2025/2026 mövsümünün bürünc mükafatçısı “Turan Tovuz” Konfrans Liqasına vəsiqə qazansa da, onun yerinə avrokuboklara “Zirə” gedə bilər. Məsələnin bəzi təfərrüatları məlumdu.
Əldə etdiyimiz məlumata görə, buna səbəb “Turan Tovuz”un birinci divizionda iştirak edərkən oyun alqı-satqısına görə UEFA-nın radarına girməsidir.
2019-cu ildə baş verən bu hadisəyə görə, həmin vaxt UEFA-dan AFFA-ya məlumat daxil olub və “Turan Tovuz”un 7 oyunçusu futboldan kənarlaşdırılıb.
Qocayev Sənan, Rüstəmov Misir, Bağırov Emin, Sadıqov İlkin, Məmmədov Rüfət, Tağıyev Eltay və Quluzadə Şahinin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunduğu üçün futbolla bağlı bütün növ fəaliyyətləri qadağan edilib.
UEFA elə bu səbəbdən Tovuz təmsilçisinin avtokuboklarda iştirakına qadağa qoyub. Bununla bağlı vaxtında kluba məktub göndərilsə də, “Turan Tovuz” çalışanları məsələyə elə ciddi yanaşmayıb. Nəticədə bu, “Turan Tovuz”un avrokubklardan kənarda qalması riskini yaradıb.
Düzdür, ötən günlərdə Ehtiram Quliyevin rəhbəri olduğu komanda bununla bağlı CAS-a müraciət edib. Məsələyə baxılmanın intensivləşəcəyi gözlənilsə də, UEFA-nın qərarının 99 faiz dəyişməyəcəyi bildirilir.
Belə olan halda “Zirə” Konfrans Liqasına birinci təsnifat mərhələsində başlayacaq. “Neftçi” isə avtomatik olaraq turnirə birinci yox, ikinci təsnifat mərhələsindən qatılacaq.
Emin SƏFƏROV


Fikirlərini bizimlə bölüş!