Azərbaycan çempionatında azərbaycanlı futbolçu niyə qonaqdı?

Azərbaycan çempionatında azərbaycanlı futbolçu niyə qonaqdı? — illüstrasiya

Bu gün start götürən 2026/27 mövsümünün açılış oyununda – “Turan Tovuz” – “Qəbələ” qarşılaşmasında meydanda gördüyümüz mənzərə Azərbaycan futbolunun gələcəyi ilə bağlı bir daha ciddi suallar doğurdu. Daha doğrusu, bu artıq sualdan çox, xəbərdarlıq siqnalıdı. Start heyətində meydana çıxan 22 futbolçudan cəmi ikisi azərbaycanlıdı. Qalan 20 futbolçu legionerdi… Məntiq deyir ki, bu, Azərbaycan çempionatıdırsa, Azərbaycan futbolçuları haradadı?

Məsələ heç də əcnəbilərin Azərbaycanda oynamasına qarşı çıxmaq deyil. Güclü legioner yaxşı yerli futbolçu üçün rəqabət yarada, ona çox şey öyrədə, çempionatın səviyyəsini yüksəldə, Avropa səhnəsində başımızı uca edə bilər. Problem ondadı ki, biz artıq rəqabətdən yox, yerli futbolçunun meydandan tam sıxışdırılıb çıxarılmasından danışırıq.

Bu mənzərə təsadüfi yaranmayıb. AFFA İcraiyyə Komitəsinin qərarı ilə 2025/26 mövsümündən Premyer Liqada legioner limiti ləğv edildi. Formal olaraq sifariş vərəqəsində maksimum 17 əcnəbi, meydanda isə eyni anda 11 legioner oynaya bilər. Yəni qayda klublara faktiki olaraq bütöv legioner komanda ilə meydana çıxmaq imkanını verdi. Acı nəticə verəcəyi zatən dərhal bilinən qərarın müdafiəsində AFFA rəhbərliyi deyirdi ki, limitin ləğvi Premyer Liqanı gücləndirəcək və Azərbaycan futbolçuları ölkə xaricində daha güclü klublarda oynayaraq inkişaf edəcəklər…

Legioner limiti ilə bağlı rəsmi qərar: AFFA, 3 fevral 2025.

Gəl ki, çempionatımızın səviyyəsində sıçrayış olmadığı ortadadı. Tamaşaçı sayının, reklam müqavilələrinin artmaması, avrokuboklardakı eyni nəticələr də bunu deyir. Ölkə klublarında duruş gətirməyən gənc yerli futbolçularımızın isə bu cür kortəbii şəkildə Avropaya axın etməyəcəyi də məlum məsələ idi. İndi onlar ən yaxşı halda Albaniya, çox vaxt isə Qırğızıstan səviyyədə çempionatlara üz tutmalı olurlar.

Bu günkü açılış oyununun start heyətlərinə baxmaq kifayət edir ki, futbol başbilənlərimizin tutduğu əməlin fəsadları ortaya çıxsın. Əgər 22 futbolçunun yalnız ikisi Azərbaycan vətəndaşıdırsa, burada artıq “rəqabət mühiti”ndən danışmaq gülüncdü. Burada daha böyük təhlükə var: gənc yerli futbolçuların yetişməsi üçün meydan azalır. Çünki futbolçu necə yetişir?

İlk növbədə oynamaqla, meydana çıxmaqla. Səhvləri üzərində öyrənməklə, təcrübə yığmaqla. Udub-uduzmaqla. Güclü rəqibə qarşı oynamaqla. Məsuliyyət daşımaqla.

Meydana çıxmayan futbolçunu nə qədər istedadlı olsa da, inkişaf etdirmək mümkün deyil.

Bəli, klub rəhbərlərinin də öz məntiqi var: tez nəticə lazımdı. Hazır legioner gətirmək, ona maaş vermək və sabah nəticə tələb etmək daha asandı. 18-22 yaşlı azərbaycanlı futbolçuya səbir etmək, onu püxtələşdirmək və bir neçə il gözləmək çətindi. Təkcə elə buna görə AFFA rəsmiləri klublara “istədiyiniz qədər legioner gətirin” sözünü deməməli idi. Elə qaydalar tətbiq edilməlidi ki, klub nəticə qazanmaqla yanaşı, yerli futbolçusu yetişdirməkdə maraqlı olsun. Əks halda biz bir paradoksun içində qalacağıq.

Faktiki ölkənin ali futbol qurumu yerli futbolçuların inkişafından danışır, bunu əsas məqsəd kimi göstərir, eyni zamanda yerli futbolçunun meydana çıxmasını məcbur edən əsas mexanizmlərdən birini aradan qaldırır.

AFFA sonradan bunu kompensasiya etmək üçün guya maliyyə təşviq mexanizmi də tətbiq edib. 2025/26 mövsümündə legioner rüsumlarından formalaşan bonus fondundan klublara ümumilikdə 2,56 milyon manat ödənilib və vəsait yerli futbolçuların meydana çıxdığı dəqiqələrə uyğun bölüşdürülüb.

Amma futbolçu yetişdirmək üçün bonus kifayət etmir. Zəif təsəllidi.

Əsas məsələ sistemdi.

Əgər bir klubun məşqçisi qarşısında “nəticə qazan” tələbi dayanırsa, digər tərəfdən də ona 11 legionerlə oynamaq imkanı verilirsə, həmin məşqçinin yerli gəncə şans verməsi üçün hansı real motivasiyası qalır? Sonra da təəccüblənirik ki, niyə milli komandaya futbolçu tapmaq çətindi.

Niyə Azərbaycan futbolçuları Avropanın orta səviyyəli klublarında belə əsas heyətə düşməkdə çətinlik çəkir? Niyə 16-20 yaşlı istedadlarımızın əksəriyyəti böyük futbola keçid mərhələsində itib-batır? Çox səbəblər var. Amma ən əsası onlara özlərini göstərmələri üçün lazımınca dəstək və fürsət verilməməsidi. Çünki futbolçu fabriki meydandı. Meydan yoxdursa, futbolçu da yoxdur. AFFA-da oturub, bu cür primitiv səhvlərə yol verənlər bir şeyi anlamalıdı: milli komanda üçün futbolçu 25 yaşında hazır vəziyyətdə göydən düşmür. O futbolçu 17-18 yaşında klubunun əsas komandasında oynaya-oynaya yetişir.

Bu gün “Turan Tovuz” – “Qəbələ” oyununda gördüyümüz mənzərə bir oyunun statistikası kimi qəbul edilə bilər. Amma təhlükəli olan həmin statistikanın arxasındakı tendensiyadı.

Bu hələ güclü futbol məktəbləri olan və həmişə öz yetirmələrinə şans verməsiylə seçilən komandalardı. Təsəvvür edin, “Turan” və “Qəbələ” total şəkildə legioner oynadırsa, digərləri nə cür addım atacaq…

Azərbaycan çempionatında Azərbaycan futbolçusunun istisnaya çevrilməsi normal hal ola bilməz. Əgər 22 futbolçunun 20-si legionerdirsə, biz özümüzdən soruşmalıyıq: sabah milli komandanın heyətini kim formalaşdıracaq? AFFA-nın qarşısında duran əsas sual artıq “Premyer Liqanı necə gücləndirək?” deyil. Əsas sual məhz budu: Azərbaycan Premyer Liqası Azərbaycan futbolçusunu necə yetişdirəcək?

Çünki legionerlərin sayını artırmaqla çempionatın səviyyəsini müəyyən qədər yüksəltmək olar. Amma bunun hesabına yerli futbolçunun inkişaf yolunu bağlayırsansa, uzunmüddətli perspektivdə öz milli komandanı zəiflədirsən. Bu günkü açılış oyunu məhz buna görə sadəcə bir futbol qarşılaşması deyil. Bu, AFFA-nın verdiyi qərarın qarşısında qoyulan ilk ciddi sualdı. Və hələ başlanğıcdı.

Əgər indidən tədbir görülməsə, bu gün meydanda gördüyümüz iki azərbaycanlı futbolçu sabah Azərbaycan futbolunun özündə belə azlıqda qala bilər. Onda artıq gec olacaq. Çünki legioneri pulla gətirmək olar. Amma itirilmiş futbolçu nəslini pulla geri qaytarmaq mümkün deyil.

Xəzər RÜSTƏMLİ

Azərbaycan çempionatında azərbaycanlı futbolçu niyə qonaqdı? — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!