Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Avropada Raufla İnqilab yoxdur!

Avropada Raufla İnqilab yoxdur!

“Sabah” ikinci səfər matçında da qapısından 4 top çıxarmalı oldu. Komanda yenə 4 qol buraxdı.

“Mançester Yunayted”ə məğlubiyyəti müəyyən mənada başa düşmək olardı. Axı söhbət dünya futbolunun nəhənglərindən birindən gedir. Bəs özü kimi debütant olan “Vikinq”ə 1:4 hesablı məğlubiyyətə nə ad verək?

İngilislərə uduzduqdan sonra Rəhman Daşdəmirova cani-dildən sahib çıxan Valdas Dambrauskas görəsən, bu dəfə nə deyəcək? Baş məşqçinin etimad göstərdiyi futbolçu isə bu etimadı doğrultmaq əvəzinə komandasını daha da çətin vəziyyətə saldı.

Daşdəmirov üçüncü qolda rəqibin başla fərqlənməsinə şərait yaratdı. Bununla da kifayətlənməyərək, topu rəqibə hədiyyə etdi və “Vikinq”in dördüncü qolunu vurmasına imkan verdi. Müdafiəçinin bu cür səhvləri Avropa səviyyəsində bağışlanmır.

Bəs Eyden Makkarti? III turda “Borussiya Dortmund”un qapısına yol tapan cənubi afrikalı müdafiəçi bu dəfə rəqib futbolçuya zərbə vuraraq qırmızı vərəqə ilə meydandan qovuldu. Komandasını azlıqda qoyaraq onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırdı.

Akim Zedadkanın əllə oyunu nəticəsində penaltiyə səbəb olmasını da unutmayaq. Müdafiə xəttində bir-birinin ardınca kobud səhvlər, intizamsızlıq və məsuliyyətsizlik…

Bütün bunlardan sonra “Sabah”ın oyunu ilə bağlı hansı müsbət məqamdan danışmaq olar?

Bir vaxtlar Rauf Cabarov, İnqilab Məmmədov kimi hakimlərin idarəçiliyindən narazılıq edirdik. Bəzən onların qərarları “Sabah”ın xeyrinə o qədər mübahisəli olurdu ki, qazanılan xalların arxasında komandanın oyunundan çox, hakimlərin fitini görürdük. İndi isə Avropadakı bu mənzərəni izləyəndə istər-istəməz düşünürsən: heyf deyildi Rauf Cabarov, İnqilab Məmmədov? Heç olmasa, onların köməyi ilə hesabı qorumaq, hətta qələbə qazanmaq mümkün olurdu…

“Sabah”ın problemi təkcə hesabda deyil. Bu qədər fərdi səhv, müdafiədəki boşluqlar və intizamsızlıqla Avropada uğur qazanmaq mümkün deyil. Valdas Dambrauskas bu dəfə futbolçularının çıxışına necə qiymət verəcək, görək…

Fikirlərini bizimlə bölüş!