16 yaşlılardan ibarət yığmanın yeni baş məşqçisi bu gün müəyyənləşdi. Təbriz Həsənov bundan sonra onları çalışdıracaq. O, U-15-ə təyin olunan Aslan Kərimovla yerdəyişmə edib. Belə ki, “Karvan”ın sabiq çalışdırıcısı ötən il U-15-də olan futbolçuları ilə U-16-da da çalışmaq istədiyindən, bu komandanı seçib. Qələt eləyib, başını da əhəng daşına çırpıb! Bir bu yığma qalmışdı, ora da özünü dürtüşdürdü. Adamda sifət də yaxşı şeydi. Kül futbolumuzun başına ki, təbrizlər ölkənin əsas komandasına futbolçu hazırlayır. Qurdu quzuya tapşırmaq yalandı bunun yanında. Təbrizə heç əl uzatmaram. Əlimi uzatsam, qolumu aparacaq.
Çox valideynlərin qolunu aparıb. AFFA-da milliyə cavabdehlərin manqurtluqla bağlı elmi dərəcə alıb-almadıqlarını bilmirəm, bilmək də istəmirəm. Eh, kim olacaqlar, Elxan Məmmədovun əlinə su tökənlər. Məşədi İbadın yeri məlum. «O Olmasın, bu olsun» da deyir e, «bu gəlini gətirəndə baxmazlar ki, qızdı, ya oğlan?»
İndi məşədinin sözü olmasın, bu Təbrizi bu millidə o milləyə dartışdıranlar bilmirlər ki, başına fata keçirdikləri hansı yuvanın quşudu? Şahmar Vəliyev bildi, AFFA rəhbərliyi bilmədi? Oğrunu axı nətəhər gətirib millinin sükanını etibar etmək olar? Təbrizi «Karvan»dan niyə qovublar, barı, bunu araşdırsınlar. Komandaya pulla futbolçu götürənə, onun maaşına, mükafatına göz dikənə ölkənin gələcəyini tapşırmaq olar? Yeməkxanadan «snikerslər»i, bananları yığışdırıb aparıb satana uşaq əmanət etmək olar? Millinin şərəfi bizim qürurumuzdu, namusumuzdu. AFFA-nın qeyrəti, namusu deyilmi? Təbrizin «məktəb»ini keçən yeniyetmə xalqı, vətəni layiqli təmsil edə bilməz. Çün müəllimlərinin gözü orda-burda, əli onun-bunun cibindədi.
«Karvan»ın ovaxtkı rəhbərliyi Təbrizi adam bilib iş vermişdi. Yunis Hüseynovdan sonra kənardan mütəxəssis gətirmədilər ki, o var da. Daha hardan biləydilər ki, saman altdan «kola» yeritməkdə Təbrizə çatan olmaz. Bir də onda ayıldılar ki, komanda əldən gedir, iyrənc söz-söhbətlərin ardı-arası kəsilmir. Araşdırdılar, gördülər ki, o, doğrudan da «Karvan»ı bazara döndərib, futbolçulardan pul qoparmaq üçün az qala dilənçilik edir. Axıradək getdilər, fakiları üzə çıxardılar, elə o dəqiqə də iti qovan kimi onu qovudlar.
Maşını aylarla klubun bahasının qapısında «yatdı». Təbriz Həsənov oğurluq etməsəydi, BMW-sı açıq havada çürüməzdi ki! Bir qələtdi eləmişdi, qaşıqla yedirtdilər özünə. Amma nə biləsən ki, o, tövbə edib, ya etməyib. Etsə, nə mənası, etməsə, nə mənası? Fərqi varmı? Əl oğurlamağa öyrəşibsə, çətin ki, nəfəsinə hakim kəsilsin. İşin ən çətini əli birinci dəfə oğurluğa «yatırtmaqdı». Bir dəfə oldusa, gördüsə, yedisə, qalanı asandı. Əl öz-özünə gedib girəcək cibə. Təbrizin də o xarakteri yoxdu ki, tamah dişini çəkib atsın. Şahmar Vəliyev onun xahişini eiməyə gələn Oqtay Abdullayevlə İsgəndər Cavadova nə demişdi, doğru demişdi: «…nin söhğətini eləyənin özü … olar».
Xeyli mütəxəssis işsizdi. AFFA savadına və təcrübəsinə görə Təbriz Həsənova dərs deyə biləcək məşqçilərlə maraqlanmır, iş vermir. Qalıblar Allah ümidinə! Bir tikə çörək tapırlarsa yeyirlər, tapmırlarsa, yemirlər. Lakin AFFA üçün belə məsələlərin isti-soyuğu yoxdu. Elxan Məmmədov Vəli Qasımova «corab hörür», digərlərini saatlarla qaıpısnda gözlədir, ancaq «snikers oğrusu»nu can-başla irəli çəkir. Baxırsan, cızdağın çıxır. Bilmirsən baş katibin pişiyini şalvara dırmaşdırıb rəsmini çəkəsən, yoxsa Təbriz Həsənovu uzunluqağa tərsinə mindirib ölkə içinə çıxarasan. Aşağı yaş qrupları üzrə millilərin demək olar hamısını çalışdırıb, hansı nəticəsi var Təbrizin? Bu kor fatının nəyinə vurulub AFFA onda? Aha… Əlbirdilər yəqin! /Sport Favorit




Fikirlərini bizimlə bölüş!