Türkiyə 1-ci Liqasının dünən başa çatan oyunları yenə böyük səs-küyə səbəb olub. Son turda azərbaycanlıların kompakt yaşadığı Iğdır səfərinə yollanan “Amedspor” bu mövsüm Superliqaya vəsiqə qazanan ikinci klub olub. Lakin Diyarbəkir təmsilçisi tarixində ilk dəfə elitaya yüksəlmək şansını az qala əldən verirdi. Belə ki, heç bir turnir motivasiyası olmamasına baxmayaraq, “Iğdırspor” rəqibinə ciddi müqavimət göstərərək onlara “badalaq vurub” (3:3). Yalnız əsas rəqibləri olan “Esenler Erokspor”un da xal itirməsi nəticəsində qonaqlar hədəflərinə çata biliblər.
Türkiyənin kürd icmasının bir növ “milli komandası” statusunda qəbul edilən “Amedspor”un uğuru nəinki Diyarbəkir və ətraf bölgələrdə, eləcə də Türkiyənin bir çox iri şəhərlərində ölkənin ikinci ən böyük etnik qrupu tərəfindən böyük coşqu ilə qeyd edilib. Amma separatçı meyllərə rəğbət bəslədiyi üçün türklər tərəfindən xoş qarşılanmayan bu klubun Superliqaya yüksəlməsi ciddi qalmaqallarla müşayiət olunub.
Bu gərginlikdən Iğdır da nəsibini alıb. Final fitindən sonra meydana daxil olan “Amedspor” tərəfdarları Superliqa sevincini qeyd etməklə kifayətlənməyərək, azlıqda qalan yerli azarkeşlərin tribunalarına hücum çəkiblər. Məlum olub ki, kürd fanatlar “Iğdırspor”un oyunu onlara “hədiyyə edəcəyini” gözləyirmiş. Bundan əlavə, ığdırlıların stadionda Türkiyə, Azərbaycan, Səlcuq və Göytürk bayraqlarını dalğalandırması, eləcə də millətçi şüarlar səsləndirməsi separatçıları tamamilə özündən çıxarıb.
Xüsusilə yerli tərəfdarların “Payeqan” qrupu (əski türkcədə “piyada” mənasını verən və Səfəvi ordusunun avanqardında yer alan dəstə) qonaqların əsas hədəfinə çevrilib. Yalnız asayiş keşikçilərinin müdaxiləsi sayəsində davanın daha da böyüməsinin qarşısı alınıb.
Eynilə Qars kimi, Azərbaycan türklərinin əzəli yurdu olan 200 minlik Iğdır şəhəri və ətrafında demoqrafik vəziyyət son illərdə əhəmiyyətli dərəcədə dəyişib. Digər bölgələrdən kürd əhalinin kütləvi axını nəticəsində onların sayı soydaşlarımızla demək olar ki, bərabərləşib. Şəhərdə yaşayan kürdlərin də “Amedspor”a dəstək verməsi səbəbindən ığdırlılar öz meydanlarında azlıqda qalıblar.
Qeyd edək ki, “Iğdırspor”un sponsoru “Alagöz Holdinq”di. Şirkətin və klubun rəhbəri isə millət vəkili, soydaşımız Cantürk Alagözdür. O, Iğdırın sırf azərbaycanlılardan ibarət Qaraqoyunlu ilçəsindəndi.
Cantürk bəy ötən il 6000 nəfərlik yeni müasir arena inşa etdirərək klubun qarşısına iddialı hədəflər qoyub. Bu il məqsədə nail olunmasa da, növbəti mövsümlərdə soydaşlarımızın komandasını Superliqada görəcəyimizə ümid edirik.

Fikirlərini bizimlə bölüş!