Fərman Əlizadə üçün kişi sözü

Fərman Əlizadə üçün kişi sözü — illüstrasiya

“Keçmişdə sözünün sahibi olmayanları kişi hesab eləməzdilər. Elə indi də adətimiz belədi”.

“Kişi sözü” filminə yəqin ki, baxmısız. Bu həmin filmdəki Qasım obrazının illərdir ki, əzbərə çevrilən sözləridir. Güman ki, Fərman Əlizadə bu filmə baxmayıb. Axı rusdilli “qaqulik”lər belə filmləri bəyənmirlər və bunu öz aləmlərində “çuşka”lıq bilirlər. Doğrudan, Qasımın sözləri illər keçsə də, çəkisini itirməyib. Açığı, kişi olmaq üçün bu filmə baxmağa da ehtiyac yoxdur. Düzdü, gör-götür dünyasıdı. Amma kişi kimi görünmək üçün ilk növbədə sözün əməlinlə üst-üstdə düşməlidi.

Münasibətdə şübhə, inamsızlıq həmişə var. Axı çiy süd əmmişik. İnam gərək sarsılmaya, etibar itməyə. Çünki kişi sözünün ağırlığı olmalıdı.

Yaxın tarixə nəzər salaq. Azər Bağırovu ötən mövsüm gözüyaşlı qovan Əlizadə yoldaş ona son oyundan günlər öncə yalan satmışdı. Yarıtmaz menecer İbrahimov Erkin ilə məşhur təmsildə deyildiyi kimi əlbir olub Bağırovun yolasalınmasına hazırlıq aparmışdlar. İbrahimova yaxın saytların məşqçinin tezliklə göndəriləcəyini tirajladığı dövrdə yazılanlardan narahat olan Azər bəy Əlizadə ilə təmasa keçib. Fərman bəy hər dəfə israr edib ki, yalandı, şayiədir, inanma. Yəni ürəyini buz kimi saxla, işini gör. Hətta bir səfərində “mən kişiyəm, sənə kişi kimi söz verirəm” deyib. Sonrası da məlumdu. Əgər yalandısa, hörmətli Azər müəllim əksini desin, yalançını oxucular tanısın.

Gəncə kişiləri ilə məşhurdur. Kimləri deyək ki, inciyən olmasın. Fərman Əlizadə də gəncəlidir, özünə görə oğlandı, kişidir! “Kəpəz” boyda yükün ağırlığını çəkir.

Bizdə elə kişilər də olub ki… Ardını gətirmirəm. Necə kişilərin olduğunu onsuzda hər kəs yaxşı bilir.

İndi də vəziyyət ötən mövsümkü ilə oxşardır. Bağırov “Kəpəz”i elitada saxlayır, amma müqavilə təklif olunmur. Əməyinin qarşılığı verilmir. Görünür Azər bəyin yenə Gəncədə qalması rəhbərliyə sərf etmir. İcraçı direktor, baş menecer və digərləri ondan küsülüdürlər, danışdırmırlar. Fərman Əlizadə də onlardan fərqli münasibət göstərmir. Görəsən, indi heç olmasa Əlizadə sözünün üstündə durub baş məşqçini Gəncədə saxlayacaqmı?

“Xoruz – cinsi kişdir. Əbəs yerə banlamaz. Ağzını da bağlasan, qaranlığa da salsan, mütləq saat 4-də banlayacaq”. Bu da “Kişi sözü” filmindən Qasımın dilindən çıxanlardır. Bunu niyə xatırladım? Düzü heç bilmədim…

Rakif ALIZADƏ

Fərman Əlizadə üçün kişi sözü — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!