Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Rəşad Sadıqova demək istəyirəm ki…

Kramariç, Perişiç, Brozoviç, Modriç, Sadıqoviç… Qapımıza doldurdular yenə. Beşini xorvatlar, birini də batan gəminin kapitanı. Hər qol girəndə, bizim də içimiz göynəyirdi. Kamran Ağayev dua edirdi. Kim olsa edərdi.

Bu aralar hamının iç üzü açılıb. Berti Foqtsu söymək üçün sıraya düzülüblər. Öz də bilirsiz kimlər? Üç dəfə ard-arda əllərini filan yerlərinə soxub sonra əl qaldıran İK üzvləri. Hamı bilir onsuz da, İK üzvlərinə əmr gəlməsə onlar tualetə belə getməzlər. Yəqin belə buyrulub ki, söyürlər, “Foqts getməlidi-filan” deyirlər. İşdi-şayət, Foqts qalmalı olsa, milliyə çağırılan azərbaycanlı futbolçulara müraciət etmək istəyirəm:

İlk öncə Rəşad Sadıqova demək istəyirəm ki, sən bütün azərbaycanlıların könlünü fəth etmisən. Bəsdi artıq, millidən getməyin vaxtıdı. Sənin böyük hesabla məğlub olub, xalqın qarşısında utancverici vəziyyətə düşən yaşın deyil. Azərbaycan xalqı sənin əməyini unutmayacaq. Və onu da deyim ki, sən Azərbaycanın müstəqillik tarixindəki ən yaxşı futbolçususan.
“Qarabağ”ın millidə çıxış edən futbolçuları, milliyə getməyin! Heç kim sizə vətən xaini deməyəcək. Siz onsuz da Avropa Liqasının qrup mərhələsinə düşməklə böyük uğur qazanmısız. Xaricdə yaxşı ad qazanmaq, hətta xarici klublara getmək istəyirsizsə, bütün gücünüzü “Qarabağ”ın AL-in qrup mərhələsindəki oyunlarına qoyun. Özünüzü göstərin, “Qarabağ”a daha çox uğur qazandırın, o zaman Azərbaycan futboluna daha çox xeyriniz dəyəcək.

Digər cavan yerli oyunçular, milliyə çağırılsaz da, buna sevinib qaça-qaça getməyin! Yoxsa sizin də sonunuz Ağabala Ramazanov kimi olacaq. İsinmə hərəkəti etmədən, tələm-tələsik meydana buraxılacaqsız, 15 dəqiqədən sonra əzələ dartması ilə kənara gələcəksiz. Üstəlik Berti Foqtsa mətbuat konfransında danışmağa bəhanə verəcəksiz. Bu böyükhesablı məğlubiyyətlər sizin psixologiyanızı da məhv edir. Camaat sizinlə məzələnir. Bəlkə də arsızlaşmısız, təsir eləmir artıq bu sözlər, amma nə qədər də olmaya…
Nə vaxt yığmaya normal məşqçi gələr, o zaman siz də həvəslə milliyə gələrsiz.

P.S. Sual edə bilərsiz ki, bəs seçmə mərhələdə kimlər oynasın? Buna çox sadə cavab tapmışam. O ordan-burdan futbolçu gətirib milliləşdirmişdilər haa, onlar yenə gəlsin. Bir də siyahı tutsunlar, hər oyunda üç-dörd məhlədən 6-7 yaxşı futbol oynayan uşaqları yığıb aparsınlar. Onsuz da böyük hesabla uduzuruq, heç olmasa, bir xeyriniz olsun. Xaricə getməyə imkanı olmayan uşaqlar gedib gəzərlər. Amma yox ee, bunlar burda da tapşırıqla milliyə futbolçu götürərlər. Öyrəşiblər axı.

Fikirlərini bizimlə bölüş!