Acımaq… Susmaq…

Acımaq… Susmaq… — Azərbaycan futbolu təhlili illüstrasiyası

Bir anlıq acımaq hissi gəldi içimdən…

Nəinki millinin, hətta AFFA-nın hazırkı durumuna.

Bəlkə də bu saatlarda çoxları tənqid etməyə başlayıb. Sərt sözlər yazılır, suallar verilir, məsuliyyət tələb olunur. Haqlı və ya haqsız müzakirələr gedir, gedəcək də…

Amma mən bu dəfə bunu etməyəcəyəm.

AFFA-nı tənqid edən, səhvləri açıq şəkildə dilə gətirən biri kimi bu dəfə susmağı seçirəm. Çünki bəzən elə bir məqam olur ki, nə qədər söz desən də, nə qədər tənqid etsən də, artıq heç nə dəyişmir.

Artıq deyiləcək sözüm qalmayıb.

İnsan bəzən qarşısındakı mənzərəyə baxır və əsəbiləşmir, qəzəblənmir, hətta tənqid etmək belə istəmir. Sadəcə içindən bir acıma hissi keçir.

Məndə də məhz həmin hiss yarandı.

Çünki söhbət təkcə bir oyundan, bir nəticədən, bir məğlubiyyətdən getmir.

Söhbət illərdir ümidlə gözləyən, hər dəfə yenidən inanmağa çalışan insanların hisslərindən gedir.

Söhbət milli formanı geyinən futbolçulardan, onların arxasında dayanan sistemdən, bu sistemə cavabdeh olan qurumdan və nəhayət, Azərbaycan futbolunun illərdir dəyişməyən mənzərəsindən gedir.

Bu dəfə kimisə hədəf göstərmək, kiminsə üstünə getmək istəmirəm.

Çünki mənzərə onsuz da hər şeyi deyir.

Bəzən ən ağır tənqid heç nə yazmamaqdır. Sadəcə baxmaq, düşünmək və “Görəsən, biz bu vəziyyətə necə gəlib çıxdıq?” sualını özünə verməkdir.

İnanın, heç kim onların yerində olmaq istəməzdi…

Bu vəziyyətdə olmaq, bu qədər tənqidin, bu qədər narazılığın qarşısında qalmaq, illərdir dəyişməyən problemlərin ağırlığını daşımaq asan deyil.

Ona görə də bu dəfə tənqid etməyəcəyəm.

Sadəcə susacağam.

Bəlkə də bu sükutun içində deyilə biləcək bütün sözlərdən daha çox məna var.

Çünki artıq məsələ kimisə günahlandırmaqdan çox-çox böyükdür.

Bu, Azərbaycan futbolunun gəlib çıxdığı nöqtədir.

Və bu nöqtəyə baxanda insanın içindən sadəcə bir hiss keçir:

Acımaq…

Həm də çox acımaq.

Acımaq… Susmaq… — Azərbaycan futbolu təhlili illüstrasiyası


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!