Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Legione(r)lla bakteriyası

Legione(r)lla bakteriyası

Dortmund "Borussiya”sının futbolçuları “Sabah”la Çempionlar Liqasının oyunundan əvvəl məşqdə və oyundan sonra Olimpiya Stadionunun duşlarında çimməkdən imtina ediblər. “Bild” nəşrinin məlumatına görə, buna səbəb su sistemində legionella bakteriyasının ola biləcəyi ilə bağlı narahatlıqdır.

Açığı, legionella sözünü birinci dəfədir eşidirəm. Lakin özü bakteriya olsa da, adı "şirin gəldi". Axı iki ildir bu sözün kökü və kök salmış hissəsi Azərbaycan futbolunun dərinliklərinə qədər işləməyə başlayıb, üzdə isə boy atıb yayılıb. Legionella olub legioner virusu.

Bəlkə, legionellanı da elə legionerlər gətiriblər? Çempionlar Liqası oyunlarının Azərbaycanda keçirilməsinə baxmayın. Oynayanların əksəriyyəti əcnəbilərdir, legionerlərdir.

Yəni, "Sabah" lobbisinin AFFA İcraiyyə Komitəsində qəbul etdirdiyi legioner limitinin ləğvinə dair qərarın ziyanı təkcə Azərbaycan futboluna dəyməyib. Bu qərardan Bakı Olimpiya Stadionunun paltardəyişmə otağı da, onun duşları da, suları da zərər çəkib. Bunu biz yox, almanlar deyir.

Əlbəttə, bu, sadəcə ironiyadır. Bakteriyanın mənşəyi araşdırılmalıdır. Amma hadisə Azərbaycan futbolunun başqa bir “yoluxucu” problemini yada salır: legioner bolluğu!

Bəs legionella Böyükşor gölündən gəlib? Yox, bunu da demək olmaz. Axı Böyükşor artıq tərtəmizdir, sularında hətta qağayılar da rahat otururlar! Deməli, bu versiyanı da bağlayaq.

Bizdə legionerə limit yoxdur!

Pulun varsa, istədiyin qədər əcnəbi futbolçu gətir, oynat. Bəs akademiyalarda yetişən gənclər? Onlar nə vaxt əsas heyətdə şans qazanacaqlar?

Söhbət legionerlərə qarşı olmaqdan getmir. Keyfiyyətli əcnəbi futbolçu çempionatı gücləndirə bilər. Amma yerli oyunçudan ciddi fərqlənməyən legionerə böyük pullar xərcləməyin nə mənası var? Adı legionerdir deyə, mütləq keyfiyyətli olmalıdır?

Limitin ləğvi klublara seçim azadlığı verir. Ancaq bu azadlıq yerli futbolun gələcəyini düşünməmək hüququ yaratmır. Legionerlərin sayı artır, bəs milli komandanın oyunçu ehtiyatı da eyni sürətlə genişlənirmi?

Birində mümkün bakteriyadan ehtiyatlanırlar, digərində isə legionerlərin sayına limit qoymağa ehtiyac görmürlər. Əlbəttə, legionella ilə legioner arasında fərq böyükdür. Amma hər iki məsələdə riskləri vaxtında görmək vacibdir.

Stadionun su sistemində bakteriyanın olub-olmadığını analizlər göstərəcək. Futbol sistemindəki problemlərin nəticəsini isə illər sonra görəcəyik.

Böyükşor tərtəmiz, qağayılar rahat, legionerlər limitsiz… Bəs Azərbaycan futbolunun özü nə vaxt sağlam olacaq?

HƏFTƏLİK BÜLLETEN

Yazılarımız maraqlı gəlir?

Həftənin ən maraqlı təhlillərini e-poçtuna göndərək.

← Back

Your message has been sent

Fikirlərini bizimlə bölüş!