AFFA, dolu tribunadan niyə qorxursunuz?
Televizoru açırıq, Azərbaycan millisi yaşıl meydandadı. Amma ekranda görünən mənzərə adamda yalnız məyusluq hissi doğurur. Söhbət təkcə futbolçularımızın ortaya qoyduğu oyundan getmir. Azarkeş üzünə həsrət qalmış stadionlarımızdan danışırıq. Hansı ki, milli həyəcana belə biganədi.
Tənha oturacaqlar, səssiz tribunalar və sanki heç kimin maraqlanmadığı boşluq…
Ölkə çempionatının oyunlarında bu cür mənzərəyə artıq öyrəncəliyik. Amma ölkəmizin əsas komandasının matçlarındakı bu boşluğu heç cür həzm etmək olmur. Gənclər millimizin qarşılaşmalarında isə vəziyyət daha da acınacaqlıdı. Elə Çexiya ilə son görüşün (1:1) şəkillərinə baxmaq kifayətdi ki, tribunaların necə yarımtikili kimi səssiz və yalnız qaldığını görəsən.
Bəs niyə belədi? Problem doğrudanmı azarkeşin futbola gəlmək istəməməsindədir, yoxsa illərdir dəyişməyən yanlış yanaşmada?
Gəlin etiraf edək ki, milli komandanın oyunlarını daima Bakıda keçirmək adəti artıq özünü doğrultmur. Paytaxt azarkeşinin onsuz da yerli çempionat oyunlarına və milli matçlarına marağının necə olduğu göz qabağındadı. Hər dəfə eyni yerdə, eyni soyuq ab-havada oynamaq futbolçuların da motivasiyasına mənfi təsir edir. Oyunçular meydanda o coşqunu, o adrenalini hiss etməyəndə, nəticə də gözlənilən kimi olmur.
Amma vətənimizin digər yerlərində durum tam fərqlidi. Gəncəni, Lənkaranı, Tovuzu və ya Şamaxını xatırlayın. Bu bölgələrdə futbol sadəcə idman növü deyil, əsas əyləncələrdən biridi. Yerli klubların oyunlarında tribunaların necə dolduğunu, azarkeşlərin komandanı necə ürəkdən dəstəklədiyini hamımız görürük. Həmin o odlu-alovlu tribunalar milli komandaya hava və su kimi lazımdı axı!
Belədə haqlı sual ortaya çıxır: Gəncə, Tovuz kimi futbol şəhərlərində minlərlə azarkeşin milli komandaya dəstək vermək potensialı olduğu halda, oyunları israrla Bakıda keçirmək hansı məntiqə xidmət edir?
Bəs, AFFA nədən çəkinir?
Bəhanə olaraq adətən infrastruktur və ya təhlükəsizlik məsələləri göstərilir. Guya bölgə stadionları tələblərə tam cavab vermir. Amma gəlin razılaşaq ki, heç olmasa yoldaşlıq oyunlarını və ya U-21 qarşılaşmalarını oralara aparmaq mümkündü. Bakıdan kənarda da müəyyən standartlara cavab verən arenalarımız var. Əgər istək olsa, hər cür şərait yaratmaq olar. Yoxsa məsələ başqadır? Yoxsa AFFA rəhbərliyi dolu tribunadan və çoxsaylı azarkeşdən, oradan gələcək təzyiqdən qorxur?
Çıxış yolu ancaq komandanı xalqa qaytarmaqdı. Birdəfəlik başa düşmək lazımdı ki, milli yalnız Bakının deyil, bütün Azərbaycanın komandasıdı. O zaman onu bütün ölkənin qarşısına çıxarmağın vaxtı çatmayıbmı?
Bir ara məlumat yayıldı ki, ölkəmizin əsas komandası Litvanı Gəncədə qəbul edəcək. Amma nədənsə sonradan fikirlərindən daşındılar. Gah dedilər baş məşqçi Ayxan Abbasov paytaxtda toplaşan yığmanı 360 km məsafəyə aparıb yormaq istəmir (inanırıq ki, millinin çalışdırıcısı bu dar düşüncənin yiyəsi deyil). Gah da dedilər ki, Cavad xan yurdunda Litva oynamaq istəməyib. Bəhanələri də o olub ki, şəhərdə yalnız bir 5 ulduzlu otel var. Orada millimizlə eyni məkanı paylaşmaq istəməyiblər.
Sanki AFFA qonaqlara “Ramada Plaza”nı güzəştə gedib, komandanı bir qədər sadə başqa bir məkanda yerləşdirə bilməzdi. Əvəzində futbolçularımız Gəncədə paytaxtda görmədikləri dəstəyi hiss edə bilərdilər…
Çoxdan vaxtı gəlib ki, AFFA-nın başbilənləri bu məsələyə yenidən baxsın. Rotasiya prinsipi tətbiq edilməli, millimiz Tovuzda, Gəncədə, digər bölgələrimizdə meydana çıxmalıdı. Nəhayət, bizimkilər də doğma divarların gücünü qonaqlara hiss etdirməlidi. Onda görəcəksiniz ki, azarkeş də gəlir, komanda da başqa ruhla oynayır, tribunalar da dolur.
Problem azarkeşdə deyil, problem səhv yanaşmadadı.

Fikirlərini bizimlə bölüş!