PFL-in prezidenti Ramin Musayev növbəti mövsüm Premyer Liqada daha çox komandanın iştirak etmək istədiyini deyib. O, çempionatın formatı ilə bağlı suala cavab verərkən maraqlı məsələyə də toxunub: “Məndən olsa, Premyer Liqada 12, 14, 16 komanda iştirak edərdi. Çünki çox komanda olan yerdə milliyə futbolçu seçimi də geniş olur. Bugünkü limitə görə Berti Foqts cəmi 40 yerli futbolçunun oyununu izləməlidi. Yığmanın təlim-məşq toplanışları zamanı artıq hamı bilir ki, ölkənin əsas komandasına kimlər çağrılacaq. Nə vaxta kimi sağda Mahir, solda Elnur oynayacaq? Demirəm ki, onlar pis futbolçulardı. Ancaq Foqtsun da seçim imkanı olmalıdı. Bu işdə rayonların icra başçılarının, yerli iş adamlarının da etinasızlığı sözünü deyir. Vətənpərvərlik insanın canında, qanında, damarında olmalıdı. İndi hamı “yuxarı”dan göstəriş gözləyir. Ölkə başçısı idmanın inkişafı üçün hər cür şərait yaradıb. Biz də istəyirik ki, onun etimadını doğuldaq. İcra başçıları da çalışmalıdı ki, rəhbərlik etdiyi bölgələrdə futbol inkişaf etsin. Nə vaxta ki, PFL prezidenti ondan-bundan xahiş edəcək ki, “Şəmkir”in, “Göyəzən”in, “Turan”ın hesabına 5-10 min manat pul köçürün. Halbuki qərb bölgəsi Azərbaycan futbolunun Məkkəsidi. Belə məqamları nəzərə almaq lazımdı”.
Ağrı-acılı mövzudu. PFL prezidenti əslində yeni fikir söyləməyib, yeni təklif irəli sürməyib, köhnə problemləri sadalayıb və xatırladıb. Onun dilindən çıxanlar artıq saralıb-solub. İllər keçir, mənzərə olduğu kimi qalır. Əlbəttə, arzumuz budu ki, 9 milyonluq respublikanın göz bəbəyi 10 klub olmasın. Azərbaycan kimi regionun iqtisadi cəhətdən lider, inkişaf sferası gündən-gündə böyüyən, imkanları artan, kredit alan deyil, kreditor sayılan ölkənin futbol ailəsi üçün bu say kifayət qədər azdı. Bütün spektrlarda bizdən geri qalan, hətta bizdən asılı Gürcüstanın yüksək dəstəsində 12 klub mübarizə aparırsa, Premyer Liqanın tərkibi məqbul sayıla bilməz. Dövlət büdcəsi hərbi büdcəmizdən dəfələrlə az Ermənistanın çempionatında da 8-10, bizdə də 8-10 iştirakçı qüvvəsini sınayacaqsa, daha nə oldu, AFFA hansı inkişaf kvotasından dəm vurur? Qafqazdan uzaqlaşaq, Avropanın mərkəzinə üz tutaq, şimalına, cənubuna, hətta şərq və qərbinə nəzər salaq, ən az klubu bir bayraq ətrafına yığan çempionatlardan biri Azərbaycan olacaq. Bu isə ölkənin iqtisadi göstəriciləri, rentabelliyi və siyasəti ilə üst-üstə düşmür.
Ramin Musayevin adını çəkdiyi dövlət idarələri, cəm şəklində işarə vurduğu iş adamları və digər instansiyaların futboldan kənar qalması faktdı. Elita üzvlərinin demək olar hamısı “yuxarı”ya bu və digər dərəcədə yaxın rəsmilər, şirkətlər, imkanlı şəxslər tərəfindən maliyyələşdirilir. Yenə demək olar ki, 10 nəfərlik ailə bu və digər dərəcədə neft borusundan asılıdı. “İnter”lə “Simurq” milyonların axdığı bank sektorundan, AZAL hava nəqlliyyatında dövr edən büdcədən, “Rəvan” yüngül qida sənayesindən su içir. Qalanlarının qapağını qaldıraq, qazanan içindən neft-mazut iyi gələcək. Güclülər dəstəsində yarışacaq klub saxlamaq isə əyalət rayonlarının icra başçılarının imkanı xaricindədi. Hətta Bakının 9 rayonunun başçılarının maddi rıçaqlarını birləşdirək, ortabab klub üçün lazımı büdcə toplanmayacaq. Paytaxtdan yaxın və uzaq məsafədə yerləşən rayonlarının dövlət strukturları isə ən yaxşı halda I Divizionda günü günü satan komanda yaratmaq gücündədi. “Karvan” və “MKT-Araz” misalı. “Araz”la işimiz olmasın. 13 ildən sonra səhnəyə qayıdan Naxçıvan təmsilçisi Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun himayəsindədi və onu digər şəhər rəhbərləri ilə bir tərəziyə qoymaq avantürizmdi.
“Bakı” və AZAL şəxsi istək üzündən həyata vəsiqə qazanıb, növbəti illərdə dövlətin dəstəyini arxasına alıb. “Neftçi” istisna olmaqla, heç biri dağılmaq təhlükəsindən sığortalanmayıb. Sponsorun ayağı azca büdrəsin, beli büküləcək. Bu bir reallıqdı və fikrimizcə, hamı bizimlə razılaşar. Gerçəklikləri ölçüb-biçməyən iş adamı donor roluna dəvət almır. Hər şeyin hesabı var, “açar”ını itirən isə daş-qalaq ediləcəyi saatı göz altına almalıdı. Futbol isə o idman növüdü ki, burda kiçik vəsait, 1-2 milyon udmur. Udduğu milyonlardı, o da ki, hər iş adamında yoxdu. “Forbes”in açıqladığı rəqəmə inansaq, Mübariz Mənsimovun varidatı 1,3 milyard dollardı. Ondan tələb etmək olar ki, 1,3 milyardın var, gətirib səp “Xəzər Lənkəran”a?
Digər de-fakto milyarderlər də o cümlədən. Milyardın milyard dərd-səri, girib-çıxan yeri var. Qəssablıqdan gəlib PFL prezidenti olan Ramin Musayev özünü uşaq kimi aparır, sanki günün havasını udmur, çöl-bayıra çıxmır, 24 saat fil qulağında yatır.
Bölgələrin çoxu futbolsuz qalıbsa, əyalətlərlə bu idman növü güclə nəfəs alırsa, paytaxtda sıxlıq yaradan klubların maliyyəsi stabillik təşkil eləmirsə, 4 əsas bəndə diqqət yetirməliyik.
1. İri dövlət müəssisə və şirkətləri, komitələri “silkələnməlidi”. İmkan, əlaqə, büdcə onlardadı.
2. İllik dövlət büdcəsindən İcra Hakimiyyətlərinə futbol üçün əlavə vəsait ayrılmalıdı. Aşağı dəstəyə komanda buraxmaq üçün.
3. İmkanlı fiziki və hüquqi şəxslərdə bu sahəyə maraq yaratmaq lazımdı. İstənilən formada. Şərt deyil ki, vergidən azad olunsunlar. Futbola pul buraxanlar vergidən azad olunsa, digər idman növlərinə himayədarlıq edənlər də tələb irəli sürəcək ki, bu qanun bizə də aid olunmalıdı. İş adamları güzəştli biznes aurasına daxil edilməlidi ki, qoyub qaçmasınlar.
4. AFFA-nın illik xəzinəsi 30 milyon manata çatır. Yetərincə ciddi məbləğdi. Ancaq dəqiq bilinmir ki, bu vəsait aidiyyatı üzrə xərclənir, ya xərclənmir.
Federasiya hər il Hesabat-Seçki konfransı keçirir və gözdən pərdə asmaq üçün illik gəlir-çıxarı açıqlayır. Xırdalığına varılmır ki, həmin pullar doğrudanmı ünvanına yetişir, ya yetişmir. AFFA TFF-nin iş prinsiplərindən faydalanmaılıdı. Türkiyədə hər liqa üzrə ayrıca büdcə təşkil olunub və burda qnüvvəsini sınayan iştirakçılara hər mövsüm öncəsi müəyyən vəsait ödənilir. AFFA-nın I Divizion üzvlərinə 200, Premyer Liqa təmsilçilərinə hər yay 1 milyon manat yardım etsə, kasıblamaz. Onsuz da, elitayla aşağı dəstə arasında ciddi maliyyə və səviyyə fərqi mövcuddu, qeyd olunan məbləğ normal ianədi.
Rəsmi şərtləri sadaladıq, indi isə keçək qeyri-rəsmi şərtələrə. Onillik “Futbolun İnkişafına dair Dövlət Proqramı” 2015-də başa çatacaq. Ölkə rəhbərliyi futbolun inkişafını təmin etməyi AFFA-ya tapşırmaqla kifayətlənməyib, eyni zamanda buna nail olmağın yollarını planlı şəkildə göstərib. Ancaq AFFA nə edir? SOCAR-ın idman bölməsi kimi fəaliyyətdədi. Neft Şirkəti I Divizionunun yarısını öz bulağının başına cəm edib. Burda arı çiçəyə qonmur, çiçək özü arıya qonur. Büdcədən ayrılan vəsaiti “yuyumadığını” necə bilək? Aşağı dəstədə formasına SOCAR-ın brendi yapışdırılmış futbolçu 1000 manat maşa qol çəkib, 500 manat almırsa, nə cür inanaq ki, şirkətin klublara təhkim olunmuş nümayəndələri bundan xəbərsizdi? SOCAR hər iki liqanın iştirakçılarına açış şəkildə yardım göstərmir, sadəcə, 5-6 komandanın qayğısına qalırsa, burda niyyətin saflığına ümid bəsləmək olarmı? Görünür, Rövnəq Abdullayevin başı bununla maraqlanmağa və araşdırmağa qarışıb ki, yalnız “aparat”dan zəng gələndə əyalət barədə düşünməyə vaxt tapır, təcili İmişliyə, Yevlaxa, Gəncəyə gedir.
Peşəkar Futbol Liqasının başçısı iş adamlarının etinasızlığını qeyd edir, “vətənpərvərlik insanın canında, qanında, damarında olmalıdı” söyləyir. Söyləməyə nə verirlər, heç nə! Futbol biznes çevrəsinin mənsubları üçün qeyri-rəsmi mükəlləfiyyətdi. Hesab-kitabı stolun üstündə olmayan imkanlı şəxs gərək şir ürəyi yesin ki, özbaşına klub yaratsın. Bu, heç onların ağlının ucundan da keçmir. Dövlətin sözü və tapşırığı başqa şeydi. “Get, başla” göstərişi filankəsin həm şəxsi həyatı, həm biznesini qoruması, həm də gələcək karyerası üçün həyatverici bildirişdi. Belə adamlar hər iş kluarından seçilmir. Fərqləndirilən personalar konkret tapşırıq əsasında köynəklərinin qollarını çırmalayır. Ramin Musayev Monqolustanda yaşayır ki, özünü belə axmaqcasına sadəlövh aparır?
Futbolun maliyyə dairəsi get-gedə balacalaşırsa, bunda onun da təqsiri böyükdü. Stadionlarda baş verən qalmaqallar, biri digərini kölgədə qoyan olaylar PFL-in yarıtmaz fəaliyyətinin çürük meyvələridi. Bəzən ölkənin gündəminə oturan futbolətrafı insidentləri yaradan, qaşınmayan yerdən qan çıxardan Ramin Musayevin özüdü. Şəxsi maraqları naminə klubları bir-birinə vuran, ondan alıb, buna satan, müxtəlif vaxtlarda istəyərəkdən və ya istəməyərəkdən sponsorların ağuşuna atılan, bu yönü ilə balansı itirən PFL prezidenti bütün insani keyfiyyətlərə tüpürüb. Nəyəsə görə aşağılanmağa razı olan Musayevun özü cəhənnəmə, futbolu da ictimaiyyətin gözündən salıb. Bir komandanı zorla çempion edir, bir komandanı çempion olmamaq üçün zorla zirvədən endirir, sonra da vətənpərvərlik kəfəninə bürünür. İdarəsizlik eyiblərinə kor olan Ramin Musayev futbol həvəskarı iş adamlarını bu sahədən qovmasını boynundan atmasın. Lələsi köçmüş yurdda ancaq bayquş ulayar. Bu bayquş da PFL prezidentindən başqa birisi deyil.
Rəşad FƏRHADOĞLU




Fikirlərini bizimlə bölüş!