Bizmkilər niyə FİFA-dan yanadı?
UEFA-nın 55 milli assosiasiyasından 54-ü FIFA-da fundamental islahatlar və yeni rəhbərlik tələb edib.
UEFA-nın Almaniyanın paytaxtı Berlində keçirilən toplantısında bu mövqeyə qoşulmayan yeganə federasiya AFFA olub.
UEFA və milli assosiasiyalar FIFA-nın hazırkı rəhbərliyinə etimadlarını itirdiklərini bildiriblər. Onların mövqeyinə görə, yalnız institusional dəyişikliklər kifayət deyil, FIFA-ya futbola bağlı, bütün regionlarda etimad qazana bilən, inkişaf, islahat, dürüstlük və müstəqilliyə sadiq yeni rəhbər lazımdır.
Berlində dəstəklənən islahat paketində FIFA-da səlahiyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi, prezidentin idarəçilik funksiyalarından uzaqlaşdırılaraq daha çox liderlik və təmsilçilik rolunda olması, Büronun və FIFA Şurasının səlahiyyətlərinin gücləndirilməsi, nəzarət və audit mexanizmlərinin prezident müdaxiləsindən qorunması nəzərdə tutulur.
Bundan başqa, beynəlxalq oyun təqvimi və FIFA yarışları ilə bağlı qərarların birtərəfli qəbul edilməməsi, əsas qərarlar üçün məsləhətləşmə → Büro → Şura → qərar mexanizminin tətbiqi təklif olunur. Milli assosiasiyaların da FIFA Şurasının gündəliyinə məsələ çıxarmaq hüququnun gücləndirilməsi nəzərdə tutulur.
Maliyyə məsələsində isə FIFA Forward vəsaitinin hər bir uyğun milli assosiasiyanın qorunan hüququ olması, FIFA ehtiyatlarının istifadəsi üçün şəffaf siyasət hazırlanması və Forward proqramından əlavə hər federasiyaya ən azı 10 milyon dollar ayrılması təklif edilir. FIFA resurslarının şəxsi və ya seçki maraqları üçün istifadəsinə də yol verilməməsi tələb olunur.
AFFA niyə fərqli mövqedədir?
UEFA açıqlamasında AFFA-nın ümumi mövqeyə niyə qoşulmadığı izah edilmir. Lakin Azərbaycan futbolunun FIFA ilə münasibətləri baxımından iki məqam diqqət çəkir.
Birincisi, FIFA-nın Üzv Assosiasiyalar üzrə direktoru vəzifəsində AFFA-nın sabiq baş katibi Elxan Məmmədov çalışır.
İkincisi, FIFA son dövrdə Azərbaycana iki mühüm tədbir həvalə edib: U-15 dünya çempionatı və futbol festivalı, həmçinin U-20 dünya çempionatı. Bu amillər də AFFA-nın FIFA rəhbərliyi ilə münasibətlərinə fərqli kontekstdən baxmağa əsas verir.
Beləliklə, UEFA daxilində vəziyyət hazırda kifayət qədər aydındır: 54 federasiya FIFA rəhbərliyinə etimadın itdiyini bildirir, AFFA isə bu mövqeyə qoşulmur.
UEFA-nın 55 milli assosiasiyasının növbəti görüşünün 17 noyabr 2026-cı ilədək keçirilməsi planlaşdırılır. FIFA islahatları və gələcək rəhbərliklə bağlı müzakirələr həmin tarixədək davam edəcək.
Çeferin UEFA-da qalır
Berlində UEFA prezidenti Aleksander Çeferin də əvvəlki qərarını dəyişdiyini açıqlayıb. Son aylarda bütün 55 milli assosiasiya onun yenidən namizədliyini irəli sürməsini istəyib və Çeferin bu müraciəti qəbul edib.
O, 22 aprel 2027-ci ildə Astanada keçiriləcək UEFA Konqresində son müddət üçün prezidentliyə namizəd olacaq. Çeferin qərarını Avropa futbolunun birliyini qorumaq, UEFA-nı gücləndirmək və təşkilatı gələcək nəsil üçün hazırlamaq istəyi ilə əsaslandırıb. O, Avropanın etimadına görə təşəkkür edib və bildirib ki, qarşıda hələ görüləsi mühüm işlər var.
Çeferinin sözlərinə görə, məqsədi Avropa futbolunu bir yerdə saxlamaq, oyunu daha da gücləndirmək və UEFA-nı gələcək nəsil üçün hazır vəziyyətə gətirməkdir. UEFA prezidenti qərarının ailəsi üçün də asan olmadığını xüsusi vurğulayıb: “Bu qərar onlardan da çox şey tələb edir və onların anlayışı və dəstəyi olmadan bunu edə bilməzdim”.
Qeyd edək ki, UEFA-nın Berlin toplantısında AFFA-nın baş katibi Cahangir Fərəcullayev də iştirak edib.
Elşən MƏMMƏDOV


Fikirlərini bizimlə bölüş!