Görünən odur ki, AFFA rəhbərliyi ictimai rəyi idarə etmək məsələsində kifayət qədər “çevik” tərpənir. Hər turda bir hakim səhvini ön plana çıxarmaqla, bütün futbol ictimaiyyətinin diqqətini həftələrlə bu istiqamətə yönəltməyi bacarırlar. Nəticədə hamı hakimdən danışır, futbolumuzun dərin böhranı və bu vəziyyətin əsl səbəbkarları isə kölgədə qalır.
Dünyanın ən aparıcı futbol ölkələrində belə, taleyüklü oyunlarda ciddi hakim səhvləri baş verir. Lakin heç birində bizdəki kimi bu mövzu aylarla süni şəkildə gündəmdə saxlanılmır. Çünki orada əsas diqqət oyunun keyfiyyətinə və inkişafına yönəlir. Bizdə isə hakim müzakirələri sanki bir “qalxan” rolunu oynayır: uğursuzluqları ört-basdır etmək üçün ideal vasitədir.
Biz hakimin neçə santimetr ofsayd verdiyini yox, niyə oyunçu yetişmədiyini, uşaq futbolunun niyə məhv olduğunu və ölkə futbolunun niyə bu acınacaqlı vəziyyətə düşdüyünü müzakirə etməliyik. Əsl gündəm budur, qalanı sadəcə diqqət yayındırmaqdır.
Mövzu üzrə digər yazılar: AFFA və futbol idarəçiliyi dosyesi.


Fikirlərini bizimlə bölüş!