Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bəs sonra?

Cərimə meydançasında heç kimin mane olmadığı Efremin “qayçı” zərbəsindən sonra Yannunun qapıya göndərdiyi topun dığırlana-dığırlana xətti keçdiyi o məşum 88-ci dəqiqəyə qədər bütün kartlar öz əlimizdə idi. Amma məhz o anda bütün kartları pasa atdıq və Qarabağ məsələsi kimi, “Qarabağ”ın da taleyi artıq başqalarının, yəni “Sevilya”, APOEL və “Düdelanj”ın əlindədi. Qarşıdakı dörd oyunla bağlı istənilən qədər variant tapmaq, rəqəmləri çək-çevir etmək, oxucuları-futbolsevərləri ovudası hansısa məqamlar tapmaq olar. Amma düzünü deyəcəm: bütün bunları yazmaq üçün ilk növbədə müəllif özünü nikbin ovqata kökləməlidi ki, oyun bitən andan indiyə qədər nə qədər çalışsam da, bunu bacarmıram.
Əziz oxucular və dostlar! Gəlin bir məqamı bəribaşdan razılaşdıraq ki, öz uğursuzluğumuza, yəni “Qarabağ”ın iki oyunda APOEL-dən cəmi 1 xal almasına görə başqalarında günah axtarmaq, növbəti oyunlarda avropalıları mümkün sövdələşmələr üzündən suçlamaq haqqımız yoxdu. Hər bir komandanın turnir maraqları var və həmin maraqlar çərçivəsində hərəkət edir. “Sevilya” Avroliqada yaza vəsiqəni təmin edibsə, La Liqada isə ən yüksək yerlər uğrunda mübarizə aparırsa, sabah biz necə əndəlüslərə deyə bilərik ki, “Qarabağ”a görə meydanda can qoy və ya vicdanını itirmə? Təbii ki, “Düdelanj”dan da nəsə ummağa dəyməz. Bu gün də şansını itirməyən, “Qarabağ”la Bakıdakı oyuna turnir cədvəlində APOEL-dən və ağdamlılardan öndə çıxmağa çalışacaq lüksemburqlular, yəqin ki, bacardıqlarını edəcəklər. Sadəcə, narahatlıq doğuran məqam budu ki, Kipr yunanları bu gün onlardan obyektiv şəkildə güclüdülər.
Razılaşmalı olduğumuz 2-ci məqam budu ki, “Qarabağ” APOEL-dən zəif təsir bağışlasaydı, qol vəziyyətlərinin sayına və başqa oyun komponentlərinə görə rəqibə uduzmağın nəticəsi kimi meydandan xalsız ayrılsaydı, məğlubiyyəti təbii qəbul edər, hansısa elementlər üzərində daha çox çalışmağın zəruriliyini anlayardıq. İş onadı ki, istər avqustda və oktyabrda Bakıda keçirilən, istərsə son oyunda ağdamlılar güclü və meydanda daha çox qol vəziyyəti yaradan tərəf idi. Əlbəttə, futbolda qol vəziyyətlərinin sayına görə komandalara əlavə xal verilmir və indi bu məqamdan yalnız yüngül təsəlli kimi yapışmağa məcburuq.
Üstün olduğumuz oyunlarda hədəfə çata bilmiriksə, deməli, ortada hansısa ciddi səbəblər var. Güman edirəm ki, fikrim kimlərsə önəmlidi. Önəmli sayırsızsa, deyim ki, futbol əslində hər bir fərdin, adamın, şəxsin xarakterinin meydandakı əksidi. Yəni çox nadir nümunələr tapmaq olar ki, xaraktercə ciddi, intizamlı adam meydanda qeyri-ciddi olsun və ya əksinə. Dediyim odu ki, Araz Abdullayev bundan sonra 50 il də futbol oynasa, hər kəsə bəlli qeyri-ciddiliyindən əl çəkməyəcək. Standart vəziyyətlərin komandanın yaralı yeri olduğunu bilə-bilə, normal axarda gedən oyunda heç nədən rəqibə korner qazandıran adamı şəxsən mən ciddi futbolçu kimi qəbul edə bilmərəm. Məni məzur tutun, amma gerçəklik belədi. Və ya qapımıza 2-ci qola səbəb olan epizodu xatırlayaq. Niyə Efrem sərbəst şəkildə cərimə meydançasında “qayçı” zərbəsi vura bilir, niyə həmin anda qapının sağ küncündə kimsə dayanmamışdı, niyə illərin təcrübəsi Almeyda Ayltona elə ehtiyatsız və yersiz ötürmə verməliydi ki? Özüm həmin gündən bu qədər “niyə”nin içində boğularam, indi sizin də havanız çatmayacaq.
Mənə və güman edirəm ki, rasional düşünməyi bacaran hər kəsə çatmayan daha bir məqam var. İkinci hissənin əvvəlindən, daha dəqiqi, cavab qolunun vurulduğu 59-cu dəqiqədən etibarən birmənalı şəkildə geri çəkilməyi, rəqibi meydanın özünə aid hissəsində qarşılamağı “Qarabağ”a yaraşdırmadım. APOEL bizdən güclü olsaydı, belə qorxaqlığı qəbul edərdim. Amma ilk yarını tam boşa verən, faktiki bir dəfə də yüzfaizlik qol vəziyyəti yarada bilməyən rəqibi özündən üstün sayırsansa, nəsibin məğlubiyyətin, ümid yerin “Düdelanj” olur.
Bildiyiniz kimi, son vaxtlar qitə futbol qurumu daha çox pul qazanmaq naminə avrokuboklar üzərində hər cür eksperiment aparır. UEFA-nın son islahatlarının ardından Allah bilir bir də nə vaxt Azərbaycan klublarının əlinə avrokuboklarda yaza qalmaq baxımından belə gözəl şans düşəcək. Təəssüf ki, bu gün üçün əlimizdə ümiddən başqa heç nə yoxdu. Bir də hər kəsə “mübarizə hələ bitməyib” deyən Qurban Qurbanovun nikbinliyindən arzulayardım. Bitib, yoxsa bitməyib? “Qarabağ” yalnız bu suala “yox” cavabı verəcəyi halda aradakı pərtliyi unutdura bilər. Yoxsa illər keçəndən sonra da bizə APOEL-in üç ay ərzində ölkəmizin çempionunu iki dəfə cəzalandırmasını unutmaq çətin olacaq. Çox, çox çətin!

Fikirlərini bizimlə bölüş!