Bəhlul fərqi…

Zaman-zaman yerli futbolçuların mətbuat və azarkeşlərlə kommunikasiyasındakı problemlərdən danışmışıq.

Təəssüf ki, futbolçularımızın əksəriyyətində bu çatışmazlıq var. Amma yaxşı nümunələr də yox deyil. Onların başında isə Bəhlul Mustafazadə gəlir.

Ən çətin məqamda belə bu futbolçu mikrofon önünə keçib, fikirlərini doğru-dürüst çatdırmağı bacarır.

Məsələn, son Gəncə səfərini götürək. Komanda uğursuz nəticə əldə etdi. Artıq beş oyundur “Qarabağ”da işlər yolunda getmir, dörd qarşılaşmadır qol vurmaq mümkün olmur.

Belə bir məqamda hətta Qurban Qurbanov da mətbuat konfransında danışmağın çətin olduğunu, deyilənlərin bəhanə kimi qəbul ediləcəyini bildirdi.

Həqiqətən də çətindir. Uğurlu nəticələr əldə edəndə nə desən, qəbul olunacaq. Hətta reallıqdan uzaq fikirlər də alqışlana bilər. Əsl çətinlik isə belə situasiyalarda media önünə çıxıb fikirlərini doğru, səlis və səmimi şəkildə çatdırmaqdır.

Bəhlul Mustafazadə belə şərtlər altında da tərəddüd etmədən Gəncədə qarşımıza çıxdı.

Üç dəqiqə 27 saniyəlik müsahibəsinin demək olar hər saniyəsini qələmə almağa sadəcə məcbur qaldım.

Bəzən elə müsahibə olur ki, 10 dəqiqəlik danışığından ən yaxşı halda 10-15 cümlə seçə bilirsən. Bəhlulun isə hər cümləsində bir mesaj var idi.

Fikirlərini o qədər dəqiq, dürüst və səlis çatdırır ki…

Bəzən bir cümləsi ilə komanda yoldaşlarına sərt mesaj verir, digər cümləsi ilə onlara dəstək olduğunu göstərir.

Nə özünü sığortalamağa çalışdı, nə də məsuliyyəti başqalarının üzərinə atdı.

Bəzən yerli futbolçuları tənqid edəndə dəyərli dostlarımız legioner limitinin ləğvinə qarşı çıxmağımı qabardır.

Sanki limit olanda yerli futbolçular həddindən artıq "şişir, ona görə də limitin ləğvi onlar üçün daha yaxşıdır ki, bir az ağıllansınlar.

Yox, əzizlər, mənim yanaşmam fərqlidir. Dəfələrlə demişəm, təkrar yazıram – Limitin olub-olmaması futbolçu yetişdirən, onu əhilləşdirən mexanizm deyil.

Bəhlul Mustafazadə limitin mövcud olduğu dövrdə yetişən ən yaxşı nümunələrdən biridir. Limit olanda da, olmayanda da öz duruşunu qorumağı bacarır.

Bəhlul kimi futbolçuların məsələsi təkcə meydandakı performansı ilə bitmir. Mən daha çox onların meydandan kənardakı davranışlarını qabartmağa çalışıram. Müasir futbolda böyümək yolunda bu çox vacibdir.

Belə futbolçuların azlığının səbəbini nə limitin mövcudluğunda, nə də ləğvində axtarmaq lazımdır. Bunun əsas səbəbi klublarımızın olmayan akademiyalarıdır.

Orada vəziyyət sıfırın altındadır. Kiçik istisnaları çıxmaq şərtilə nə psixoloq var, nə normal məşqçilər, nə lazımı infrastruktur, nə düzgün qidalanma, nə də sağlam idman rejimi.

Çünki klublarımızın hamısında, altını cızaraq deyirəm ha HAMISINDA akademiya anlayışı yalnız ad olaraq mövcuddur.

Daha doğrusu, buna lisenziya tələblərini qarşılamaq üçün formal şəkildə saxlanılan aşağı yaş qrupları demək daha doğru olar.

Bəs Bəhlul necə bu səviyyəyə gəlib çatıb?

Təbii ki, burada Qurban Qurbanovun və “Qarabağ”ın böyük əməyi var.

Ondan əvvəl yetişdiyi “Qəbələ” akademiyasının da futbolçunun formalaşmasında payı çox olub.

Amma ən böyük zəhmət, şübhəsiz ki, Bəhlulun özünə məxsusdur.

Çünki bu futbolçu daim üzərində işləyir, mütaliə edir, kitab oxuyur, dünyagörüşünü artırır.

Formasının zirvəsində olduğu vaxtlarda belə öz duruşunu qorumağı bacarır. Uğur onu dəyişmir, məsuliyyətdən qaçmır, çətin gündə də ortaya çıxmağa üzü, sözü olur.

Bir çox hallarda əcnəbi futbolçuları yerlilərimizə nümunə göstəririk.

Özümüzün də nümunələrimiz az deyil. Sadəcə, bu nümunələrin sayını artırmalıyıq.

Bunun üçünsə ilk növbədə klublarımız işləməlidir. Futbolçu yalnız meydanda top oynamağı deyil, peşəkar olmağı, danışmağı, davranmağı, məsuliyyət daşımağı da öyrənməlidir. Hər kəs Bəhlul kimi özünü fərdi olaraq inkişaf etdirə bilməz. Bunun kütləvi olmasının yeganə yolu akademiyaların qurulmasından keçir.

Ən azı ölkənin 5-6 fərqli bölgəsində (Şimal, Cənub, Qərb mütləq siyahıda olmalıdır) vicdanla çalışan əsl akademiyalar qurulmadıqca şəxsən mən yerli uşaqların ən pisinin də yanında olacam. Bəli, lazım olanda sərt təndiq də edəcəm, amma onları ən sonuncu günahkar gözündə görəcəm.

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.