“Kəpəz” elə bir əldən “köhnələr”i yola salır. Özü də əsas heyətdə meydana çıxanları. Təxminən bir aydan sonra başlayacaq çempionat üçün komandaya bir futbolçu belə transfer edilməyib. Adlı-sanlı oyunçu demirəm ha, klub ortabab kimisə heyətinə qatmayıb. Görəsən, yeni rəhbərlik, yeni baş məşqçi ilə nəyi gözləyir?
Gələnlərin mühitə və komandaya uyğunlaşmasının, futbolçularla bir-birini başa düşməsinin, oyun üslubuna bələd olmasının vaxt tələb etdiyini düşünərək, bu gedişlə ilk matçlardan sonra “oyunçuların uyğunlaşması üçün vaxta ehtiyac var” kimi çeynənmiş və vəziyyətdən çıxış yolu kimi deyimləri çox eşidəcəyik.
Nəzərə alsaq ki, komanda ev oyunlarını yeni tikilən stadionda, yəni Gəncədə keçirəcək və komandaya 2023-cü ilin iyul–noyabr aylarını əhatə edən uğursuz baş məşqçiliyi azarkeşlər bu dəfə heç 10 oyunluq həzm etməyəcək. Davamlı qələbələrə, komandanı turnir cədvəlində yuxarıda görməyə ac olan “Kəpəz”sevərlərin bunun əksi olarsa, daha aqressiv reaksiya verəcəyi gözləniləndir. Komanda qarşıdakı 3 yoxlama oyununa da “yeni nəfəs” olmadan çıxacaqsa, ötən mövsümün daha bərbad göstəricilərini yenidən təsəvvür etmək elə də çətin olmayacaq.
Artıq digər klubların ciddi-cəhdlə seleksiya prosesini aparması onu deməyə əsas verir ki, bundan sonra yerdə qalan futbolçular – istər özümüzünkülər, istərsə də legionerlər heç kimə lazım olmayanlar olacaq. “Kəpəz”in belələrinə göz qoyması işinə yaraya bilərmi? Güman ki, klub rəhbərliyi və baş məşqçinin də müəyyən planı var. Elə etmək lazımdır ki, nəzərdə tutulanların icrasından sonra “Kəpəz” qarşıdakı mövsümün nəticələrinə əsasən I Liqaya yuvarlanmasın.
Fərid MEHDİYEV


Fikirlərini bizimlə bölüş!