Milli komanda Lixtenşteynlə məğlubiyyətə bərabər heç-heçəyə uğrayanda xalqın səsinə qulaq asmaq istədim. Sosial şəbəkələrdə Ayxan Abbasovu asıb-kəsənlər çoxluq təşkil edirdi.
Dedim, əcəba Tərlan Əhmədovun adını yazanlar görünmür, niyə, nə olub…
Həmişəki kimi, “…bu komandanı yalnız Tərlan Əhmədov düzəldə bilər” janrında şərhlər çıxdı qarşıma. 2-3 dənə idi.
Dedim, əvvəllər 10-a yaxın belə şərh olardı, yorulublar yəqin. Azalmanın səbəbini bilmirəm, ancaq bir-ikisi ştatlı və stajlı tərlançıdır… Oxşar mövzular harda açılsa, peyda olub, “çarə Tərlan Əhmədovdadır” tipində nəsə yazırlar.
Sual verə bilərsiniz ki, bu niyə mövzu olsun?
Ona görə yazıram ki, bəhs etdiyim proses səmimi, təbii görünmür.
Azərbaycanda “çarə” hesab oluna biləcək ən real ad Qurban Qurbanovdur. Onun adını belə Əhmədovdan qat-qat az yazırlar.
Deməli, xalq Tərlanı xilaskar rolunda görür?
Təbii ki, yox. Son iş yeri “Kəpəz” idi. Qalmaqalın biri bir qəpikdən. Üstəlik, “…komandanı liqada saxlayıb, gedəcəyəm” deyib, birtəhər saxlasa da, getmədi. Dedi, rəhbərlik nə qərar versə, o olacaq. Rəhbərlik də göndərdi, getdi…
Urvatsızlıq.
Əhmədovun öz “lobbisi” var. Dəstəkçiləri, ətrafında ajiotaj yaradanları…
Məşqçi işlədiyi yerlərdə idarəçilik və digər məsələlərdə nöqsanlara yol verib. Detallara varmaq gərəksizdir. Sadəcə, dəqiq olan budur ki, “çarə” onda deyil, interşum boşunadır…
Lixtenşteynlə oyundan sonra millidə intizamsızlıqdan danışıb. Həmkarı Ayxan Abbasovun idarəçiliyini dolayısı ilə şübhə altına salıb.
Deyə bilərik ki, müstəqil fikridir. Lakin normalda etik sayılmayan davranışdır. Çünki tək intizamsızlıqdan danışmır, sətiraltı ifadələrlə birbaşa həmkarını “vurur”.
Millinin pis oyunu barədə danışmağa hər kəsin haqqı var. Eləcə də Əhmədovun… Mütəxəssis kimi bu vəziyyəti dəyərləndirə, öz fikirlərini bildirə, təkliflərini verə bilər. Lakin kulisə süni müdaxilə etmək, intizamsızlıq kimi mücərrəd anlayışla ittiham etmək…
Əhmədovun şakəridir bu cür mövqelər. Bu xasiyyətinə görə camiədə birmənalı qarşılanmır. İstəyənləri kifayət qədər olsa da, istəməyənləri də az deyil.
İllərdir, “iş vermirlər” gileyinin fundamentində bu şakərinin dayandığını düşünüb, tərzini dəyişsə, bəlkə də işində əvvəlkindən qat-qat faydalı olar.


Fikirlərini bizimlə bölüş!