Gözlənilən oldu – “Sabah” İngiltərədən böyükhesablı məğlubiyyətlə qayıtdı. Müqavimət göstərdi, nəsə etməyə çalışdı, amma bacarmadı. İndi bu məğlubiyyəti qəbul etmək, məyusluq içində “0:4-dən qaçmaq olardımı” sualına cavab axtarmaq lazımdı.
Temp, temp, yenə də temp! “Sabah” əslində oyuna yaxşı başladı, birmənalı şəkildə öz qapısına çəkilmədi, hücuma hücumla cavab verməyə çalışdı. Amma bütün bunları bir yerə qədər, daha doğrusu, hesab açılana qədər bacardı. Belə oyunlarda hesabın açılmadığı hər dəqiqə favoritin əhvalını korlayır, anderdoqun ruh yüksəkliyini artırır. “Sabah” çox yox, cəmi 18 dəqiqə də dözsəydi, hissənin sonuna qədər qapısını toxunulmaz saxlasaydı… Erkən qola imkan verməyəndən sonra əsas hədəf bu idi, ancaq alınmadı.
İngiltərə premyer-liqasını başqa çempionatlardan fərqləndirən əsas cəhət odu ki, futbolçular məhdud ərazidə sürətli qərar vermək bacarığını ən yüksək səviyyəyə çatdırıb, hər anın öz hökmü var, bir saniyə ləngidinsə, gözünün yaşına baxmadan ən sərt şəkildə cəzalandırırlar. Binəva Parris nə etdi ki?! Cinahda adi bir vəziyyətdə topu itirdi, mankunianlar dərhal hücuma keçdi, 4 ötürmədən sonra Pokatilov topu tordan çıxardı.
Kim nə deyir-desin, Aaron Maludanın gedişindən sonra “Sabah”ın hücumlarında kreativlik azalıb. Təsnifat mərhələlərində bu problem qabarıq görünməsə də, liqa mərhələsi artıq başqa, daha yüksək səviyyədi. MY dəfələrlə bizimkilərə topla oynamaq, özünün cərimə meydançasının önündə ötürmələri sıralamaq imkanı verdi. Amma son və həlledici-yaradıcı ötürmə çatmırdı ki, rəqib qapısına yol tapa bilək.
İngiltərədə “Çelsi”yə “zadəganlar” deyirlər. Məncə, bu ad elə MY-yə də yaraşır, rəqib nəcib, kübarcasına davrandı. Həm özü oynadı, həm də “Sabah”a imkan yaratdı. Onun yaratdığı imkanlar çərçivəsində də qol vurmaq mümkün idi. Bax, həmin anda artıq futbolçuların fərdi ustalıq səviyyəsi önə çıxır. Məsələn, Mikels 36-cı dəqiqədə yaxın məsafədən topa başla dəqiq zərbə vursaydı, hesab bərabərləşəcək, Allah bilir, ondan sonra hadisələrin axarı necə olacaqdı. Və ya 2-ci hissəyə artırılan ilk dəqiqədə Mbina topu bir neçə santimetr aşağıdan vursaydı, toru silkələyəcəkdi.
Və Valdas Dambrauskas amili. Litvalı mütəxəssis oyunöncəsi mətbuat konfransında “çətin, çox çətin, çox-çox çətin və “Sabah”ın bəxtinə düşən püşklər olur” deməklə əslində bu oyunla bağlı gözləntilərini ortaya qoymuşdu. Bəli, “Qarabağ”a, “Zirə”yə, “Kəpəz”ə qarşı taktika hazırlamaq başqadı, MY-yə qarşı hazırlamaq başqa. Dambrauskas futbolçularının canından qorxu hissini çıxarsa da, cəsarət “yükləyə” bilməmişdi. Mən bunu oyunla bağlı reportajda yazmışdım, baş məşqçi isə oyunsonrası mətbuat konfransında etiraf etdi. Cəsarətsizin nəticə qazanması çətin və mümkünsüzdü. Dambrauskas yalnız fasilədə müəyyən təlimatlar verməklə, dediyinə görə, videofraqmentlər göstərməklə oyunçularını bir qədər cəsarətləndirə bildi ki, onda da artıq “qatar getmişdi”.
Nəticə: “Sabah” sensasiya edə bilməsə də, sifətini qorudu. İndi daha real hədəflərə köklənməyin vaxtıdı. 0:4 dünyanın sonu deyil, xal ala biləcəyimiz rəqiblərin dairəsini müəyyənləşdirməli və xal almalıyıq. Keçmiş olsun!


Fikirlərini bizimlə bölüş!