Söhbət 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət millidən və onlara verilməli olan ezamiyyə xərclərindən gedir. Bu haqda xəbəri xeyli əvvəl eşitsəm də, o qədər də əhəmiyyət verməmişdim. Necə deyərlər, borclu borclunun sağlığını istəyər. Həmin ərəfədə AFFA-nın başının illik hesabatın hazırlanmasına və millinin Dubaya göndərilməsinə qarışdığından düşünmək olardı ki, tezliklə futbolçular “sutoçnı”larını alacaqlar. Bir neçə gün əvvəl həmin yığmada çıxış edən futbolçulardan birini valideyni övladlarının hələ də pullarını almadıqlarını bildirməklə yanaşı, ümümiyyətlə, AFFA-nın həmin pulun arxasında keçdiyini söylədi. Səbəbi aydınlaşdırmaq qərarına gəldim.
Bir qədər ətraflı – yanvarın 1-dən 13-nə kimi Sankt-Peterburqda keçirilən və FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə çıxış edən 1996-97-ci il təvəllüdlü futbolçular burada olduqları müddətdə gündəlik 50 manat həcmində ezamiyyə pulu almalı idilər. Hər futbolçuya 700 manat düşür. Təxminən 21 futbolçunun qatıldığı həmin turnirdə onlara verilməli olan ümumi məbləğ 14 min manatdan çox edir. Bundan başqa futbolçular yanvarın 28-dən fevralın 7-nə kimi Latviyanın paytaxtı Riqada keçirilən “Federasiya Kuboku”nda iştirakına görə də “sutoçnı”larını ala bilməyiblər. Bildiyimə görə, Riqaya 25 futbolçu aparılmışdı və kiçik riyazi hesablamalarla müəyyən etmək olar ki, onlara verilməli olan bu dəfəki məbləğ də təxminən 14 min manat təşkil edir. Birlikdə götürəndə 28 min manat. Kifayət qədər samballı məbləğdir. Bəs, görəsən bu pul futbolçulara hansı səbəbə görə ödənilmir.
Düzü, AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayana kimi düşünürdüm ki, yəqin ki, gecikmə nəyə görəsə baş verib. Hətta belə təxmin etmişdim ki, Mikayıl müəllimə bu haqda bildirəndən sonra ondan “narahat olmağa dəyməz, müəyyən səbəblər üzündən gecikmə var və tezliklə futbolçuların ezamiyyə pulları qəpiyinəcən ödəniləcək” formalı şablon cavab eşidəcəm. Amma zənnim məni aldatdı. Nərimanoğlunun cavabı belə oldu:
“Futbolçulara verilməli olun ezamiyyə pulları baş məşqçinin təqdimatına əsasən tənzimlənir. Turnir və ya toplanış zamanı futbolçunun özünü necə aparması, göstərdikləri nəticəyə görə futbolçuya bu pullar ödənilir. Əgər hər hansı futbolçunun bu pulun verilməməsi ilə bağlı iradı varsa, birbaşa baş məşqçiyə müraciət edə bilər. Ola bilər ki, komanda yaxşı nəticə qazansın, amma konkret hansısa futbolçu özünü pis aparsın, bu zaman məşqçinin təqdimatına əsasən ona catacaq ezamiyyə pulu cəza kimi həmin futbolçuya verilməyə bilər. Və ya əksinə, nəticə pis olsun, amma bir neçə futbolçu məşqçinin rəğbətini qazansın. Bu halda bütün komanda üzvlərindən başqa həmin futbolçulara “sutoçnı”lar verilə bilər. Təbii ki, bu halda da məşqçinin təqdimatına əsasən”.
Mikayıl müəllimin sözlərindən belə çıxır ki, futbolçular puldan əlini üzsünlər. Hər iki turnirdə zəif çıxışa görə baş məşqçi təqdimat yazmayıb və “sutoçnı”lar “batıb”. Bunu onlara verilən cəza kimi qəbul etmək lazımdır. Xatırladım ki, Qranatkin turnirində komandamız 16 iştirakçı arasında 13-cü yeri tutmuşdu. Riqada isə keçirdikləri hər iki oyunda məğlub olmuşdular. İlk baxışdan hər şey normal görünür – komanda zəif çıxış edib, gözlənilən nəticəni verməyib və baş məşqçi futbolçulara cəza tətbiq edib. Məni düşündürən isə başqa məqamdır. Görəsən, heç 18 yaşı tamam olmamış futbolçuya belə cəza tətbiq etmək nə dərəcədə düzgündür. Axı, o futbolçular hələ həddi-buluğa çatmamış hesab edilirlər. Allah eləməmiş hər hansı bir qanun pozuntusu edəcəkləri halda belə, qanun qarşısında cavab vermək iqtidarında hesab olunmurlar. Digər tərəfdən bu uşaqlar öz klublarında minlərlə yox, ayda 3-5 manat pul qazanırlar. Eləsini tanıyıram ki, butsı almağı belə pulu olmur. Eləsi də var ki, qazandığı həmin 3-5 manat ilə ailəsinə kömək edir. Hətta yetimçiliklə böyüyənləri də var. Bernhad Lippert bizim dinə sitayiş etsəydi, yetim-yesirin pulunu kəsməyin böyük günah olduğunu bilərdi.
Mikayıl müəllimlə söhbət əsnasında bəzi futbolçuların pullarının verilməməsini doğru atılmış addım oldduğunu da bildirdi. Yəni elə futbolçular olub ki, millinin düşərgəsində həqiqətən özlərini kobud desək, tərbiyəsiz aparıblar. Bundan başqa Nərimanoğlu “sutoçnı”ların verilməməsinin səbəbini öyrənmək istəyən hər bir futbolçuya kömək göstərə biləcəyini də dedi. Yox, yox, onlara pul-zad verməyəcək. Sadəcə, Mikayıl müəllimə müraciət edən hər bir futbolçuya adının məxfi saxlanması şərtilə səbəbi öyrənib deyəcək.
Yeri gəlmişkən, AFFA-nın son hesabat konfransında məlum oldu ki, federasiyanın orqanı olan “Futbol dünyası” qəzetinin illik büdcəsi nə az, nə çox – 216 min 417 manat təşkil edib. Həftədə 3 dəfə nəşr olunan sahə qəzetinin bu qədər xərcə ehtiyacı varmı? Araşdırma aparmaq qərarına gəldim. Amma təəssüf ki, müəyyən faktları əldə etmək üçün 1-2 gün yox, azından 2-3 həftə vaxt lazım olduğunu nəzərə alaraq bu haqda yazını növbəti saylarımızıdan birində hazırlayıb dərc edəcəm.
Təxminən 21 ildir ki, qəzetçiliklə məşğul olduğumdan bu sahəyə özündən demək olmasın, 5 barmağım kimi bələdəm. Məqsədim, bu qədər məbləğin hara və necə xərclənməsini öyrənməkdir. Əgər gündəlik nəşr olunan bir qəzetin illik büdcəsi 100 mini keçmirsə, necə ola bilər ki, “Futbol dünyası”nın “rosxod”u 217 min olsun. Düzü, bu haqda da AFFA-nın sözçüsü və eyni zamanda qəzetin baş redaktoru Mikayıl müəllimlə söhbətim oldu. Həmkarım həmin məbləğin əksər hissəsinin əməkdaşların ezamiyyə xərclərinə ödəndiyini bildirməklə yanaşı, məsrəflərin tam siyahısını təqdim etməyə hazır olduğunu da bildirdi. Nə deyirəm, gələn həftə məni Mikayıl müəllimlə gərgin müzakirələr gözləyir. Söz verdiyi kimi çay süfrəsi arxasında. Gərək əliboş getməyim, heç olmasa şirnidən-zaddan alım ki, söhbətimiz də şirin olsun.
İlqar TAĞIYEV




Fikirlərini bizimlə bölüş!