“Sabah” azarkeşlərə seçim imkanı vermir

“Sabah” azarkeşlərə seçim imkanı vermir — Azərbaycan futbolu illüstrasiyası

“Sabah” Çempionlar Liqasındakı dörd ev oyunu üçün deputat Azər Badamovun təbirincə desək, vahid bilet satışını elan edib. Yəni azarkeş təkcə “Barselona” ilə oyuna baxmaq istəyirsə, “Slaviya”, “Borussiya Dortmund” və “Napoli” ilə qarşılaşmaların biletlərini də almağa məcbur qalır.

Bunu uğurlu marketinq strategiyası kimi qiymətləndirmək çətindir. Burada istehlakçının sərbəst seçim hüququ ilə bağlı ciddi hüquqi problem yaranır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən, istehlakçı sərbəst şəkildə mal və xidmət seçmək hüququna malikdir. Həmin maddə istehlakçını ona lazım olmayan mal və ya xidməti almağa məcbur etməyi qadağan edir. Üstəlik, qanunun 14.5-ci maddəsi istehlakçının satıcının süni şəkildə yaratdığı dəstdən yalnız ona lazım olan malı almaq hüququnu ayrıca tanıyır.

Əlbəttə, klub dörd oyun üçün endirimli paket təklif edə bilər. Bu, normal kommersiya qərarıdır. Problem paketin əlavə seçim deyil, yeganə seçim kimi təqdim edilməsidir. Hüquqa uyğun və ədalətli model azarkeşə iki imkanın verilməsidir: oyunların biletlərini ayrı-ayrılıqda almaq və ya daha sərfəli qiymətə dörd oyunluq paket seçmək.

Bir və ya bir neçə kluba olan böyük maraqdan istifadə edərək digər oyunların biletlərini də məcburi şəkildə satmaq qısamüddətli gəlir gətirə bilər. Lakin azarkeşə seçim imkanı verməyən marketinq həm istehlakçı hüquqları, həm də klub–azarkeş münasibətləri baxımından ciddi problemli məsələdir.

Futbola bazar, azarkeşə də yalnız müştəri gözü ilə baxmaq düzgün deyil. Onun seçim hüququna hörmət edilməlidir.

“Sabah” azarkeşlərə seçim imkanı vermir — Azərbaycan futbolu illüstrasiyası

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!