Futbolun yazılmamış qayda-qanunlarının məntiqi ardıcıllığı qorunsaydı, Ramil Şeydayev həmin topu qapıdan keçirməli, Qurban Qurbanov isə təkcə “Qarabağ”ın gözəl oyununa yox, həm də düzgün dəyişikliyə görə təriflənməli idi.
Amma kim bilir neçənci dəfə futbolda ədalət zəfər çalmadı və Allah eləməmiş, ağdamlılar qrupdan çıxa bilməsə, qeyri-dəqiq zərbə daim Ramilə xatırladılacaq, elə o özü də yuxuda topu, qapıçını çox görəcək.
Bəli, qrupun ilk oyununda qalib gələ bilmədik, üstəlik Xayme Romeronu da uzun müddətə itirdik. “Qarabağ”ın oyunboyu gözəl təsir bağışlaması, bir neçə qol imkanını əldən verməsi kimi, favoritlərdən birini məğlub edə bilməməyimiz də reallıqdı. “Tarixdə nəticə qalır” prinsipi ilə yanaşanda həmingün BOS-da qeyri-adi hadisə yaşanmayıb, “Qarabağ”la yanaşı, “Bazel” də 1 xal qazanıb və güman edirəm ki, bu komandalar arasındakı liderlik mübarizəsi dekabrın 9-na – səfərdəki oyuna qədər davam edəcək.
Təbii, yalnız güman edə bilərəm. “Bazel” və elə “Qarabağ” düşərgəsi də məhz özlərinin qrupun favoriti oldiğu iddiası ilə yaşasalar da, mən heç vaxt oyununa baxmadığım komandaların gücü haqda mülahizə yürütməmişəm. Amma söykənməyə dəlil axtarırıqsa, qəbul etmək lazımdı ki, bu gün sosial şəbəkələrin, futbol ictimaiyyətinin böyük əksəriyyətinin zəif kimi baxdığı “Omoniya” “Qarabağ”ın çətinliklə məğlub etdiyi AEL-in yarışdığı liqanın çempionudu. “Kayrat”ın gücündən də danışa bilərəm (internetdə bilgi çoxdu), ancaq bu yazıda hədəf başqa olduğundan gələcəyə saxlayaq.
Bəli, etiraf etmək lazımdı ki, “Qarabağ” bu dəfə cari avrokubok mövsümündəki ən gözəl oyunlarından birini, bəlkə də birincisini (uzaqbaşı “Aberdin”lə səfər oyununu xatırlamaq olar) keçirdi. Yəni nəticədən daha çox oyun gələcək adına ümid verdi. Hətta bəzi həmkarlarımın o fikri ilə də şərikəm ki, bu oyun bütövlükdə Konfrans Liqasının səviyyəsindən yüksəkdə idi. Sadəcə, nə edəsən ki, Azərbaycan kimi reytinqi aşağı olan ölkələrdə çempion ola bilməyən komandalar buralarda gəzişməyə məcburdu. “Qarabağ”ın baş məşqçisindən tutmuş sürücüsünə qədər bu acı həqiqəti anlamalı, zamanında xal toplamağın qayğısına qalmalıdı.
Futbolun ədalətinə lənət oxumaqla yanaşı, bəzi fikirləri də bölüşmək istəyirəm. “Qarabağ”ın oyununda geriyə ötürmələrin sayının xeyli azalmasını, komandanın fiziki gücünün qaydasında olmasını, oyunboyu meydanda dominantlıq etməsini tərifləməliyik. Sadəcə, hücumun son mərhələsində – bitirici zərbə lazım olanda yaşanan hoqqabazlığı anlamaq çətindi. İndi futbola yenicə başlayan uşaqlara da öyrədirlər ki, qapını görən kimi zərbə vurmaq lazımdı. Bu oyunda qeyd-şərtsiz “Qarabağ”ın ən zəiflərindən olan Zubir isə sanki qarşısına topla birgə qapı xəttini keçmək hədəfi qoyur. Bəlkə də ona elə gəlir ki, avropalı rəqiblər oyunları izləmirlər, hansı fəndləri işlədəcəyini bilmirlər. Axı biz necə izləyir, təhlil ediriksə, avropalılar da bunu bacarırlar. Monoton hərəkətləri təkrarlamaq əvəzinə orijinal gedişlər düşünmək, ya da sadəcə, daha yaxşı mövqedə olan komanda yoldaşına ötürmə vermək lazımdı.
Fikrimcə, “Qarabağ”, Qurban Qurbanov “oyundan-oyuna” prinsipi ilə çalışmalıdı. Qrupun digər oyununda da qol vurulmadığını nəzərə alsaq, faktiki mübarizə indi başlayır. Əlbəttə, ağdamlılar bu qrupda, daha doğrusu, qrupdan çıxmaq uğrunda mübarizədə autsayder deyil. Bu gün bütün dövrlərin ən yaxşı “Qarabağ”ını (mənə görə, ÇL-in qrupuna düşən komanda bundan güclü idi) meydanda görməsək də, komanda yetərincə güclüdü və qrupdan çıxmağa qadirdi. “Futbolun Qurban Qurbanova bir pley-off borcu var” deyən klubun sabiq mətbuat katibi Nurlan İbrahimlinin də fikri ilə razıyam. Azərbaycanın ən güclü məşqçisinin gələn il yubileyini – 50 yaşını qeyd edəcəyini nəzərə alsaq, avrokuboklarda yaza qalmaq komandanın ona, onun da futbolumuza ən gözəl hədiyyəsi olardı. Çətin, amma “Qarabağ”ın imkanları daxilində olan hədəfdi. Futbolun ədalətini isə artıq unudaq. O srağagün “Qarabağ”a borclu qaldı, yəqin bir gün qaytarar…




Fikirlərini bizimlə bölüş!