Hər hekayənin bir sonu olur. Amma elə vidalar da var ki, yaddaşlardan heç vaxt silinmir. Emin Mahmudov elə futbolçulardandır. Hələ butslarını mismardan birdəfəlik asmasa da, noyabrın 16-da millidən getdi. Milli karyerasını başa vurmaq qərarını yaşının artması, səfərlərin yorğunluğu və ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə əlaqələndirdi. Andorra ilə səfər oyunu yığmadakı son oyunu oldu. Vida qarşılaşmasından əvvəl AFFA tərəfindən Mahmudova üzərində 66 nömrəsi olan milli komanda forması təqdim edildi. O, son oyununda 65 dəqiqə meydnda oldu…
Bəlkə də son oyun üçün ayın 16-sı təsadüfi seçilməmişdi. Eminin milli karyerası rəngli "16"-larla doludur. Ölkənin əsas komandasında debütü 2016-ya təsadüf etdi, "Neftçi"yə də həmin ildə gəldi, yığmada 16 qol vuraraq ən məhsuldar oyunçu oldu, noyabrın 16-da da getdi…Yığmada on il ərzində 66 oyun keçirən Mahmudov bundan sonra bütün gücünü kapitan sarğısını daşıdığı "Neftçi" üçün ("66" rəqəmi də "bürünc "Neftçi" üçün rəmzi məna daşıyır) səfərbər edəcək.
Meydanı görmə qabiliyyəti, dəqiq ötürmələri və cərimə zərbələrindən vurduğu qollarla seçilən Mahmudovun karyerasına nəzər salmağa dəyər…
✔️ Saatlıda doğulub Rusiyada yetişən Emin
Emin Mahmudov 27 aprel 1992-ci ildə Azərbaycanda – Saatlıda doğulub və üç yaşında ailəsi ilə Rusiyaya köçüb. Futbola isə 6 yaşında başlayıb. 2007-ci ildən "Saturn"un gənclərdən ibarət komandasında çıxış edib. 2010-cu il aprelin 24-də Mahmudov Ramensk komandasının əsas heyətində Moskva "Dinamo"su ilə matçda debüt edib. Premyer Liqada ilk qolunu isə həmin il "Anji"nin qapısından keçirib. Rusiyanın yeniyetmə və gənclərdən ibarət yığmalarına dəfələrlə çağırılıb. O, Rusiyanın U-18, U-19, U-20 və U-21 yığmalarında 34 oyun keçirib, 9 qol vurub, U-21 komandası ilə 2012 və 2013-cü illərdə Birlik Kubokunu qazanıb.
Daha sonra Rusiyanın tanınmış klublarının, o cümlədən Moskva "Spartak"ı, "Tom" (Tomsk), "Krılya Sovetov" (Samara) və "Mordoviya" komandalarının şərəfini qoruyub. O, həmçinin Portuqaliyanın "Boavişta" klubunda da legioner həyatı yaşayıb.
✔️ Rusiyanı yox, Azərbaycanı seçdi
Rusiyanın gənclər yığmasına davamlı dəvət almasından sonra sözügedən ölkənin əsas komandasında çıxış etməyə potensial namizəd olmasına baxmayaraq, Emin tarixi vətəni Azərbaycanın milli komandasını seçmək qərarına gəldi. 2016-cı il avqustun 5-də FIFA-nın Oyunçuların Statusu Komitəsi AFFA-nın Emin Mahmudovla bağlı müraciətini rəsmən müsbət cavablandırdı. Beləliklə, o, 2016-cı ildən etibarən yığmanın heyətində çıxış etməyə başladı. Emin millidə debütünü sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı etdi. Həmin vaxt yığmanın baş məşqçisi xorvatiyalı mütəxəssis Robert Prosineçki idi. Yığmamızın səfərdə 1:0 hesablı qələbə qazandığı matçda Emin 12 dəqiqə meydanda oldu.
İlk illərdə yığmada öz yerini möhkəmləndirməyə çalışan yarımmüdafiəçi 2018-ci ildə Latviya ilə yoxlama oyununda ilk qolunu vurdu. Bu, onun Azərbaycan millisindəki məhsuldar yolunun başlanğıcı idi. Mahmudovun milli komandadakı ən məhsuldar dövrlərindən biri 2021-ci ilə təsadüf etdi. Həmin il 12 oyunda 7 qol vuran yarımmüdafiəçi komandanın hücum xəttində mühüm rol oynadı. Sonrakı illərdə də məhsuldarlığını qoruyan Mahmudov 2023-cü ildə 4 dəfə fərqləndi. Tədricən komandanın kapitanlarından birinə, daha sonra isə əsas liderinə çevrildi.
2016-cı ildə həmçinin, “Neftçi”yə transfer olunan yarımmüdafiəçi qısa müddət ərzində komandanın əsas oyunçusuna və liderinə çevrilərək kapitan sarğısına yiyələndi. 2020/21 mövsümündə "ağ-qaralar"la ölkə çempionu oldu, 2021 və 2022-ci illərdə Azərbaycanın ən yaxşı futbolçusu seçildi. Həmçinin avrokubokların seçmə mərhələlərində və qrupda komandasının vacib qollarına imza atıb.
✔️ Millinin rekordçusu
Emin Mahmudov Azərbaycan millisində yalnız qolları ilə deyil, liderliyi və sabit çıxışı ilə də yadda qaldı. Ancaq yarımmüdafiəçi mövqeyində çıxış etməsinə baxmayaraq, hücumçuları geridə qoyaraq milli komandanın ən məhsuldar futbolçusu olması xüsusi qeyd olunmalıdır. 10 illik milli karyerası ərzində keçirdiyi 66 oyunda 16 qol vurmaqla Azərbaycan futbolunda tarix yazan Mahmudovdan əvvəl rekord 14 qolla Qurban Qurbanova məxsus idi. O, 2025-ci il sentyabrın 9-da Ukrayna ilə DÇ-2026-nın seçmə mərhələsi matçında 15-ci qolunu vuraraq Qurban Qurbanovun 14 qolluq rekordunu yenilədi. Qurbanov 1992-2005-ci illərdə keçirdiyi 68 oyunda bu qədər fərqlənmişdi. Bu rekord 21 il ərzində yenilənməmişdi.
Yeri gəlmişkən, Azərbaycan millisinin bombardirləri siyahısında "üçlüy"ü Ramil Şeydayev (69 oyun, 10 qol) tamamlayır.
34 yaşlı yarımmüdafiəçi həmçinin, Andorra ilə son yoldaşlıq oyununda komandanı meydana kapitan kimi çıxaramaqla, 30-cu dəfə sarğını qoluna taxıb. Bununla da o, kapitan qismində 30 matça çıxan Maksim Medvedevə çatıb. Medvedev bunu 81 qarşılaşmada reallaşdırmışdı. Mahmudovla Medvedev millidə kapitanlıq sarğısını ən çox daşımış futbolçular sırasında ilk “üçlüy”ü bölüşürlər. Onları yalnız Tərlan Əhmədov və yığmanın rekordçusu Rəşad Sadıqov qabaqlayırlar. Yığmada 75 oyun keçirmiş Əhmədov bunun 41-də lider funksiyasını yerinə yetirib. Rəşad Sadıqov isə 111 qarşılaşmanın 78-də millinin kapitanlığını edib.
✔️ Zirvədə getməyə üstünlük verdi
Emin Mahmudovun Azərbaycan millisindəki karyerası gənc futbolçulara nümunədir. O, hər zaman çalışqanlığı, əzmkarlığı və intizamlı futbolçu olması ilə seçilib. Liderlik keyfiyyətlərinə malik təcrübəli futbolçu daim soyuqqanlığını qoruyub. Qurban Qurbanov, Rəşad Sadıqov kimi veteranların dediyi kimi, Emin hələ bir-iki il də millidə yüksək səviyyədə oynaya bilərdi. Amma görünür, o, zirvədəykən getməyi, yerini gənclərə buraxmağı və Azərbaycanda bağlı olduğu yeganə klubu olan "Neftçi"də də rekordları sıralamğı hədəfləyir. Flaqmanın heyətində ən çox oyun keçirməklə çoxdan ilkə imza atan kapitan həm də "qol kralları"ndandır.
✔️ Millidə statistikası
İllər üzrə göstəriciləri:
2016: 2 oyun
2017: Millidə çıxış etməyib
2018: 7 oyun, 1 qol
2019: 5 oyun
2021: 12 oyun, 7 qol
2022: 10 oyun, 1 qol
2023: 9 oyun, 4 qol
2024: 7 oyun, 1 qol
2025: 8 oyun, 1 qol
2026: 6 oyun, 1 qol
Rəqib üzrə vurduğu qollar:
Serbiya – 2
Qətər – 2
İsveç – 2
Latviya – 1
Türkiyə – 1
Lüksemburq- 1
İrlandiya – 1
Moldova – 1
Avstriya – 1
İordaniya – 1
Qazaxıstan – 1
Ukrayna – 1
Sent-Lüsiya – 1



Fikirlərini bizimlə bölüş!