Bir mövsümdə “Kəpəz” ikinci məğlubiyyət. Və yəqin ki, çempionluğa da əlvida.
“Qarabağ” niyə bu durumdadır? Səbəb saysız-hesabsızdır. “Qarabağ” qələbələrdən yorulub. “Qarabağ” təzyiqdən yorulub. “Qarabağ” problemlərlə mübarizədən yorulub. “Qarabağ” rəqabətsizlikdən yorulub. Məhz rəqabətsizlik belə psixoloji düşüncə formalaşdırıb “Qarabağ”ın futbolçularında: Azərbaycan çempionatında gəzə-gəzə qalib gəlmək olar.
Yox, artıq olmaz.
“Qarabağ”ın legionerləri yorulub. Fikirləri gələn təkliflərdə, ağıllarını başlarından çıxaran puldadırsa, yorulmalıdırlar. Adamları qınamaq da olmur: yararsız “Neftçi”nin maaş büdcəsi “Qarabağ”dan 5 milyon manat artıqdırsa, ağıl başqa yerdə olar.
“Qarabağ”ın düşüncəsi yorulan, ağılı pul yanında qalan futbolçuları getməlidir. Yeni nəfəs gəlməlidir komandaya.
Və təzyiqdən qurtulmalıdır komanda. Təzyiqdən isə çempion olmamaqla qurtulmaq ən asan yoldur.
Qoy indi məsuliyyəti, təzyiqi digər komandalar, məsələn, “Sabah” üzərinə götürsün. Görək nə qədər çəkə biləcəklər bu yükü.
Qoy Azərbaycan futboluna rəqabət gəlsin bu çempionluğun əldən getməsi ilə. Rəqabət olan yerdə inkişaf var.
“Qarabağ”ın bu gününə sevinin. Niyə? Çünki çempionluğun əldən verilməsi daha güclü “Qarabağ” vəd edir bizə.
Bir neçə il əvvəl yaşamışıq bunu, “Neftçi” çempion olanda. Ondan sonra daha güclü “Qarabağ” qayıtdı. Amma onda əldən verilən çempionluq “Neftçi”yə heç bir təsir göstərmədi. Rəqabətsiz qaldı Azərbaycan çempionatı. Dua edək ki, “Sabah” “Neftçi” olmayacaq, “Neftçi” “Qarabağ”, Sabah” səviyyəsinə yüksələcək. Azərbaycan futbolunda sabit inkişaf onda olacaq.
“Qarabağ”ın bu gününə sevinin. Daha güclü “Qarabağ”, daha güclü çempionat görmək istəyirsinizsə…
Natiq MUXTARLI


Fikirlərini bizimlə bölüş!