Azərbaycan futbolu

Xəbərlər və təhlillər

8:0 yaşın mübarək, “Neftçi”!

AZƏRBAYCANIN ƏN KÖKLÜ KLUBUNA YİYƏLƏNMƏK UĞRUNDA QIRĞIN GEDİR

Deməyə söz yoxdu. "Neftçi" adına o qədər utandırıcı mənzərədi ki, hətta bu komandanı sevməyənlər də bakılıların halına acıyır.

"Neftçi" tarixi biabırçılığı yaşadı. Milli çempionatlarda alınan 10-cu böyükhesablı məğlubiyyət həm də ən xəcalətlisidi. Çünki flaqman ən pis halda 5 top buraxmış, 4 top fərqi ilə uduzmuşdu. Amma 0:8 – bu, 80 yaşlı kluba "yubiley hədiyyəsi" olsun gərək.

Çingiz Abdullayev kluba Müşahidə Şurasının sədri gəldiyi gündən bu yana yalnız xəcalət görüb. Bu, klub idarə etməklə kitab yazmağın fərqli-fərqli şeylər olduğunu göstərmək üçün adi nümunədi. Çingiz bəy 6-cı qoldan sonra "Əlincə Arena"nı tərk edib qaça bilər, amma tarixin qınağından qaça bilməyəcək. Məşqçi səhv edib, oyunçular bacarmayıb – dəxli yoxdu, balıq başdan iylənər. Futbolçunun da, məşqçilərin də, idarəçilərin də pis işləməsinə görə sədr cavab verməlidi.

Bu, "Neftçi"nin ilk 0:8-i deyildi. 1993-də "Birlik kuboku"nda Moskva "Spartak"ına, 97-də avrokubokda "Vidzev"ə qarşı oyunlar da bu hesabla bitmişdi. Lakin evdə, ölkə çempionatında… "Qəbələ" rəqibi üçün qara tarix yazdı.

Bu xamır çox su aparacaq. Bəlkə də elə həmin gecə "Neftçi"ni söküb təzədən yığdılar. Sökənlər, sökülənlər fərqli adamlar olacaq, lakin hər şey uğursuz çıxışın kuliminasiya nöqtəsi olan 0:8-ə görə baş verəcək.

Hələlik Müşahidə Şurası Qurban bayramına görə "taym-aut götürüb". İslahatların siqnalı verilib, reallaması üçün zamana ehtiyac var.

Bayram bitəcək və klub rəhbərliyi nəyi dəyişdiyini (və ya dəyişəcəyini) rəsmən açıqlayacaq. 0:8 fiaskosundan onra kimlərin qurban seçildiyi, kimlərin yaxasını kənara çəkdiyi bəlli olacaq. Hələlik Vəli Qasımovun başçılıq etdiyi məşqçilər korpusunun qovulduğu dəqiqdi, ortada isə Çingiz Abdullayevlə Elnur Məmmədov qalıb.

Sirr deyil ki, "Neftçi"də böyük oyunlar gedir. Müşahidə Şurasının üzə çıxmayan bəzi üzvləri pərdə arxasından klub idarə edir, proseslərin yönünü müəyyənləşdirir. Burada əsas mübarizə kluba ayrılan pulların kimin nəzarətində olmasına görədi. Sima kimi istifadə edilən və arxasında güzlənmək mümkün olan Çingiz bəy də heç kimin vecinə deyil. Hamı yeni rəhbərlikdə təmsil olunmaq, pul bölüşdürülməsində iştirak etmək istəyir.

Ən pis vəziyyətdə qalan Elnur Məmmədovdu. İcraçı direktor faktiki olaraq, ortada qalıb. O, klub himayədarlarının, özünü kluba gətirənlərin dediklərini icra edib, indi isə "yuxarılar"da konflikt yarandığından çətin vəziyyətdə qalıb. İndi şurada əsas söz sahibləri daha onunla işləmək istəmir, amma qova da bilmirlər. Əcaib vəziyyətdi: onun hansısa günahını sübut edə bilmirlər – çünki bütün tapşırıqlar özlərindən gəlib; saxlaya da bilmirlər – çünki qurban verilməli olan başqa birisi yoxdu, hamı "kiminsə kimidi".

Əslində, Abdullayevlə Məmmədovun ortada qalması, bütün tənqidlərin hədəfinə çevrilməsinin bir günahkarı da Vəli Qasımovdu. AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun istəyi ilə burada olan adam hamıya xəyanət etdi. Gah Məmmədova, gah şuraya, gah AFFA-dakı bəzi dairələrə özünü yaxşı göstərən adam həlledici məqamda aradan çıxdı. Onun "Qəbələ"ylə oyundan bir gün öncə xəstəxanaya yollanması təsadüfi deyildi.

Bu adama şənbə günü nələrin baş verəcəyini çatdırmış, fiasko planından xəbərdar etmişdilər. Ya bu biabırçılıqda iştirak etməli, ya da biabırçılıqda adının hallanmaması üün harasa qeyb olmalıydı. Onu hər addımda müdafiə edən Abdullayev – Məmmdəov cütlüyünə xəyanət edərək, aradan çıxmağı lazım bildi. Hətta xəstəxana şousunda da rəhbərlik onun yanında oldu, Qasımovun həqiqətən palataya yerləşdirildiyini iddia etdilər. Və yalnız hesab 0:8 olanda anladılar ki, təşkil edilmiş şou-biabırçılıqdan Qasımov da xəbərdar imiş və o, özünü qorumaq üçün aradan çıxıb.

Vəli bəyin məşqçilik karyerası bitdi. Uzun illər Azərbaycanda yaşamamış, şərq ədəb-ərkanından uzaq düşmüş biri üçün bu xəyanət adi bir şey, bəlkə də iş prosesidi. Amma bunu hamı gördü və kimsə bir daha belə adama etibar etməyəcək. Xəyanətin acısını o, uzun illər üzərində hiss edəcək.

Hələliksə ortada post, pul bölüşdürülməsi üçün meydana çevrilən "Neftçi" var. Bayram bitən kimi nüfuz mübarizəsi davam edəcək, Elşad Nəsirovla AFFA-nın baş katibi Elxan Məmmədovun hansı planla razılaşmasından asılı olaraq, klubun taleyi dəqiqləşəcək. Sadıq Sadıqovun qayıdışını sponsor olan SOCAR-da bir çoxları istəyir, lakin adını çəkdiyimiz şəxslər yox. Elə mübarizə də bunun üzərində gedir.

Maraqlı ssenaridi. Oxşar metodlar, keçilmiş yolla gəzişmələr.

"Neftçi"nin düşdüyü durum ortadadı. Və bu, bəzilərinin çox işinə yarayır. Qisas almaq istəyənlər, yenidən kluba dönməyə çalışanlar fürsəti qaçırmadı.

Öncə “Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç klubun hazırkı rəhbərliyini, Müşahidə Şurasını istefaya çağırdı. Komandanın sabiq kapitanı Flavinyo da eyni vaxtda dilə gəldi. Braziliyalı yarımmüdafiəçi də sosial şəbəkə vasitəsilə hazırkı “Neftçi” rəhbərliyini tənqid etdi.

Maraqlıdı, deyilmi? Siz bu açıqlamalardan "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqovun ruhunu hiss etmirsizmi? Onun komandası iqtidara qayıtmaq üçün əməli işə keçib. "Dahi futbol strateqi" Tahir Süleymanov da yenidən özünə əl qatıb. Özü səviyyədə jurnalİsTləri ətrafna yığıb, yenidən "Neftçi"yə dönmək eşqiylə dəridən-qabıqdan çıxır.

Yəqin futbolçu döyənlər, jurnalist hədələyənlər, cərimə meydançası kənarındakı qayda pozuntusunu penaltiyə çevirtdirən məmurlar da tezliklə danışacaq.

Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənin sosial şəbəkədə yazdığı qalmaqallı status birmənalı qarşılanmasa da, indiki rəhbərliyin zərbənin hardan gəldiyini yaxşı bildiyini göstərir.Azarkeşləri və ictimayyəti araqatan intriqantlara uymamağa çağırır.

Kimin üstün gəlməsi "Neftçi"nin sabahında özünü aydın göstərəcək. O zaman şuranın da taleyi bəlli olacaq. Qurban bayramından sonrakı qurbanlıqların da, xəyanətdən faydalananların da tam siyahısı onda bəlli olacaq.

Fərid MAHMUDOV

Fikirlərini bizimlə bölüş!