofsayd qolumuzun da “qırxı çıxmayıb”. Deməyim odu ki, belə səhvlər olub, var və olacaq. Həm lehimizə, həm də əleyhimizə!
Məncə, sualları bir kənara qoyub, indi də başqa məqam üzərində düşünməyin vaxtıdı. Azərbaycan yığması qatıldığı ilk seçmə turniri, yəni ev oyunlarını Trabzondakı “Avni Aker” stadionunda keçirdiyi AÇ-96-nın seçmə mərhələsini 1 xalla bitirmişdi. Bundan sonra ən pis halda üç heç-heçəmiz olub. Üstündən 24 il ötəndən sonra antirekordun təkrarlanmaq ehtimalı çox realdı. Bədbəxtlikdən həm Uels, həm də son turda qarşılaşacağımız Slovakiya qitə birinciliyinin final mərhələsinə qatılmaq şansını qoruyur. Tarixin qara səhifəsinin təkrarlanmaması üçün AFFA, Yurçeviç, dünən piket keçirənlər və həmin aksiyanın təbliği ilə məşğul olanlar nəsə düşünməlidi. Bir xalımız var, e, ay qardaş, cəmi 1 xalımız. Ay Elxan Məmmədov 1 xalımız var, ay Nikola Yurçeviç 1 xalımız var… Bəlkə yenə “Avni Aker”də oynayırıq, xəbərimiz yoxdu?!
HUŞƏNG
Bizə hər yer …“Avni Aker”!




Fikirlərini bizimlə bölüş!