Azərbaycan futbolu

Xəbərlər və təhlillər

24 “soxulcan” – əsl qumarbazları onlar tora salmalıdı

Nəhayət, açıqlandı. AFFA özündə cəsarət tapıb danışılmış oyunlarda iştirakda şübhəli bilinənlərin ilkin siyahısını ictimaiyyətə bəyan etdi.

Əslində, buna cəsarət yox, məcburiyyət də demək olar. Çünki UEFA-dan gələn sirkulyar məktubların sayı o qədər çox, hədəflər o qədər aydındı ki, bu addımı atmamaq işbazlarla əlbir olmağın etirafı demək olardı.

İndi bəlli olur ki, bizim məhz adı çəkilən 6 klubdan şübhələnməyimiz təsadüfi deyilmiş. Assosiasiya da UEFA-dan və digər mənbələrdən aldığı siqnallara əsasən, “Energetik”, “Göyəzən”, “Rəvan”, “Bakılı”, “Şahdağ” və “Şərurspor”un 22 futbolçusunu, 1 inzibatçısını, eləcə də 1 hakimi şübhəli şəxs sayır.

Azərbaycan çempionatının I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır. Komissiya bu işdə şübhəli bilinənləri araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırıb. Yəni, onların heç biri hələlik cinayətkar elan edilməyib. Siyahıda göstərilənlərdən təmizə çıxanlar da ola bilər, adı ora yeni düşənlər də. Bu, UEFA-nın ilkin siyahısıdı və AFFA ona boyun əyərək araşdırma aparmağa borcludu.

Təbii ki, bu boyda qumar əməliyyatı 20-dək futbolçunun beyninin məhsulu ola bilməz. Bu işin sifarişçiləri var və adı çəklənlər yalnız müəyyən pay qarşılığında işi icra edənlərdi. Kəsəsi, hələlik aktyorların adı açıqlanıb, ssenari müəllifləri, rejissorlar pərdə arxasında qalıb. Tamaşaya qiymət verildiyi zaman həmin şəxslər də bəlli olacaq. Artıq qanun layihəsi qəbul olunub, tezliklə işə hüquq-mühafizə orqanları qarışacaq. Məhz bundan sonra qırmaqda soxulcan rolunu oynayan 24 nəfər balıqların ovlanmasına yardım etməlidi. Siyahıya düşənlər ya günahsızlığını sübut etməli, ya həbsə getməli, ya da onları bu işə sövq edənləri göstərməklə cəzalarının yüngülləşdirilməsinə nail olmalıdılar.

İstənilən halda, cinayət varsa, cəza da olmalıdı. AFFA-nın ssenari müəlliflərini, rejissorları cəzalandırmağa gücü çatmaya bilər, lakin işə hüquq-mühafizə orqanları qarışırsa, artıq cinayətin motivi dəyişir. Kütləvi cinayətkarlıqda isə böyük qurbanlar olmalıdı.

Siyahıda adı birinci göstərilən “Şahdağ”ın 5 futbolçusu şübhəli kimi göstərilib. Klub rəsmi açıqlama verməyə tələsmir, araşdırma aparır. Güman ki, UEFA videogörüntülərə görə bu qənaətə gəlib. Təkcə “Göyəzən”lə 1:1 hesabıyla başa çatan səfər görüşü bu baxımdan kifayət qədər material verib. Həmin oyunda hoqqalardan çıxan hakim Anar Niyazovun adı da siyahıya boşuna salınmayıb.

Lakin bu klubun inzibatçısının da adının siyahıya salınması göstərir ki, ilkin araşdırmalar zamanı yalnız matçların videoyazısıyla kifayətlənməyiblər. Çünki Rafael Kübərov meydana çıxmayıb, ancaq adı siyahıdadı. Deməli, artıq şübhəlilər ilkin dindirmələr zamanı ya onun adını çəkiblər, ya da bu şəxslə bağlı hansısa ciddi fakt var.

“Şahdağ”ın bu kimi işlərlə məşğul olmasıyla bağlı mətbuat neçə vaxtdı yazır.Komandanın baş məşqçisi Adil Mahmudovun adı həm bu kimi məsələlərdə, həm də iranlı futbolçuların klublarımızda haqq qarşılığında yerləşdirilməsi məsələsində hallanır. Və çox maraqlıdı ki, o, məhz “Göyəzən”lə oyundan az sonra işdən çıxarılıb. Ya rəhbərlik onun “təmiz” işləməməsindən, ya da bu olaylardakı rolundan şübhələnib.

Siyahıda hamıdan çox futbolçu ilə təmsil olunan “Rəvan”da baş məşqçi Bəhmən Həsənovun kənarda qalması müvəqqətidi. Az qala komandanın yarısı şübhəlidisə, bu insanları bir araya yığan şəxsin bundan xəbərsiz olması qəribədi. Yəqin ki, məsələ böyüyəcək və Gənclər və İdman Nazirliyi də kimi əməkdar məşqçi adına layiq bildiyi üçün qızaracaq. Dünən gün ərzində klub rəsmiləri bizimlə danışmaq istəmədi.

İndi “Rəvan” klubda idman direktoru olan atası Füzuli Əliyevə görə hələ də karyerasını davam etdirən Elvin Əliyevin, 40 yaşında kiminsə qoltuğuna sığınıb pul qazanan Cəmşid Məhərrəmovun və onların idarəsi ilə şübhəli oynlarda iştirak edən gənclərin əməllərinə görə cavab verməlidi. Oyun alqı-satqısı ilə bağlı hər təklifə “hə” deyən futbolçulara nəzarət edən kimsə yoxdusa, bu, özü də ayıbdı.

“Bakılı” bəlkə də divizionda qumarın əsasını qoyan klublardandı. Ancaq görünür, klub prezidenti Misir Əbilov o qədər peşəkarlaşıb ki, siyahıya cəmi 2 futbolçusunun adı düşüb. Eyni sözü “Şərurspor” haqda da demək olar. Bu klubun divizionda oynamasının məqsədi zatən şübhəli matçlardı. Sahibinin mərc kontoru olduğu deyilən komandanın cəmi 2 futbolçusunun siyahıya düşməsi müəmmalıdı. Amma güman ki, bu, sadəcə, ilkin siyahıdı. Qarşıda bu klubla bağlı çox sürprizlər olacaq.

“Göyəzən” rəhbərliyi də daş atıb başını tutur, bu məsələlərdən xəbərsiz olduğunu deyir. Fakt isə odur ki, qazaxlıların 3 üzvü şübhəli şəxsdi. Əlavə olaraq, bu mövsüm əksər sensasiyalı nəticələr məhz “Göyəzən”in oyunlarında reallaşıb. “Bakılı” üzərində gözlənilməz qələbə və “Şahdağ”la heç-heçə çox başların yeyilməsinə səbəb olacaq.

“Energetik” də 3 futbolçusundan əlini üzüb. Lakin həmin “üçlük” hüquq-mühafizə orqanlarında dindirildikdən və konkret faktlarla üz-üzə qoyulduqdan sonra bu işləri təşkil edənləri ifşa etməyə məşcbur olacaq. O zaman Mingəçevir klubundan daha maraqlı xəbərlər eşidəcəyik.

Anar Niyazov amili isə daha maraqlıdı. Hakimin adının siyahıya salınması göstərir ki, bu, böyük şəbəkə işidi, yalnız futbolçuların iştirakı ilə reallaşmayıb. Hakimlikdən qovulub, sonradan bağışlanan bu şəxs dəfələrlə lazımi hesabı (divizionda dəqiq hesaba pul yatırmaq daha çox dəbdədi – red.) təmin etmək üçün hətta yüzfaizli qolu da saymayıb. Təkcə məşhur “Göyəzən” – “Şahdağ” oyununda 40 metrdən vurulan qolun hesaba alınmaması faktı kifayətdi. Onu günahlarına rəğmən, hakimliyə qaytaranlar, yenidən şans verənlər də bu olaylardan ziyan çəkəcək.

Əminliklə deyə bilərik ki, oyun alqı-satqısı, qumara qoyulması Premyer Liqada da var. Lakin divizionda bu kimi olaylar daha kütləvi olduğundan proses oradan başlayıb. Bəlkə həm də ona görə ki, elita klubların arxasında oliqarxlar dayanır və onların adının şübhəli oyunlarda hallanması siyasi qalmaqala da səbəb ola bilər. Ona görə də hələlik divizion klublarına rəhbərlik edənlər sorğu-sual ediləcək, müəyyən cəzalar olacaq, 1-2 klub yarışlardan kənarldırılacaq. Ola bilsin, qumar əməliyyatının əsas təşkilatçılarını cəzalandırmaq üçün faktlar kifayət etməyəcək, futbolçulardan kimsə günahı olmaan cəza alacaq, lakin bu, çoxlarına dərs olacaq.

Komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq. Və məhz həmin cəzaların miqyasından asılı olaraq, AFFA özü də silkələnə bilər. Bu olaylar yarışı təşkil edən Peşəkar Futbol Liqasının imicinə zərbə ola bilər. Lakin əsas odur ki, balıqları tutmaq üçün soxulcanlar yığılıb, indi ov zamanıdı. Və faktlar da yalnız UEFA-nın siqnallarından ibarət deyil. Divizion oyunlarının videoçəkilişləri zamanı çox adamın “şübhəli səsləri, tapşırıqları” yaddaşa yazılıb.

Fikirlərini bizimlə bölüş!