Biz, böyük keçmişi olan bir millətdən qopub ayrı düşmüş kiçik bir toplumuq. Və bu səbəbdəndir ki, kiçik toplumlara xas olan psixoloji portretə mailik bir kütləyə çevrilirik. Odur ki, kiçik və qələbələrə həsrət bir toplum olaraq daim qələbə və sevinc axtarışındayıq. Xüsusən də idmanda.
Məsələn, bir qrup insan Türkiyədə özünə klub seçərək böyük qələbələr üçün həyəcan yaşamaqla “natamamlıq kompleksindən” qurtarır, “sarı-qırmızı”, “sarı-mavi” rənglərin gətirdiyi əzəmət və qələbə sevincləri içində bir növ virtual böyüklüyə qovuşur, deyəndə ki, sabah “Neftçi” “Skenderbeu” ile oynayır, cavab verir ki, “mən yerli futbola baxmıram”. Bununla da o özünü əzilmək və kompleks yaşamaq qorxusundan qurtarmış olur.
Son günlər “Atletiko”nun İspaniya çempionluğunu Azərbaycan futbolunun qələbəsi kimi bayram edilməsi də bu psixoloji sindromun təsiridir. Kiçik xalqın nümayəndəsi böyük qələbələr həsrətindədir və qələbəyə oxşayan yaxın-uzaq nə varsa onu böyüdüb qələbə sevincinə olan bioloji tələbatını ödəməyə çalışır. Əlbəttə, sinəsində “Azərbaycan” yazısı olan bir komandanın qələbəsi xoşdur, ən azı bu xoş hisslərə görə “Atletikio”nun qələbəsini istəyirdik.
Amma hörmətli dostlar, “Atletiko”nun qələbəsi Azərbaycanın qələbəsi deyil. Əgər belə düşünürsünüzsə o zaman Qətər, Ərəb Əmirlikləri çoxdan Avropa çempionatlarında qan eləyir. İşgüzar sponsorluq müqaviləsinə görə, azərbaycanlısayağı Hafiz Məmmədova təşəkkür edənlər də qələbələrə olan bioloji tələbata ehtiyac duyan insanlardı.
Hafiz Məmmədov iş adamıdır və marketinq, imic-making baxımından onun “Atletiko” ilə müqaviləsinin səmərəliliyi mübahisə predmetidir. Əgər “Bakı” klubunun maddi vəziyyəti barədə söz-söhbətlər həqiqətdirsə, o zaman Hafiz Məmmədovun bir iş adamı olaraq “Atletiko” projesi haqda düşünmək lazımdır.
Hamıya bəllidir ki, bizim üçün siyasətdə, hərbdə, iqtisadiyatda, bütün sahələrdə olduğu kimi idmanda da müqayisə və ölçü vahidimiz var – Ermənistan. Erməni üzrəində istənilən qələbə bayrama çevrilir. Amma bu gün biz futbolda ermənilərə uduzuruq. Ən azı Qenrix Mxitartyana görə.
Mxitaryanın bundesliqada hər oyunu şəxsən mənim üçün utanc, hər qolu söyüş idi. Nə vaxtsa Hafiz Məmmədovun sərmayə qoyduğu Azərbaycan klubu özümüzün “Mxitaryanını” yetişdirərsə, nə zaman Hafiz Məmmədovun sərmayə qoyduğu klub Avropa kuboklarında erməniləri çatladarsa, o zaman təşəkkür edərik bu milyonçuya.




Fikirlərini bizimlə bölüş!