“Sabah” öz yetirməsinə şans versəydi…

Bir az əvvəl U-21 millimiz yoxlama oyununda Omanın U-23 komandasını 2:1 hesabı ilə məğlub etdi.

Komandamızın hər iki qolunu milliyə ilk dəfə dəvət alan və debüt oyununda dubl edən Niyazi Osmanov vurdu.

Niyazini 4 ildən artıqdır tanıyıram. Qanacaqlı, mərifətli uşaqdır. Eyni zamanda istedadlı hücumçudur.

Qazaxdan çıxıb, "Sabah"ın akademiyasında yetişib. 2022/23 mövsümündə 35 qolla AFFA U-17 Liqasının bombardiri olub.

Ancaq növbəti mövsüm U-19-a yüksələndə onun mövqeyinə Nigeriyadan futbolçular gətirildi. Beləliklə, öz yaş qrupunun bombardiri olmuş Niyazi ehtiyat oyunçuya çevrildi. Növbəti iki mövsümü həm U-19-da, həm də əvəzedicilər komandasında əsasən ehtiyatda keçirdi.

Sonra məlum məsələ… Legioner limiti ləğv edildi. Niyazi də Birinci Liqanın autsayderlərindən olan "Şimal"a üz tutdu. Artıq ikinci mövsümüdür həmin komandada çıxış edir.

Düşünürəm ki, Niyazi U-17 Liqasında bombardir olduğu mövsümdən sonra U-19-a yüksələndə "Sabah" onun mövqeyinə legionerlər gətirmək əvəzinə, öz yetirməsinə şans versəydi, bəlkə də bu gün Premyer Liqada çıxış edən klublardan birinin formasını geyinirdi. Ən pis halda Birinci Liqanın daha iddialı komandasında olardı.

Bəzən futbolçunun istedadı ilə yanaşı, qarşısına çıxan imkanlar da onun karyerasını müəyyənləşdirir. Niyazi bu günə qədər itirdiyi vaxtı geri qaytara bilməz. Amma ümid edirəm ki, bundan sonra özünü daha yaxşı göstərmək və Azərbaycan futbolunda layiq olduğu yerə gəlmək üçün imkanları olacaq.

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.