,

Atasının gül balası

Türkiyə Sadıqovlardan danışır

Tez-tez ölkə xaricində yaşayan azərbaycanlı iş adamlarının yerli klublarımıza sponsorluq etməsi üçün şərait yaradılmadığını vurğulayır, buna görə AFFA-nın səriştəsizliyini qabartmağı xoşlayırıq. Deyilənlərdə həqiqət payı çoxdur. Amma o faktı da danmamaq gərəkdi ki, futbola ciddi maraq göstərən azərbaycanlı oliqarxlar da üfüqü işıqlandırmır. Onların yaşadıqları ölkələrdə də bu sahədə fəaliyyəti yox dərəcəsindədi.

Qürbətdə futbol camiəsinə tanış olan tək-tük azərbaycanlı biznesmenlərdən biri Tufan Sadıqovdu. Onun isə ortaya qoyduqlarını soydaşlarımızın aktivinə yazmaq mümkün deyil. Heç kim Tufan bəydən, məsələn, erməni Sergey Qalitskinin “Krasnodar”dakı uğuruna bərabər nəticə gözləmirdi. Amma adamın futboldakı işi tam bir fiaskodur və millətimizə başucalığı gətirmir…

Dövlət sifarişlərindəki tenderlərdə qazandıqları ilə tikinti maqnatına çevrilmiş 54 yaşlı Sadıqov sahibi olduğu Rusiya Premyer Liqasının “Ximki” klubunu tez bir zamanda iflas etdirdi. Rəhbərliyi dövründə qalmaqalların səngimədiyi Moskva vilayəti təmsilçisini borc batağına saldı. Hamıya aylarla ödəmədiyi borclar yığıldığı üçün 1997-ci ildə qurulan və iki dəfə Rusiya kubokunun finalçısı olmuş klubun lisenziyası ləğv edildi.

Axırda ruslar Sadıqovdan elə təngə gəldi ki, ötən il onun futboldakı fəaliyyətinə ömürlük qadağa qoydular. Hansısa oliqarxın futbola yaxın gəlməsinə icazə verilməməsi nadir hadisədi. Amma Allahverdiyeviç buna “layiq” görülüb. Hətta FİFA-nın da ünvanına çoxsaylı şikayətləri nəzərə alaraq onu ömürlük diskvalifikasiya etdiyi bildirilir (düzdü, hələ rəsmi təsdiqini tapmayıb).

Millətimizi Rusiya futbolunda bu cür “şöhrətləndirən” adamın hazırda isə səs-sorağı Türkiyədən gəlir. Əlbəttə, şimaldakından fərqlənməyəcək şəkildə. Rusiyada haqqında cinayət işi açılmış “qəhrəmanımız” “Ximki” hələ iflas etməmiş, qardaş ölkədə 1-ci liqa klubu “Serikspor”un səhmlərinin 50 faizinə yiyələnibmiş. Türkiyədə otel biznesi olduğundan Antalyada klub alıb.

Elə “Serikspor”un qara günləri də bundan sonra başlayıb. Mövsüm boyu əsl xaosun yaşandığı, az qala kütləvi futbolçu-məşqçi axınının baş verdiyi komanda artıq aşağı dəstəyə yuvarlanıb. Və bu minvalla “Ximki”nin taleyini yaşayacağı aydındı…

“Sport Ekspress”in məşhur yazarı İqor Rabiner qeyd edir ki, Sadıqov futbol klubunun necə idarə edilməməli olduğunun ən yaxşı nümunəsidir. O, “Ximki”nin “qatil”inin klassik fırıldaqçı olduğunu və bunu çoxları bildiyi halda Sergey Yuranın onun ardınca Türkiyəyə getməyə necə razılıq verdiyinə təəccübünü gizlətmir. Yuranın “Ximki”də başına açılanlardan sonra “Serikspor”a baş məşqçi kimi keçməsini qalmaqallı oliqarxın insanları inandırmaqda nadir bacarığı ilə izah edir. Hərçənd “Simurq”un sabiq çalışdırıcısı elə futbolçu vaxtlarından da az aşın duzu olmayıb.

Atasının gül balası — xəbər görüntüsü

Bu qədər rüsvayçılığa rəğmən, Sadıqovun niyə israrla futbolda qalmaq istədiyini biz ancaq güman edə bilərik. Səbəblərdən birinin oğlu olduğu isə dəqiqdir.

İlya Sadıqov “fenomeni” isə biabırçı mənzərənin başqa bir çalarıdır. Adam dirəşib ki, oğlum peşəkar futbolçu olacaq. Halbuki, onun buna nə istedadı, nə də potensialı var. Yaş olub 25. Nə İlya, nə də atası kəm xəyallarından əl çəkmir. Ondan forvard düzəltmək üçün bütün məşqçilər səfərbər olub. Gəl ki, çifayda!

Sadıqov tipli klub prezidentləri Türkiyədə az olmadığından özü kölgədə qalıb, indi bütün ölkə İlyadan danışır. “Serikspor” tərəfdarlarının hər matç “Sadıqov dışarı” şüarlarını qışqırmaqdan dili qabar bağlayıb. Məşqçilər isə yöndəmsiz, ucaboy forvardı meydana buraxmaqdan bezmir. Yox, çox güman ki, beziblər. Ancaq nə edə bilərlər? Atasının gül balasının xətrinə dəymək olmaz.

Həftəsonu Tufan kişinin oğlunun 4 il sonra (!) qol vurması Türkiyədə az qala gündəm olub. 1,92-lik “qoleador”un “Hatayspor”la heç bir əhəmiyyəti qalmayan matçda (4:2) özünəməxsus şəkildə təkbətək epizodda nəhayət toru silkələməsi lağlağı obyektinə çevrilib. Memlər, videoçarxlar sosial şəbəkələri bəzəyib. “Beşiktaş” və “Qalatasaray”ın bu möhtəşəm qoldan sonra onu transfer etmək üçün bir-birinə girdiyini deyərək məzələnirlər. Cari mövsümdə keçirdiyi 28-ci matçında qol hesabını açan hücumçunun belə vəziyyətə düşməsi sadəcə utancvericidi.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!