“Kəpəz”i növbəti mövsüm çalışdıracaq məşqçinin kim olacağı sualı hələ ki, cavab tapmayıb. Klub rəhbərliyi Azər Bağırovla əməkdaşlığı davam etdirməkdə maraqlı olmadığından bir müddətdir onun yerinə namizəd axtarmağa başlayıb. İdarə Heyətinin üzvü Fərman Əlizadə bu posta özü kimi AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun kadrı hesab olunan Elmar Baxşiyevi gətirmək istəyir. Tərəflər arasında artıq görüş olub. Təkliflə bağlı detallar müzakirə edilib.
Əlizadə hələ qış fasiləsi zamanı yola getmədiyi Azər Bağırovu qovub “Kəpəz”i Baxşiyevə tapşırmaqda maraqlı idi. Amma Elmar bəyin heyətin yenilənməsi yönündə tələbləri böyük olduğundan həmin vaxt bu sevda baş tutmamışdı.
Əgər Elmar Baxşiyevin “Kəpəz”ə təyinatı reallaşsa, bu onun ikinci dəfə Bağırovun boşaltdığı kürsüyə sahiblənməsi olacaq. Belə ki, 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın sahibi Zaur Axundov məhz Azər bəyə qapını göstərib Baxşiyevi komandasına gətirmişdi.


Fikirlərini bizimlə bölüş!