Bu uşaqları kimə tapşıraq?

Bu uşaqları kimə tapşıraq? — illüstrasiya

Qəbələdə 20 yaşadək futbolçulardan ibarət Azərbaycan – Yaponiya matçını izləmək imkanım oldu. Bütün milli komandalarda olduğu kimi, U-20 yığmamız da matça normal başladı. Komanda istəkli görünürdü. Amma bu istək ilk 15-20 dəqiqəni əhatə elədi. Zamanla Azərbaycan futbolundakı ümumi problem özünü biruzə verdi – 2-3 ötürmədən o tərəfə keçə bilmədik, davamlı top itkiləri yaşadıq, kəsərli hücum qurmaqda çətinliklə üzləşdik.

Amma bu, futbolçularımızın heç də istedadsız olduğunu anlamına gəlmir.

Fərdi qaydada hərəsinin müəyyən üstünlükləri var. Məsələn, müdafiə xəttində kifayət qədər kritik müdaxilələr oldu və dəfələrlə rəqibi real qol imkanlarından məhrum etməyi bacardıq.

Uşaqlar meydanda xarakter göstərdilərmi, bəli.

Ölkəmizə gələn digər əcnəbi baş məşqçilərdən fərqli olaraq U-20 millimizin çalışdırıcısı Ruy Jorje də mətbuat konfransında ünvanladığımız suallara verdiyi cavablarda daha səmimi idi:

“Bura ilk gəldiyim günlə müqayisədə müəyyən fərqli təssəvürlərim var. Bu müddətdə daha çox gördüyüm bir faktor var ki, normalda futbol kollektiv oyundur, amma burada daha çox fərdi oyuna üstünlük verilir. İstəyim odur ki, oyunçular çıxışları zamanı kollektivi düşünsünlər”.

Adam problemi qabarıq şəkildə dilə gətirir və bildirir ki, onun futbolçulara başa salmaq istədiyi mühüm məsələlərdən biri də top onların ayağında olarkən verəcəkləri qərarın ən yaxşısını aşılamaqdır:

“Futbolçular bilməlidir ki, hər zaman ideal qərar var. Biz ilk növbədə bunun da üzərində işləməliyik”.

Kifayət qədər ciddi rəqib olan Yaponiya millisində isə durum olduqca fərqli idi. Penaltilər seriyasında məğlub etdiyimiz yaponların ifasında baxımlı futbola şahidlik etdik. Fiziki baxımdan da bizim millini açıq-aşkar üstələyirdilər. Gündoğan ölkənin nümayəndələri top onlara gəlmədən hansı qərarı verəcəyini bilirdilər. Zərgər dəqiqliyi ilə edilən ötürmələr futbolçuların istedadlı olması ilə yanaşı, ciddi məktəb gördüyünün də bariz nümunəsi idi.

Bu futbolçuları Yaponiya Futbol Federasiyası yetişdirib? Təbii ki, xeyr. Hərəsi bir klubun yetirməsidir və öz çıxış etdikləri komandaları millidə təmsil edirlər.

Bəs, bizim yaşadığımız problem nədir? Niyə Toral Bayramov, Musa Qurbanlı, Rahil Məmmədov meydanda səhv edəndə AFFA-nı tənqid edirik?

Əgər aşağı yaş qrupu üzrə milli komandalarda çıxış edən uşaqlar təbii ot örtüyünü yalnız yığmanın təlim-məşq toplanışında görürlərsə, tənqid ünvanımız niyə AFFA olmalıdır? Axı AFFA vasitəsilə klublara maliyyə vəsaiti ayrılır. Niyə xəbər çıxır ki, “İmişli” uşaq futbolunun inkişafı üçün ayrılan vəsaiti düzgün istiqamətdə xərcləməyib?..

Niyə aparıcı klubların əvəzedici komandasının məşqçiləri işdən sonra ailəsini dolandırmaq üçün başqa sahədə çalışmalıdır?

800-1000 manat maaş alan məşqçi necə futbolçu yetişdirsin? Bir meydançada eyni zamanda 4 komanda məşq edirsə, orada hansı perspektivə ümid yaransın?

Araşdırsaq görərik ki, ən peşəkar, ən öndə saydığımız klubların hamısında eyni durumdur. Bütün fikirlər əsas komandaya yönəlib, əvəzedicilər, gələcəyinə ümid bəslədiyimiz fubtolçular heç ikinci planda belə yoxdur.

Və belə durumda 22 yaşında Nəriman Axundzadəni hələ də perspektivli, gənc futbolçu hesab edirik. O da “Ərzurumspor”da meydana çıxdığı oyunlarda qapıya bir zərbə vurub ki, vurmasa ondan yaxşı idi…

Azərbaycan millisinin gələcəyi Yaponiya ilə oyunda meydana çıxan uşaqlar idi. Bu uşaqlara həssas yanaşmaq lazımdır. Onları inkişafı üçün klublar da əllərini daşın altında qoymalıdırlar.

Məni də ən çox narahat edən məsələ bu idi ki, görəsən, Ruy Jorje bu uşaqların inkişafı, onların daha da diqqətdə saxlanılması üçün klubların baş məşqçiləri ilə şəxsən görüşəcəkmi? Bununla bağlı portuqaliyalı mütəxəssisə sual ünvanladım. O isə cavabında dedi ki, klubların işinə müdaxilə edə bilmərəm.

Bəs, bu uşaqları kimə tapşıraq?..

Bu uşaqları kimə tapşıraq? — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!