"AZAL"ın bazardakı dominant mövqeyi, aeroportdakı xidmətlər, onların qiymətləri və tarifləri üzərində hökmranlığı Bakıya gediş-gəlişi çətinləşdirir.
Odur ki, Avropadakı azarkeşlər final oyunlarının Bakıya salınmasından narazılılıq edirlər.
Nəticədə Bakıda keçiriləcək Avro Liqa final oyunundan da ən çox qazanan gürcülər olacaq.
Azərbaycanın paytaxtında bir neçə gündən sonra keçiriləcək Avro Liqa finalına dair müzakirələr yalnız daxildə deyil, həm də xaricdə qızışır. İngiltərənin “The Times” nəşrinin yaydığı məlumata görə, klublar onlara ayırılan biletlərin hamısını sata bilməyiblər. Belə ki, finala çıxan komandaların azarkeşlərinə ayrılan 12 min biletin cəmisi 8 mini satılıb, satılmayan 4 min bilet Azərbaycana qaytarılıb. Əslində baş verənləri “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın oyuna qatılmaması ilə əlaqələndirmək düzgün deyildir. Baxmayaraq ki, bu məsələ ətrafında gedən müzakirələr Azərbaycanın nüfuzuna pis təsir göstərdi, Mxitaryanın adı ilə manipulyasiyalarda ermənilər yenə də üstün mövqe qazandı, əgər Mxitaryan bundan əvvəl “Arsenal”ın Bakıda keçirdiyi 2 oyundan heç olmazsa birində iştirak etsəydi, yəqin ki, UEFA finalında iştirakdan imtina bağlı onun bəhanələri uğursuz, bizim arqumentlərimiz isə güclü görsənərdi.
Biletlərin Avropada az satılmasına gəlincə, onun başlıca səbəblərindən biri Avropadan, xüsusilə də Londandan Bakıya olan uçuşların az və uyğun olmaması ilə əlaqədardır. Belə ki, milyonlarla izləyiciləri olan Arsenalın Youtube kanalında gedən müzakirələrə görə Londondan Bakıya həftədə 2 dəfə uçuş vardır ki, onlar da oyun tarixlərinə uyğun deyildir. Odur ki, bu marşrutla Bakıya hərəkət edən ingilis azarkeş Bakıda ən azı 2 gün çox qalmaldır. Bu da təbii ki, əlavə xərcdir. Bu xərcləri Bakıda qarşılamaq hətta ingilislər üçün çətindir, çünki, paytaxtda ən çox ziyarətçi qəbul edən mehmanxanalar 5 ulduzlu brendlərdir ki, onların da qiyməti hətta ingilsi azarkeşləri üçün də yüksəkdir.
Göründüyü kimi, Azərbaycan ev sahibliyi etdiyi çox mötəbər idman yarışına hazır deyil. Baxmayaraq ki, son 15 ildə tikinti və nəqliyyat sektoruna 100 milyard manata qədər vəsait xərclənib, amma indiyədək ölkənin paytaxt şəhərində 10 minlərlə turisti eyni zamanda yerləşdirmək üçün infrastruktur formalaşmayb.
Bundan əlavə "AZAL" Dövlət Konserni bu ərəfədə uçuşların və marşurtların sayını artırmayıb. Bakıya, xüsusilə də Avropadan gəlmək və vaxtında geri dönmək çox müşkül işə çevrilib. Odur ki, milyonlarla izləyiciləri olan Arsenalın Youtube kanalında və digər kanallarda azarkeşlər final oyunlarının Bakıya salınmasından narazılıqlarını ifadə edirlər. Hesab edirəm ki, birincisi,nə qədər gec deyil, "AZAL" Avropadan Bakıya və Bakıdan da Avropaya, xüsusilə də Londona və geriyə uçuşlarının sayını artırmalıdır.
İkincisi, "AZAL"ın bazardakı inhisarçılığına son qoyulmalıdır. Məhz, "AZAL"ın monopoliyasının nəticəsidir ki, Avropadan Gürcüstaan uçuşların və marşrutların sayı dəfələrlə çoxdur. Məsələn, Vizz Air Londondan Kutaisiyə reyslər açıb. Amma bizim regionda yerləşən hava limanları fəaliyyətsiz qalıb. Çünki, məhs "AZAL"ın bazardakı dominant mövqeyi, aeroportdakı xidmətlər, onların qiymətləri və tarifləri üzərində hökmranlığı bu sahədə inkişafın qarşısını alır. Vaxtilə Bakıya uçan KLM, British Air, BMİ, Avstriya Hava Yolları, Çex Hava Yolları bu marşrutlarını bağlayıb və istiqamətlərini Tbilisiyə və Kutasiyə çeviriblər. Elə görünür ki, bir neçə gündən sonra Bakıda keçiriləcək UEFA final oyunlarından da ən çox qazanan gürcülər olacaq.
Nəhayət, 2012-ci ildə Eurovision, 2015-ci ildə 1-ci Avropa Oyunları, 2019-cu ildə də UEFA liqası final oyunları göstərdi ki, bu kimi tədbirlər Azərbaycanı beynəlxalq mətbuatın gündəminə gətirir və bir çox hallarda da xarici nəşrlərdə dövlətin nüfuzunu aşağılayan yazılar dərc olunur. Belə yazılardan biri də bu günlərdə Britaniyanın “The Independent” qəzetində “Henrix Mxitarayan, Bakı və nədən idmanıa siyasəti bir-birindən ayrmaq olmaz”(https://www.independent.co.uk/sport/football/european/chelsea-vs-arsenal-europa-league-final-henrikh-mkhitaryan-baku-politics-a8929576.html) adı ilə çap edilib.
Qubad İBADOĞLU




Fikirlərini bizimlə bölüş!