1987-ci il oktyabrın 14-də Türkiyə millisi İngiltərəyə 0:8 hesabıyla məğlub olmuşdu. Bu məğlubiyyət türklərin gözünü elə qorxutmuşdu ki, ondan sonra minimalhesablı yenilgiləri toy-bayram kimi qarşılıyırdılar. Uzun müddət az top buraxıb uduzduqları oyunları qələbəyə bərabər tutur, inkişaf etdiklərini deyirdilər. Həmin dövrlər bu cür məğlubiyyətlərdən sonra Türkiyənin idman mətbuatının manşetlərini “Yenildik, ama yıkılmadık” tipli başlıqlar bəzəyirdi. İndi biz eynilə Anadolu türklərinin 80-ci illərdə düşdüyü vəziyyətdəyik. Berti Foqts başımıza elə oyunlar açıb ki, Almaniyaya 1:4 hesabıyla uduzandan sonra özümüz üçün xəyallar qurmağa çalışır, “bu oyunla Almaniyadan başqa istənilən rəqibi məğlub edər, daşını daş üstə qoymarıq” deyirik.
Əziz dostlar, San Marinonu çətinliklə məğlub edən bu komanda deyildimi? Onları darmadağın etməyimizə nə mane olmuşdu? Andorra ilə qolsuz bərabərə qalanda, Qazaxıstana uduzanda da eyni komanda, eyni baş məşqçi idi. Futbolun epizodlar üzərində qurulduğu, hər bir xırda səhvin nəticəni dəyişdiyini yaxşı bilirik. Hamımız millimizin qələbəsini arzulayırıq. Rəqibin kimliyindən asılı olmayaraq. Azarkeş üçün sevimli komandasının vurduğu hər qol, qazandığı hər xal dəyərlidi. San Marinonun qapısının torunu silkələyəndə də ani olaraq dünyanın xoşbəxti idik, Almaniyanın da. Amma həmin hisslər çox epizodik və aldadıcı olur. 20 il əvvəl İsveçrə üzərində tarixi qələbə qazandıq, göyün yeddinci qatında uçurduq. Sonrası nə oldu? Halbuki həmin vaxt Azərbaycan millisinin heyəti indikindən qat-qat səviyyəli, peşəkar futbolçulardan qurulmuşdu. Üstəlik, komandanın yarıdan çoxu Azərbaycana heç bir bağlılığı olmayan “milliləşdirilmişlərdən” ibarət deyildi.
Deyəsən, çox uzaq keçmişdən bəhs etdim. Odu ki, elə Prosineçkinin rəhbərliyi altında göstərdiyimiz nəticələrə, sərgilədiyimiz oyuna diqqət yetirək.
Biz C qrupunun ilk 3 oyununda qapımızdan qol buraxmamağımızla öyünürdük. “Niyə də yox?!” şüarının qulpundan yapışanlar bu məqamı tez-tez qabardır, müdafiəmizin keçilməz olduğunu, qapıçımız Kamran Ağayevin ikinci gəncliyini yaşamağa başladığını deyirdilər. Zaman çalxalandı, yağı yağ yerinə, ayranı da ayran üstünə qoydu, əzizlərim. Son iki oyunda qapımızı həmin qollardan səkkizini vurublar. Əlbəttə, buraxılan qollarda təkcə Kamranı günahlandırmaq gülünc olar. Müdafiənin cinahları millimizin ən yaralı yeridi. Normal futbol ölkələrində Məhəmməd Mirzəbəyov səviyyəsindəki adam aşağı liqalarda gününü keçirər, yığmanı heç yuxusunda görə bilməz. Adamın nə normal fiziki göstəriciləri var, nə də top almaq qabiliyyəti, yaxud da rəqibdən aldığı topu təhlükəli yerdən uzaqlaşdırmaq üçün ötürmə vermək keyiyyəti. Yavaş-yavaş müdafiəmizin mərkəzi də “qaynar nöqtə”yə çevriləcək. Rəşad Sadıqov hələ ötən seçmə mərhələnin sonunda millidən ayrılmaq istədiyini, gücünün yalnız bir cəbhədə vuruşmağa yetəcəyini dilə gətirmişdi. Amma AFFA rəhbərliyi və Prosineçki Rəşadı dilə tutdular, zamanında getməsinə imkan vermədilər. Çünki alternativini tapa bilmirlər. Tənqidçilərə verəcəkləri cavab da bəllidi: səviyyəli futbolçunu siz göstərin, Mirzəbəyovun yerinə oynadaq, Rəşadı əvəzləsin. Sanki ildə 20-25 milyon manatlıq futbol büdcəsini havaya sovuran, adicə bir püşkatma mərasiminə 170 min, yeni il karnavalına 70 min xərcləyəcək səxavətə sahib olanlar bizik, hər ay AFFA-dan yüzminlərlə biz maaş alırıq.
Artıq 10 ilə yaxındı ki, eyni adamlar ölkənin futbol təsərrüfatına rəhbərlik edir, qalstuk vurub diplomatlar kimi gəzirlər. Futbola ildə 20 milyondan çox pul xərcləyən ölkədə 20 normal futbolçu tapıb, milli komanda formalaşdırmaq olmur, gözümüzü “Anji”nin aşağı yaş qruplarında itib-batanlara dikmişik. Bəs hanı onların futbol strategiyası? Nə vaxta qədər səviyyəli futbolçu çatışmazlığından əziyyət çəkəcəyik, gözümüzü Dağıstana dikib, ordan-burdan tapdıqlarımızı “milliləşdirmək” üçün dilə tutacağıq?
Hafiz Məmmədov “Bakı”nın Futbol Akademiyasını düz-əməlli 3-4 il yaşada bildi. Bu gün həmin akademiyanın yetirmələrinə elitanın az qala bütün klublarında rast gəlmək olar. Deməli, həmin şərait yenidən yaradılsa, düzgün iş qurulmaqla belə akademiyaların sayı artırılsa, futbolçu qıtlığından da əziyyət çəkmərik, Mirzəbəyovun səhvlərindən sonra utancdan başımızı yerə dikmərik. Əksinə, rəqabət inkişaf gətirər, milli komandaların məşqçiləri üçün seçim imkanları artar. Biz AFFA-nın rahat kabinetlərində oturub, aylıq maaşımızı cibimizə qatlamasaq da, bu aydın həqiqəti başa düşürük, yazırıq, bilməyənlərin də diqqətinə çatdırırıq.
Normal uşaq futbol məktəbləri olana qədər belə davam edəcək. 80-ci illərin Türkiyəsi kimi evimizdə 1:4 hesablı yenilgiyə sevinirksə, vay bizim halımıza. Heç olmasa, gedin Türkiyə futbolunun necə inkişaf etməsiylə də maraqlanın, ay AFFA başbilənləri. Olmaya vəziyyətin belə davam etməsi kimlərəsə sərf edir, ona görə qaranlıq tuneldən çıxmağımızı istəmirlər? Adamın gümanı min yerə gedir…




Fikirlərini bizimlə bölüş!