AFFA 28 il sonra nəyə nail oldu? – Kadr islahatları, Fərəcullayevin “pozmadan qazan” prinsipi və Lixtenşteyn

AFFA-nın 28 illik fəaliyyəti, Cahangir Fərəcullayev və Lixtenşteyn oyunu — təhlil illüstrasiyası

Hə, Lixtenşteyni də belə yola saldıq. Yarımpeşəkar komandanı məğlub edə bilmədik. Hətta qol da vura bilmədik. İndi bunun adını necə qoyaq? Taktiki plan, Uğursuz gün, “Futbolda hər şey olur? Yox. Bu, futbolumuzun real səviyyəsidir.

“Sağ olsun” Ayxan Abbasov – futbolumuzun, daha doğrusu, bəh-bəhlə təriflənən yerli mütəxəssislərin və futbolçularımızın hansı səviyyədə olduğunu bir daha göstərdi. Amma bütün uğursuzluğu bir nəfərin ayağına yazmaq ən asan yoldur. Sözsüz, Abbasovun da bu nəticədə məsuliyyəti var. Amma əsas problem daha dərindir. Bu komandanı illərdir kimlər yetişdirir? Klublarımızın akademiyaları haradadır? Niyə hər dəfə milli komandanın başına hansısa məşqçi gətirilir, sonra da bütün ümidlər onun üzərinə qoyulur? Niyə nəticə olmayanda məşqçi dəyişir, amma sistemi quranlar yerində qalır?

Burada bütün yerli mütəxəssislərin, klub rəhbərlərinin və funksionerlərinin payı var. Dünən gecə “poçtalyonların və elektriklərin” komandası qarşısında meydanda olan futbolçuları nə Santuşlar, nə də Foqtslar yetişdirib. Onlar bizim klubların “yalançı akademiyalarının” anbarlarından çıxan məhsullardır. Daha dəqiq desək, bizim klubların illərdir “akademiya” adı altında təqdim etdiyi sistemin yetirmələridir. Ona görə də Lixtenşteyn qarşısında alınan nəticə yalnız Ayxan Abbasovun deyil, bütöv sistemə məxsusdur.

İllərdi futbolumuzu zəli kimi “sovuran” AFFA-nın istər dünənki, istərsə də bugünkü rəhbərliyinin məsuliyyəti isə tamam başqa söhbətin mövzusudur. “FIFA Series” yoldaşlıq oyunlarında “çuppulu” kuboku qazandıqdan sonra eyforiya yaşayan AFFA-nın baş katibi Cahangir Fərəcullayevin başı indi daha vacib işə – “kadr islahatları”na qarışıb. Fərəcullayev futbolumuzda rəhbər vəzifəyə gəlməzdən əvvəl “Azərlotereya”da “Poz Qazan”, “Binqo”, “Şeş-beş”, “Ağ qoşa” və digər oyunlarla başını qatıb. İndi isə AFFA-da dost-tanışlarını, peşəsindən və futbol sahəsindəki təcrübəsindən asılı olmayaraq, “pozmadan qazanmaq” üçün işə düzəltmək qayğısına qalıb.

Kəsəsi Fərcullayevin “kadr islahatları” var. Amma Lixtenşteyn qarşısında qol yoxdur. Düz 28 il əvvəl Lixtenşteynə uduzan komandamızı o vaxt tənqid etdiyim üçün indi, açığı, təəssüf hissi keçirirəm. Çünki həmin vaxt belə böyük pullar yox idi. Özlərinin təbirincə desək, meydana “peraşki” yeyib çıxırdılar. Ən böyük mükafatları 10-15 “şirvan” olardı. Özləri də “Jiquli”də gəzirdilər. İndikilərin aylıq qazancı isə beş-altı rəqəmdən aşağı deyil. Sürdükləri avtomobillər də həmin dövrün “Jiquli”ləri yox, bahalı modellərdir. Sıradan bir oyuna görə aldıqları mükafatlardan isə danışmağa belə dəyməz.

Amma dəyişməyən bir şey var: 28 il əvvəl də Lixtenşteyni məğlub edə bilmirdik, bu gün də. 28 il ərzində böyük pullar, layihə, vəd və “islahat”dan sonra niyə hələ də Lixtenşteynə qalib gələ bilmirik? Bu sualın cavabı yalnız Ayxan Abbasovda deyil. Cavab illərdir qurulan və özünü nəticə ilə doğrulda bilməyən sistemdədir. Çünki futbolun həqiqəti nə kabinetdə yazılan hesabatdır, nə də təqdimatda göstərilən layihə. Futbol meydandır. Meydan isə 28 ildən sonra bizə eyni şeyi deyir: Pullar böyüyüb, maaşlar artıb, avtomobillər, vəzifələr və kabinetlər dəyişib. Amma futbolumuz böyüməyib. Və bəlkə də ən acı tərəfi budur: 28 il əvvəl Lixtenşteynə uduzanda “imkanımız yoxdur” deyirdik. Bu gün isə imkanımız var, amma nəticəmiz yoxdur.

AFFA-nın 28 illik fəaliyyəti, Cahangir Fərəcullayev və Lixtenşteyn oyunu — təhlil illüstrasiyası

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!