Urra, legioner limitləri ləğv olundu!
Legioner limiti ilə bağlı rəsmi qərar: AFFA, 3 fevral 2025.
Avropada qan edəcəyik!
Limitin ləğvini az qala bu şəkildə bayram edən dostları yaxşı xatırlayıram.
Yaxın oturun…
Böyük ümidlərlə “Bursaspor”a transfer olunan Toral Bayramovun arxada qalan səkkiz turdakı çıxışı bərbaddır.
İki sarı vərəqə ilə yadda qalan Toral həmin səkkiz oyunun cəmi ikisində start heyətində meydana çıxıb.
Onlardan birində 45-ci dəqiqədə əvəzlənib. Son qarşılaşmada isə 36-cı dəqiqədə meydandan alınıb.
Sosial şəbəkələrdə Toralın ünvanına çoxsaylı narazılıq dolu mesajlar var.
Mənim saf dostlarım da inanırdı ki, limit ləğv olunsa, bizim uşaqlar gedib Avropanı fəth edəcək.
Əzizlərim, futbolun reallığı bir az başqadır.
Təkrar-təkrar, yorulmadan deyirəm, yazıram ki, legioner limiti bizim milyon problemimizin ən sonuncusu idi. Sondan əvvələ gələn sistem uğur gətirə bilməz. Hələ 11-ci sinifdən oxuya-oxuya 1-ci sinifə düşən uşaq görməmişəm.
Limitin ləğvi və ya tətbiqi yaxşı azərbaycanlı futbolçu, yaxşı azərbaycanlı legioner yetişdirən mexanizm deyil, ola da bilməz.
Klubları təşviq etmək lazımdır ki, akademiyalara diqqət ayırsınlar, aşağı yaş qruplarını Premyer Liqaya lisenziya almaq üçün yox, uşaq yetişdirmək üçün saxlasınlar.
Ən kasıbı ildə 12-13 legioner transfer edir. Sayını 7-8 elə, 3-4 legionerin də pulunu ayır akademiyaların problemlərini həll etmək üçün.
Uşaqlar Bakıdan Gəncəyə oyun günü səfərə çıxmasınlar.
İnfrastruktur qurun ki, uşaqlar yayın cırhacırında günorta saat 2-də, qışın leysanında açıq havada məşqi yola verməsinlər.
15-20 il akademiyada çalışan, amma Biləcəridən o tərəfə keçməyən məşqçilərin Avropa cəhənnəm, qonşu Gürcüstana, Rusiyaya təcrübə keçmək üçün getmələrini təşkil edin. Siyahı o qədər uzundur ki…
“Toral Bayramovu kim yetişdirib” sualının cavabı əkiz qardaşlar yox, “Xəzər Lənkəran” olanda yaxşı yerlimiz də olacaq, legionerimiz də.
Əks halda, bundan sonra 50 il də ötsə, toralların “Qarabağ”ı Birinci Liqaya yeni vəsiqə qazanan hansısa kluba keçidini toy bayram edəcəyik.


Fikirlərini bizimlə bölüş!