…Aparmaq yox, gətirmək üzrə menecerlər!

Mahir Əmrəli bir neçə gün əvvəl Qurban Qurbanovla şəklini paylaşıb, “hər şeyə görə minnətdaram, boss” yazanda şəxsən mən elə düşündüm ki, futbolumuzun son illərdəki ən böyük istedadlarından biri yolüstədi, tezliklə hansısa Avropa klubu ilə müqavilə bağlayacaq deyə, hisslərini gizlədə bilmir. Amma heç nə olmadı, Mahir “Qarabağ” üçün yoldaşlıq oyunlarında qollar vurdu, Bəhlul Mustafazadə də “Seltik” əvəzinə “Sabah”a keçdi. Hadisələrin indiyəqədərki axarından belə görünür ki, bu yay da hansısa futbolçumuz xaricə getməyəcək. Bu yay da legionerlərimizin sayı artmayacaq. Legionerlərin sayı artmayacaqsa, deməli, yığma da əvvəlki günündə olacaq.
Bu mövzuda söhbət düşəndə, adətən, bir çoxları deyirlər ki, ölkəmizin futbolunun imici aşağıdı, yığmalar çox zəif təsir bağışlayırlar, bu üzdən də bizimkilər əcnəbilərin diqqətini cəlb edə bilmir. Kəsəsi, reytinq siyahılarını gözümüzə soxurlar. Təbii ki, mən belə baxışla razı deyiləm. Hər şeyi reytinqin, yığmaların üzərinə atmaq ədalətsizlikdi. Ən azı ona görə ki, reytinqcə bizdən aşağıda olan ölkələrin futbolçuları belə çox asanlıqla legioner həyatına başlaya bilirlər.
Yığmalar qitə arenasında zəif təsir bağışlayır – təbii ki, bu aydın həqiqətdi. Amma ortada, demək olar ki, hər il hansısa turnirin qrupuna düşən “Qarabağ” gerçəyi də var. Yəni mən başqa ölkələrə yollanmaq həvəsində olmayan futbolçularla yanaşı, adını menecer qoyub, yalnız ölkəyə futbolçu gətirmək üzrə ixtisaslaşan adamlarda da böyük günah görürəm. Bu işdə çox sadə mexanizmlər işləyir. Azərbaycandakı klub məşqçilərindən axsayan mövqelərin siyahısını götürürsən, xaricdə üç-beş futbolçu tapırsan, sonra onları burdakı, çoxdan münasibət qurduğun klub rəsmilərinə bəh-bəhlə təqdim edirsən, gətirirsən Bakıya, bir az da paytaxtın gözəlliklərindən ləzzət alırlar, beləliklə, sən də vasitəçilikdən babat para qazanırsan. Çox sadə və bəsit mexanizmdi. İndi bunun əksini düşünək. Azərbaycanlı istedadı ölkədən kənara çıxarmaq istəyirsənsə, artıq daha güclü manevr qabiliyyəti, inandırıcılıq bacarığı, yeri gələndə qazancdan imtina etmək gücü də göstərməlisən. Amma bizim menecerlər belə etmirlər. Hansısa istedadımızı dünyaya tanıtmaq əvəzinə istisnasız “soğan olsun, nağd olsun” prinsipi ilə hərəkət edirlər. Onlar bugünkü 100 manatı sabahkı 1000 manatdan üstün tutan adamlardı. Məhz belə keyfiyyətlərinə görə də mən yerli menecerlərə aparmaq yox, yalnız gətirmək üçün çalışanlar damğasını vurmuşam. Belə düşünürəm ki, haqlıyam. Haqlı deyiləmsə, əksini sübut etsinlər.
Sonda bu reytinq məsələsinə də toxunmaq istəyirəm. Təbii ki, reytinqin müəyyən rolu var. Yəni bir ölkənin klublarının, yığmalarının reytinqi sabah püşkatmada, səbətlərin tərkibinin formalaşmasında hansısa rolu oynayır. Amma yenə də deyirəm ki, reytinq mütləq həqiqət deyil. Olsaydı, onda AFFA Hakimlər Komitəsi reytinqinə görə ölkədə hamını qabaqlayan, artıq qitədə də seçilən hakimlərdən olan Əliyar Ağayevi mövsümboyu “dincə qoymazdı”. Reytinq həlledici amil olsaydı, UEFA Hakimlər Komitəsi elə həmin Əliyara statusuna uyğun oyunlar tapşırardı, daha festivallara çağırmazdı. Bir sözlə, bu reytinqin ətəyindən çox yapışmayın, hörmətli menecerlər. İstedadlı azərbaycanlıları – Mahiri, Bəhlulu, Amini, Musanı, Mirabdullanı ölkədən kənara çıxarmağa tələsin. Qoy gedib kənarda oynasınlar ki, sabah həm özlərinə, həm də ölkə futboluna gün ağlasınlar.
Hüşəng

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.