“Kəpəz” yenilənmiş və hazırda Azərbaycanın ən yaxşı üç stadionundan biri sayıla biləcək Gəncə Stadionunda ikinci oyununa çıxır. 15 minə yaxın azarkeş tribunaları doldurur. Və siz özünüzdən heç də güclü olmayan “Şamaxı”ya qarşı meydanda biabırçı, ruhsuz və alçaldıcı futbol göstərib 1:4 hesabı ilə məğlub olursunuz.
1:4!
Öz meydanında. 15 minə yaxın azarkeşin qarşısında.
İlk 20 dəqiqə: qapıya iki zərbə, iki qayıdan top və… qol!
İndi bilmirsən, qapıçının səriştəsizliyinə əsəbləşəsən, yoxsa hər qayıdan topdan sonra nə etdiyini bilməyən, fikri aya-çaya gedən müdafiəçilərin səhlənkarlığına. Bir top qayıdır — müdafiə yoxdur. İkinci top qayıdır — yenə müdafiə yoxdur. Rəqib də gəlib götürüb qolunu vurur.
Və nəticədə 1:4!
Bu, Gəncənin komandasıdır? Bu, “Kəpəz”dir?
Bir məqam isə xüsusilə adamı düşündürür.
“Şamaxı”nın baş məşqçisi sizin ötən mövsümün sonunda bəyənməyib göndərdiyiniz Azər Bağırov idi.
Bu gün isə gəlib Gəncənin 15 minlik tribunalarının qarşısında sizin komandaya 4 qolla qalib gəlir və sizə futbol dərsi keçir.
Bəlkə də futbolda ən acı dərslərdən biri budur: dünən “bəyənməyib göndərdiyiniz” məşqçi bu gün gəlib sizin öz meydanınızda komandanızı darmadağın edir, biabır edir, rüsvay edir!
Üstəlik, söhbət heç də “Kəpəz”dən qat-qat güclü komanda ilə oyundan getmir.
Üç gündür səhifənizdə azarkeşlər üçün maarifləndirici paylaşımlar edirsiniz. Stadionda necə davranmaq, komandaya necə dəstək olmaq lazımdır — hamısını azarkeşə öyrədirsiniz. Çox gözəl.
Amma əvvəlcə bir balaca özünüz də maariflənin.
Meydanın içində necə davranmaq lazımdır, onu öyrənin. Futbolçu kimi necə mübarizə aparmaq, necə qaçmaq, necə press etmək, necə müdafiə olunmaq, necə məsuliyyət daşımaq lazımdır bunları da yadınıza salın.
15 min insanı stadionda toplayıb 1:4 hesabı ilə belə oyun göstərməyə haqqınız yoxdur!
O tribunada övladının boğazından “kəsib” bilet alan adam var. Ailəsini götürüb ilk dəfə futbola gələn var. Uşağını gətirib ona “Kəpəz”i, Gəncənin futbolunu sevdirmək istəyən ata-ana var.
Siz isə bu oyunla nə edirsiniz?
Gəncənin ikinci ən böyük şəhər olduğunu, bu şəhərin futbol ənənəsini, bu klubun adını və bu azarkeşin sevgisini beləmi qoruyursunuz?
Sonra da istəyirsiniz ki, uşaq “Kəpəz”i sevsin?
Bu oyunla? Bu münasibətlə? Bu futbol ilə?
Xeyr!
Azarkeşdən səbr istəyirsinizsə, əvvəlcə siz azarkeşin səbrinə layiq olun. Dəstək istəyirsinizsə, meydanda həmin dəstəyin qarşılığını verin. Bu formanı geyinirsinizsə, onun məsuliyyətini daşıyın.
Komanda udar da, uduzar da. Futbol budur. Heç kim sizdən hər oyunda qalib gəlməyi tələb etmir. Amma öz meydanında 1:4 hesabı ilə belə uduzmaq olmaz!
Uduzarsan, amma azarkeş görər ki, komanda əlindən gələni etdi, sonadək döyüşdü. Və azarkeş bunu bağışlayar.
Amma meydanda başıaşağı gəzmək, ikili mübarizələrdən qaçmaq, qayıdan toplara tamaşa etmək, rəqibin istədiyi kimi oynamağına şərait yaratmaq bunun adı futbol deyil. Bunun adı bu formaya, bu stadiona və bu azarkeşə hörmətsizlikdir.
Azarkeş məğlubiyyəti yox, bu münasibəti qəbul etmir.
Heç kim sizdən möcüzə istəmir. Amma heç olmasa mübarizə, xarakter, futbol və bu şəhərə hörmət etmək lazımdır!
Bu, sadəcə məğlubiyyət deyil. Bu, ciddi bir siqnaldır.
Ya bu işin heç olmasa yarısının öhdəsindən gəlməyə çalışın, ya da çamadanınızı yığın.
Çünki bu gedişat nə “Kəpəz”in, nə Gəncənin, nə də sizin xeyrinizə olacaq.
Bu forma oyuncaq deyil. Bu stadion əyləncə parkı deyil. Bu tribunalar da boşuna dolmur.
Gəncə sizdən futbol gözləyir.
Bəhanə yox. Söz yox. Futbol göstərin!


Fikirlərini bizimlə bölüş!